14 İyul 2015 18:59

İrandan Azərbaycana külli miqdarda narkotik gətirməkdə ittiham olunan Lənkəran şəhər sakini Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaq materiallarına görə, 1983-cü il təvəllüdlü Elnur Məmmədov 2012-ci ilin noyabr ayında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri İrandan gətirmək barədə Amil Əzizov ilə razılığa gəlib. O, qaçaqmalçılıq yolu ilə gətirilmiş müxtəlif çəkili 12 bağlamada 12200 qram həşiş qətranı satmaq üçün əldə edib və idman çantasında Amil Əzizovun “Mercedes” markalı maşınında saxlayıb.

Elnur Məmmədov narkotiki noyabrın 19-da, saat 17.30 radələrində Lənkəran şəhərindəki “Ləvəngi dairəsi” adlanan ərazidən Digah kəndi istiqamətində gedən yolun təqribən 1 kilometrliyinə gətirib və Amil Əzizova təhvil verib. Amil Əzizov həşişi “Mehman” adı ilə şərti alıcı kimi cəlb edilmiş Dövlət Gömrük Komitəsi əməkdaşı M.Ə.-yə satarkən yaxalanıb.

Elnur həmin vaxt Amil Əzizovun yaxalandığını görərək hadisə yerindən qaçıb.

Amil Əzizov Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunub. Elnur Məmmədov isə həmin maddələr üzrə axtarışda olub və ötən il həbs olunaraq istintaqa təhvil verilib.

Alıcı tap, narkotik apar...

Elnur Məmmədovun cinayət işinin materialları baxılmaq üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkum olunmuş Amil Əzizov ifadə verib. O, bildirib ki, avtomaşın alqı-satqısı ilə məşğul olub: “Lakin bu işdə çox xeyir götürə bilmədim və banklara çoxlu borcum yarandı. Dolanışığım pisləşdiyindən başqa yolla pul qazanmaq haqda fikirləşdim. Əvvəllər Lənkəran-Bakı marşrutu üzrə taksi işlətmiş Elnur adlı köhnə tanışımın İrandan Azərbaycana qaçaq yolla narkotik maddələr gətirdiyini və burada satışını təşkil etdiyini eşitmişdim. Həbs edilməmişdən bir-neçə ay əvvəl zəng edərək Elnurla görüşdüm.

Alıcı tapacağım halda mənə narkotik təşkil edib-etməyəcəyini soruşdum. O, nə zaman lazım olsa, narkotik təşkil edəcəyini dedi.

Bu söhbətdən sonra “Füzuli” deyə çağırdığım, əsl adı Əzizağa olan şəxslə məhəllədə təsadüfən rastlaşdım və ona əgər adamı varsa, narkotik təşkil edə biləcəyimi, sata bilsə, ona da pul verəcəyimi söylədim. Füzuli adam tapmaq üçün maraqlanacağını bildirdi. Buna görə məndən pul da istəmədi. Sadəcə, şikəst oğlu üçün protez ayaq almaqda kömək göstərməyimi xahiş elədi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, ertəsi gün Füzuli Rusiyaya aparmaq üçün 10-15 kiloqram həşiş qətranı istəyən adam tapdığını deyib: “Bundan sonra Elnurla görüşdüm, Füzuli ilə aramızda olan söhbəti danışdım. Elnur ”mal", yəni narkotik hazır olan kimi xəbər verəcəyini bildirdi. Daha sonra Füzuli ilə görüşərkən narkotiki Mehman adlı tanışının almaq istədiyini deyib onun telefon nömrəsini verdi.

Bir-neçə gün sonra Elnur zəng edib, 7 kiloqram tiryəki olduğunu, bir kiloqramını 5000 manata verdiyini dedi. Mehmana zəng etdim, Füzulinin evində onunla görüşdüm".

“Elnurdan ”mal"ın harada olduğunu soruşdum"

Amil Əzizovun sözlərinə görə, bir neçə gün sonra Elnur zəng edərək 15 kiloqram həşiş qətranı düzəltdiyini, bir kiloqramını 2000 manata verdiyini deyib: “Mən də Mehmana zəng vurdum, Elnurun dediklərini ona çatdırdım. Dedim ki, hər kiloqram narkotikdən 200 manat özümə götürmək üçün həşiş qətranının 1 kiloqramının qiyməti 2200 manatdır. Mehmanla noyabrın 18-də görüşməyə razılaşdıq, lakin həmin gün gələ bilmədi. Buna görə də görüşü noyabrın 19-a təxirə saldıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 19-da, günortadan sonra Füzuli ilə Lənkəranın “Ləvəngi dairəsi” adlanan yerinə gediblər. Orada Mehmanın avtomaşınına minib, sonra Elnura zəng edib: “Elnurdan ”mal"ı Digaha gedən yola gətirməyini xahiş etdim. Mehman avtomaşını Digah istiqamətində təxminən 1 kilometr sürəndən sonra saxladı. Bir qədər sonra Elnur “Mercedes”lə oraya gəldi və maşınını 2-3 metr aralıda saxladı. Həmin vaxt Elnur avtomaşından düşməmişdi. Elnura yaxınlaşaraq “mal”ın harada olduğunu soruşdum. Elnur “mal”ın qabaq oturacağın üstündə olduğunu bildirdi. O, pəncərənin şüşəsini aşağı saldı və qabaq sərnişin oturacağının üzərindəki idman çantasını götürdüm.

Mehman da öz avtomaşınının yük yerini açdı və çantanı oraya qoydum. Mehmanın yanında olan digər şəxs çantanı açaraq içinə nəzər yetirdikdən sonra vəsiqəsini təqdim etdi və məni tutdular. Bu zaman Elnur avtomaşını cəld sürərək həmin yerdən uzaqlaşdı".

“Satmışam, amma istifadə etməmişəm”

Amil Əzizov bildirib ki, sonra onlar birlikdə Bakı şəhərinə, Dövlət Gömrük Komitəsinə gəliblər: “Dövlət Gömrük Komitəsində çantaya baxış keçirilərkən məlum oldu ki, çantanın içərisində 12 ədəd bağlama var. Həmin bağlamalar elektron tərəzidə çəkildi, qablaşdırması ilə birlikdə çəkisi 12 kilo 310 qram gəldi.

Satmaq istədiyim bu narkotik vasitənin respublika ərazisinə nə zaman, hansı üsulla gətirilməsi barədə heç bir məlumatım olmayıb. Həmin maddənin İrandan gəldiyini bilsəm də, hansı üsulla, nə zaman, kimin tərəfindən gətirildiyini bilməmişəm. Heç zaman narkotik vasitələrdən istifadə etməmişəm".

Digər təqsirləndirilən Elnur Məmmədov da elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində İrandan Azərbaycana narkotik vasitə gətirdiyini və burada satdığını etiraf edib. Bildirib ki, iranlılarla əlaqə saxlayıb, onlar narkotiki sərhəddən Azərbaycana keçiriblər və ona təhvil veriblər. O, törətdiyi əməldən peşman olduğunu qeyd edib.

Məhkəmənin hökmü ilə Elnur Məmmədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...