Oktyabrın 22-dən 30-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festival Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və The landmark hotel Baku” otelinin təşkilatçılığı ilə keçiriləcək. Festivalın rəsmi açılışı və ilk konserti oktyabrın 22-də “Rotunda Jazz Club”da olacaq.
Tamaşaçıların qarşısında Qabriel Qrossi triosu (Braziliya) çıxış edəcək. Daha sonra isə “Jam session” olacaq.
Açılış münasibətilə rəssam Vüqar Əlinin caz sənətinə həsr etdiyi əsərləri, habelə fotoqraf Arkadi Mitnikin (Hollandiya) işləri də sərgilənəcək. Festival proqramında Qabriel Qrossi triosu (Braziliya), İrakli Koyava və Levan Kemulariya dueti (Gürcüstan), “Plunge” triosu (İsveç), Antonio Lizana qrupu (İspaniya), Pyer de Treqomayn kvarteti (Fransa), Debora Karter kvinteti (Hollandiya), Eren Coşkuner kvarteti (Türkiyə), “Linley Marthe & Friends” (Fransa) qrupu, Albert Hera (İtaliya), Atanas Dinovski və Pol Şubert dueti (Makedoniya-Avstriya), Tord Qustavsen kvarteti (Norveç), Levan Kemulariya triosu (Gürcüstan), Rain Sultanov və İsfar Sarabski (Azərbaycan), eləcə də ölkəmizin gənc istedadlı musiqiçiləri, Sebastyan Studnitski triosu, eləcə də Sebastyan Studnitski “Memento” simli kvarteti (Almaniya-Azərbaycan), “Djabe” (Macarıstan), “Takumi's Trick With Asian Friends” (Yaponiya), “Dainius Pulauskas” (Litva) qrupları, “Grzech Piotrowski” (Polşa-Azərbaycan) kvarteti, “Musica Ficta” (Kolumbiya) qrupu, Denis Fontura (Braziliya) və dicey Tomasın çıxışları yer alıb.
Festival boyu 64 tədbir nəzərdə tutulub. Konsertlər “Rotunda Jazz Club”da, İçərişəhərdə “Art Club”da, Beynəlxalq Muğam Mərkəzində, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında baş tutacaq. Bakı Beynəlxalq Caz Festivalı Norveç, Yaponiya, Almaniya, Kolumbiya, Avstriya, Fransa, İspaniya səfirlikləri, Türkiyə Xarici İşlər Nazirliyi və Bakıda Fransız liseyinin dəstəyi ilə təşkil ediləcək.