Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva Teleqraf.com-un suallarını cavablandırıb. Onunla söhbətə 1978-ci ildən çalışdığı Akademik Milli Dram Teatrının indiki durumundan başladıq.
-Teatrdakı yeniliyi necə qarşıladınız?
-Mən deməzdim ki, Azər Paşa Nemətov Akademik Milli Dram Teatrı üçün yeni simadı. Çünki o, daim bizim teatrda tamaşalar hazırlayıb, biz aktyor-aktrisalar da o səhnə əsərlərində çıxış etmişik. Bəli, rəhbərliyə gəlişi yenilik idi. Ümumiyyətlə isə Azər Paşa “Azdrama”nın daimi rejissoru kimi bizə çox yaxın, əziz insandır.
-“Azdrama”nın İsrafil İsrafilovun rəhbərliyindəki 5 ilini necə xatırlayırsınız?
-Bu barədə danışmaq istəmirəm. Bu məsələdə mənim özüməməxsus fikirlərim var. Müəyyən aktyorların İsrafil İsrafilovla mənfi münasibəti olub. Mənsə İsrafil müəllimlə həmişə normal yaradıcı münasibət saxlamışam. Axıra qədər belə davam edib. O söz-söhbətlərə heç vaxt qarışmamışam. Kənardan da izləməmişəm, çünki bu, mənə xas xüsusiyyət deyil. Mən yaradıcı insanam, bu 5 il müddətində də ancaq yaradıcılıqla məşğul olmuşam. Mətbəxdə gedən söhbətlərin mənə aidiyyəti yoxdur.
İndi teatrda normal ab-hava hökm sürür. Bu yaxınlarda teatrda Azər Paşa müəllimin quruluşunda Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri çox böyük uğurla oynanıldı. Bu yaxınlarda daha bir tamaşa – “Müfəttiş” də təhvil veriləcək. Aktyorların işi nədən ibarətdir? Ancaq başını aşağı salıb öz peşəsini icra etmək, istedad dərəcələrinə görə rollar almaq.
Mən klassik əsərlərin səhnədə olmasına tərəfdaram. Elə özüm də çox vaxt klassik əsərlərdə rol almışam. Belə bir söz var: aktyor klassik əsərlərdə yetişir. Ona görə ki, orda geniş imkanlar var, üstəlik, klassiklərimiz səhnə həllini elə yazıblar, aktyor sadəcə onu oynamalıdır. Bunun üçünsə aktyorun yüksək dərəcədə istedadı, səs tembri, plastikası olmalıdır.
-Siz “Müfəttiş”də çıxış etmirsiniz?
-Yeni tamaşalarda rolum olmadı. Amma mən repertuarda üç tamaşada çıxış edirəm. Əgər aktyorun repertuarda üç tamaşası varsa, bu, yaxşı haldır. Hazırda “Anamın kitabı” tamaşasında Ananı, “Xanuma”da nənəni və bir də “Qatil”də oynayıram.
-Deyəsən, dövlət sifarişi ilə çəkilən filmlərdən hələ də təklif yoxdur...
-İndi Azərbaycanda ciddi filmlər nadir hallarda çəkilir. Prodakşnlar, bir az əlinə pul düşən insanlar film çəkir, amma mən onları film hesab etmirəm, orda çəkilmək arzusunda da deyiləm. Ciddi rejissorlar - Vaqif Mustafayev, Elxan Cəfərov, Əbdül Mahmudov, Elxan Qasımov sabah film çəksələr, böyük məmnuniyyətlə rol almaq istəyərəm. Xarici ölkələrdən gəlib Bakıda film çəkmək istəyən qruplarla işləmək istərdim. Bir sözlə, ciddi insanlarla, ciddi mövzusu olan filmlərdə birgə çalışmaq arzum var. Çox təəssüf ki, film sarıdan kasadıq.
-Kommersiya filmlərindən təklif gələndə onlara cavabınız necə olur?
-Birincisi o filmlərdə mənə rol təklif etməyiblər. Elə anlaşılmasın ki, mən onların şəxsiyyətləri haqda nəsə deyirəm, əsla. Çünki hamının şəxsiyyətinə hörmətlə yanaşan insanam, sadəcə onların gördüyü iş məni qane etmir. Bu barədə danışmağa mənim haqqım çatır. 38 ildir, bu sənətdə çalışıram, respublikanın xalq artistiyəm, Prezident təqaüdçüsüyəm. Bu uğurları əldə etmək üçün çox böyük zəhmət çəkmişəm.
Amma mən o cür filmlərə sənət əsəri kimi yanaşa bilmirəm. Müəyyən kütlə o filmləri sevə bilər, amma hesab edirəm ki, kütləni çaşdırmaq lazım deyil. O filmləri istehsalata, kinoteatrlara buraxan insanlar nə düşünüb bunu edirlər, bilmirəm.
Amma o filmlərə çəkilənlərin də hər biri ayrılıqda çox istedadlı insanlardır, onlar güclü rejissorun əlinə düşsələr, yaxşı nəticə ortaya çıxar. Sadəcə rejissor, aktyor sənətinin incəliklərini bilmədiklərinə görə necə gəldi çəkirlər, çəkilirlər.
-Bildiyim qədər “Aramızda qalsın” hələlik son serialınızdır.
-İndi durğunluqdur, serial da çəkilmir. Təklif gəlsə, seçim edəcəm. Mən tərəf-müqabilimin kim olmasına, mövzuya həmişə fikir verirəm. Bir də açıq deyəcəm, serial təklifi gəlsə verilən qonorarı da nəzərə alacam.
-Azərbaycanda bəlli aktyorların bəlli qonorar məbləği olur. Bilinən qonorarın məbləğindən də aşağı qonorar təklif olunur?
-Azərbaycanda qonorar söhbəti bu günə qədər həll olunmayıb. Azərbaycanda qonorarlar dəhşətli dərəcədə azdır. Bu məsələdə prodüserləri, rejissorları qınamıram, çünki onların da əlində olan məbləğ çox cüzi olur. Onu bilirəm ki, mən heç vaxt yaxşı qonorar almamışam.
-Çoxları əksinə düşünür. Sizin adınızı Azərbaycanda yaxşı qonorar alan aktrisaların siyahısında bilirlər.
-Mən yüksək qonorar istəyirəm. Amma mənim istəyimlə deyil. O qonorarı vermirlər. Bəli, mən qonorarı az olan işlərdə çəkilmirəm. Düşünürəm ki, əgər məni dəvət edirlərsə, deməli, bəyənilib dəvət olunmuşam. Dəvət olunmuşamsa, onda niyə istədiyim qonorarı verməsinlər? Həmişə rejissorlara mesaj göndərmişəm: az qonorarlı filmlərə məni çağırmayın.
-Bizdə çəkilən filmləri, serialların hamısını izləyirsinizmi?
-Bütün serialları izləyirəm, özümdən başqa ikinci bir aktrisa tanımıram ki, mənim kimi seriallara diqqətlə baxsın.
-Bildiyim qədər Xalidə Quliyeva da yeni çəkilən filmləri, serialları müntəzəm izləyir.
-İnanıram. Çünki Xalidə xanım çox ciddi aktrisadır. O həm də çəkilir... Azərbaycanda nə çəkilirsə, nə göstərilirsə, mütləq ona baxmalıyam. Çünki orda çəkilənlər mənim həmkarlarımdır. Baxıram, mənfi-müsbət cəhətləri görürəm. Adətən, həmkarlarımızı qınamıram. Çox istedadlı aktyorlardan düzgün istifadə etməyən rejissorlar var. Rejissor zəif olanda istedadlı aktyorun işi də bəsit görünür.
-Bəzi aktyor və aktrisalar cəsarətlə işləmək istədikləri gənc rejissorların adını çəkirlər. Siz hansı rejissorla çalışmaq istəyərsiniz?
-“Niyyət” filmini çəkən Samir Kərimoğlu ilə işləmək istərdim. O rejissoru ancaq efirlərdə görmüşəm, əyani tanışlığım yoxdur. Onun işi mənə çox maraqlı gəlir. “Niyyət” filmini də bəyənmişdim. Mövzu, çəkiliş etibarı ilə film çox xoşuma gəldi.
-Arzusunda olub, amma oynamadıqları rolları qəbiristanlıqda basdırılmış rollar hesab edən həmkarlarınız var. Sizin də elə rollarınız çoxdurmu?
-Biri də yoxdur... Siz nə danışırsınız, mən hətta fikrimdə olan rolları belə basdırmaram. O rollar mənim beynimdə, ürəyimdə, arzularımda yaşamalıdır. Heç vaxt deməmişəm və demərəm ki, filan əsərdə filan rolu oynamaq istəyirəm. Kim “O rolun arzusundayam” deyirsə, bu, özünə vurğunluqdan irəli gəlir. Mən rejissoruma çox inanan aktrisayam. Elə rejissorlarla işləmişəm ki, özüm bilmədiyim keyfiyyətlərimi onlar məndə tapıb, üzə çıxarıblar. Belə rejissorlardan biri Vaqif Mustafayevdir. O mənim ağlıma gəlməyən bacarıqlarımı üzə çıxarıb. Yaxud televiziya məkanında Ramiz Həsənoğlu. O mənada hər zaman deyirəm ki, aktyoru, aktrisanı rejissor görməlidir...
-Oğlunuz da incəsənəti seçib, operatorluq sahəsində təhsil alır. Dərsləri necə gedir?
-Dərsləri yaxşı gedir. Oğlumun çəkdiyi filmdə oynamaq istəyirəm. Bu, hər ikimizin arzusudur.
-Sizinlə məsləhətləşəndə daha çox tənqid edirsiniz, yoxsa tərifləyirsiniz?
-Təvazökar insanam. Oğlumun işlərinə həddindən artıq peşəkarcasına yanaşmağa çalışıram. Bəlkə də mənim səhvimdir. Çünki o, hələ öyrənir. Amma heç vaxt boş-boşuna tərifləmərəm.
-Bu yay da Bilgəhdə istirahət edəcəksiniz?
-Yox, bu il Bilgəhə getməyəcəm. Yazıq aktyorların elə maddi imkanı varmı ki, dünyanın hansı ölkəsinə istəsələr getsinlər... Heç kim Nabrandan o tərəfə keçə getmir. Əgər bu il Nabrana getsəm, bu, mənim üçün böyük istirahət olacaq.
Nərmin Muradova