Bu gün əməkdar artist Mehriban Xanlarovanın doğum günüdür. Rayonların birində istirahətdə olan aktrisa Teleqraf.com-un doğum günüylə bağlı suallarını cavablandırıb:
-Doğum günü məclisi artıq başlayıb?
-Hələ ki yox. Axşam tərəfi dostlarla yığışacağıq.
-İçərisində həmkarlarınız da olacaq?
-Sözün düzünü desəm, heç kimi dəvət etməmişəm. Yubileyimdə geniş böyük tədbir keçirəcəm, onda bütün həmkarlarımı dəvət edəcəm.
-Sənət dostlarınızdan kimlər təbrik edib?
-Hələ ki heç kim. Əsas dostlarım, ailəm təbrik edib. Dayaq olduğum insanlardan təbrik almışam. Bu elə mənə bəsdir. Həmişə demişəm, indi də deyirəm, məni sayanın qulu, saymayanın ağasıyam. Mən həmişə insanlara qarşı sadə olmuşam, hörmət etmişəm.
-Bu gündə sizin üçün ən gözəl hədiyyə nədir?
-Qaşsız qızıl. Brilliantsız, sadə.
-Amma yadımdadır ki, brilliant qaşlardan ibarət qızıl boyunbağı alıb, sosial şəbəkədə yerləşdirmişdiniz.
-Doğrudur, amma onu qaytardım. Əvəzində sadə bir qızıl götürdüm.
-Bu gün necə, qızıl hədiyyə edən oldumu?
-Bu dəfə mənə qızıl sırğa hədiyyə etdilər.
-O zaman qızıldan bol olarsınız.
-Qızılım çoxdur, amma saxlamıram. Məni heç çoxlu qızılla birgə efirdə görmüsünüz? Çalışıram ki, mənə verilən qızılları qızıma, nəvəmə verim. İnşallah, yenə qız nəvəm olacaq. Nəvələrimdən ancaq birincisi oğlandır, qalan ikisi qız. Dünyaya gələcək nəvəm də qız olacaq.
-Maşallah, Allah saxlasın. Mehriban xanım, siz nə hədiyyə etməyi xoşlayırsınız?
-Sürpizləri sevirəm. Kiminsə qapısını döyüm, sonra gizlənim, adıma layiq sürpriz hədiyyə edim. Ən çox bunu sevirəm.
-Bu gün Şahmar Ələkbərovun də rəhmətə gedən günüdür. Onu necə xatırlayırsınız?
-Allah ona qəni-qəni rəhmət eləsin. Mənim bu gün çox tanınmağım, filmlərdən, seriallardan, teatrdan gələn qazancım hamısı onun sayəsindədir. Şahmar Ələkbərovun çəkdiyi “Sahilsiz gecə” filmindən indiyə kimi mənə tələbat var. Təki can sağlığımız olub.
O film, o filmdə yaratdığım rolumla bağlı heç bir peşmanlığım olmayıb. Bu gün Şahmar Ələkbərov sağ olsaydı həmin obrazı qəbul edib, sevə-sevə də oynayardım.
-Doğum gününüzü hansı filmin çəkiliş meydançasında qeyd etmisiniz?
-2000-ci ildə TRT 1- nin dəvəti ilə Türkiyədə “Bizim məhəllə” serialında çəkilirdim. Yadımdadır ki, doğum günümdə çəkilişimiz vardı. Yaradıcı heyət yığılıb tort kəsdik və mənə qızıl hədiyyə etdilər. Amma Azərbaycanda doğum günümü çəkiliş meydançasında keçirməmişəm.
Nərmin Muradova