16 Avqust 2016 17:46
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Xalidə Quliyeva yay istirahətinin bir hissəsini Avropanın şəhərlərini gəzməyə həsr edib. Aktrisa oğlu Nəcəflə çıxdığı səyahətin təəssüratlarını Teleqraf.com-a danışıb:

-Bakıdan təyyarəyə minib, Çexiyanın paytaxtı Praqada düşdüm. Oğlum orda yaşayıb işləyir. Səhəri gün tezdən oğlumun kirayə götürdüyü avtomobillə düzəldik yola. Çexiyadan tutmuş İtaliyaya qədər çox yerləri gəzdim: Almaniya, Fransa, İsveçrə, Avstriya, İtaliya.

Uşaqlıqdan xəyalında olduğum Luvr muzeyi, Versal sarayına baş çəkdik, Eyfel qülləsinə çıxdıq. Arzularımı üç həftə içində reallaşdırdım. Maşınla gəzməyin ləzzəti də ayrıdır. Səyahəti planlı şəkildə həyata keçirdik: otellərə əvvəldən sifariş vermişdik.

-Gəzdiyiniz ölkələr arasında ən çox hansı ölkəni bəyəndiniz?

-Fransını çox bəyəndim. Çünki çox genişlikdir. Orda Notr Dam kilsəsinə, Monmartr (Rəssamlar təpəsi- N.M.) deyilən təpəyə getdim. O təpədə bizim İçəri Şəhərə oxşar bir şəhərçik var. Dünyanın ən məşhur yazıçıları, rəssamları ora gəlib, ev kiraləyib işləyirmişlər. Monmartrın ab-havasında onların da aurasını hiss etmək olurdu. Orda rəssamların şəkillərinə baxdıq. Fikirləşəndə ki, Ernest Heminquey burda oturub əsər yazıb, məşhur rəssamlar burda olub, insan həqiqətən duyğulanır.

Mənim pullarımın demək olar ki, hamısı muzeylərə getdi. Muzeylərə giriş haqqı 40-50 avrodur.

-İstirahətiniz üçün pul ayıran insanlardansınız? Yoxsa fikirləşirsiniz ki, bu da bir şans idi, oldu, keçdi.

-İstirahətimə pul ayırıram. İlboyu işləyib, pul toplayıb, yayda istirahətə gedirəm.

-Bəs Avropa insanını necə bəyəndiniz?

-Sizə deyim, orda heç kimin heç kimlə işi yoxdur. Tam sərbəstlik, tam azadlıq var. Metroya girirsən, görürsən ki, kimsə oturub musiqi alətində Motsartı ifa edir. Heç kim heç kimə gözün üstə qaşın var deməz. İnsan orda özünü çox rahat hiss edir.

Praqa ümumiyyətlə, cənnətdi. Meşənin içində yerləşir, əsl mədəniyyət ocağıdır. Avropanın ən böyük kitabxanası orda yerləşir. İnanın, orda mən hər gördüyümə təəccüblənirdim. Necə gözəl incəsənət nümunələri, arxitekturası vardı.

Lüvr muzeyində Miloska Veneranı, Davidi, Pyetanı, Mono Lizanı gördüm. Mikalencelonun Sikstin kapellası tavanının şəkillərini və üç videosunu çəkdim. Əslində orda şəkil çəkməyə icazə verilmirdi, amma mən gizlincə çəkirdim.

Federiko Fellinin “Şirin həyat” filmində Marçello Mastroyaninin qızla birgə içinə girdikləri Trevi fontanını gördüm. Həmçinin məşhur Kolezeydə oldum.

-Səfərdə görmək arzusunda olduğunuz, amma görə bilmədiyiniz şəhər oldumu?

-Əlbəttə... Florensiyaya, Milana getmədim. Belə baxanda, Avropanın əsas şəhərlərini gəzdim.

-Xalidə xanım, sirr deyilsə, bu səfər üçün nə qədər xərc çəkdiniz?

-Çox xərc çıxmadı. Təxminən 3000-3500 avro olardı. Avropada yemək çox bahadır.

O boyda Parisdə marşrut avtobusu görmədim. Rastıma cəmi iki avtobus çıxdı. Biri hətta 88 nömrəli idi. Demək olar ki, hamı metrodan istifadə edir. Fransada hava o qədər təmizdir ki...

Praqa, Nünberq, Hambuqrda metro və tramvay çoxdur. Praqa isə yenə deyirəm cənnətdir. Təkcə havasına görə gedib orda yaşamaq olar.

-Bəs Bakıya qayıtmaq istəyirdinizmi?

-Bakı üçün çox darıxmışdım. Vətəni heç bir yerlə müqayisə etmək olmaz. Bakını çox sevirəm: küçəmizi, evimizi, şəhərimizi. Biz uşaq vaxtı 8-ci kilometrdə yaşayırdıq. Atam bizi hər həftə şəhərə gətirərdi. Elə uşaqlıqdan Bakının vurğunu olmuşam. Heç vaxt düşünməmişdim ki, şəhərin mərkəzində yaşayaram. Amma qismət oldu. Hər gün Bakının küçələrini gəzsəm, köhnə binalarına baxsam yenə də doymaram.

Praqada müasir bina tapmaq olmur, çox gözəl köhnə binaları var. Bizdə də köhnə bina çoxdur, amma gözəl köhnə bina azdır...

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər