1 Sentyabr 2016 14:11
6 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atam Azərbaycanın ilk Azəriydi… Özü sonralar demişdi. Mən nə isə şübhə altına alırdım. Amma sonra gördüm ki, ondan qabaq Azər adına heç yerdə rast gəlinmir. Ailədə danışırdılar ki, babamı həbs eləmişdilər. Onu Stalin həbsdən qurtardı, Moskvaya apardı. Məhəmmədəminin fikri vardı ki, ailəsini də aparsın, amma mümkün olmayıb. Mən bunu bir neçə dəfə danışmışam. Bakıdakı evinə gəlib. Ailəsi ilə görüşüb. Alıb 2 aylıq körpəni qucağına, başının üstünə qaldırıb. Qulağına pıçıldayıb ki, adın Azərdi… Əvvəlcə atamın adını Əliheydər qoymuşdular. Razı olmayıb. Deyib, Azər olmalıdır. Adı Azərdir”.

Bu sözləri müsahibələrinin birində Azərbaycan Cümhuriyyətinin qurucularından Məhəmmədəmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib.

Azər Rəsulzadə Rəsulzadələr ailəsinin başına gələn faciələrdən nəsibini almışdı. Ömrü qürbətdə keçmişdi. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra onu Qazaxıstanda tapdılar və Vətənə gətirdilər. Təəssüf ki, Vətəndə çox yaşaya bilmədi Azər Rəsulzadə.

Rais bəy o günləri belə xatırlayır:

“1988-ci ildə də gəlmişdi bura. Meydanda toplantıları, tonqalları görürdü. Bu, onu təəccübləndirirdi. Bir yandan da çox sevinirdi. Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə də yazışırdı. Onların bir-birlərinə məktubları var. Atam 1991-ci ildə yenə Bakıya gəlmişdi. Xəstələndi. Bir müddət Mərkəzi Klinikada yatdı. Qayıtmazdan qabaq Novxanıya getdi. Ulu babamızın məzarını ziyarət elədi. Gördüm əliylə göstərir ki, məni burda dəfn edərsiniz. Orda da yer az idi. Mən də dedim, nə danışırsan, o yan-bu yan… Getdi dəniz qırağına. Uşaqlıqda gəzdiyi yerlərə baxdı, xatirələrə daldı. Sonra Qazaxıstana getdi. İki ildən sonra ağır xəstələndi. Serroz oldu. Getdim, iki ay başının üstündə oturdum. Mənə deyirdi ki, gedirəm Bakıya. Məni Bakıya apar. Yığışdıq ki, gedək, fikrini dəyişdi. Dedi, yox, mən getmirəm, amma orda dəfn eləyərsiniz məni. Dedim niyə getmək istəmirsən? Dedi, orda məni istəyənlər də var, istəməyənlər də. Qoy məni zəif görməsinlər. Amma hərdən deyərdi ki, nə xoşbəxtlikdir Vətəndə ölmək!.. Böyük xoşbəxtlikdir…(kövrəlir). 1993-cü il iyulun 8-də rəhmətə getdi. Gətirib bir gün sonra Novxanıda torpağa tapşırdıq…”.

Azər Rəsulzadənin faciəsi haqqında çox yazılıb. Biz isə bu yaxınlarda şəxsi kolleksiyamız üçün əldə etdiyimiz nadir videonu Sizlərə təqdim edirik.

Teleqraf.com 1992-ci ildə Məhəmmədəmin Rəsulzadənin 108 illiyi üçün hazırlanmış sənədli filmdən Azər Rəsulzadənin çıxışını təqdim edir.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər