Teleqraf.com yazıçı-publisist Taleh Şahsuvarlı ilə müsahibəni təqdim edir.
Əvvəli burada: http://teleqraf.com/news/109335
– Taleh bəy, Şah İsmayılın fars dilini yüksəltməsini nə ilə izah edirsiniz?
– İspanlar Amerika qitəsindəki And dağlarının ətrafını ələ keçirəndə yerli xalqlar “quipu” adlı bir yazıdan istifadə edirdi. Bu, bizim anladığımız qaydada yazı deyildi, iplərə düyün vurur, bununla mühasibatlıq işləri aparırdılar. Amma dəqiqlik o dərəcədə idi ki, ispanlar orada qurduqları dövlətdə vergi mühasibatını “quipu”dan yararlanaraq aparmağa başladılar. Özləri bu yazıdan istifadə edə bilmədiklərinə görə həmin işi yerlilərə tapşırdılar. Amma tezliklə sorun çıxdı. Yazı və hesablamanı əlində tutan yerlilər məhz bu amilin sayəsində ispanları sıradan çıxarmaq həddinə gəldilər. Eyni problemlə Azərbaycan, Anadolu, Xorasan və bu kimi bölgələri əhatə edən bəlli regionda üzləşməyən heç bir türk xanədanı olmayıb. Osmanlı bir qədər fərqləndi ona görə ki, paytaxtı İstanbula daşıyandan sonra Bizans ənənəsinin üzərində bərqərar oldu. Amma Osmanlı sarayında fars dilinin rolu nə qədər idisə Şah İsmayılın sarayında da elə o qədər idi. Yəni, daha çox ədəbiyyat dili idi.
Saray dili türkcə idi, imperator türkcə danışır, divan türkcə keçirilirdi. Bir sıra fərmanlar və məktublar məqsədinə görə, farsca, yaxud başqa bir dildə yazıla bilərdi. Ancaq dövlətin sahibi ordu, ordunun sahibi türklər idi. Türklər isə farslara “taçik” deyir və onları dövlət təşkilatının bel sütunu olan ordudan kənarda saxlayırdılar. Hətta Məhəmməd Xudabəndə zamanında məşhur vəzir Mirzə Salman hərbi əməliyyata qatılmış və hərbi işlərə burun soxmağının bədəlini canı ilə ödəmişdi. Ümumiyyətlə, tarixdən az-çox məlumatı olan adamlar bilir ki, Şah İsmayıl dövründə farsların Səfəvi sarayındakı imtiyazları və rolu onların Səlçuqlu sarayındakı mövqeyindən qat-qat az, məhdud idi.
– Füzuli Şah İsmayıla həsr etdiyi “Bəngübadə”ə poemasına yazıb:
”Ol ki, başlar zamanda bəzmi-fərağ,
Padşahlar başından eylərəyaq”
Bu misralarda Füzuli Şah İsmayılın Şeybani xanın başını kəsib qafasından şarab qədəhi düzəltməsinə işarə etməyibmi?
– Doğrusu, hazırda “Bəngü-badə”nin süjetini tam olaraq xatırlamıram, ona görə də bu alleqorik poemanın konteksindən çıxarılmış misraları yorumlamaq istəmirəm. Məhəmməd Füzuli kimi Azərbaycan və Şərq poeziyasının ən önəmli simalarından birinin Şah İsmayıla, onun şahzadələrinə şeirlər ithaf etməsi yox, etməməsi təəccüblü olardı. Çünki Məhəmməd Füzulini yüksəldən dalğa ilə Şah İsmayılı yüksəldən dalğa istər türklük, istərsə də təsəffüv baxımından eyni idi.
Şah İsmayılla Şeybani xan arasındakı mücadilənin əsl səbəbi Şah İsmayılla Sultan Səlimin, Sultan Səlimlə Şeybani xanın arasındakı qovğalarla üst-üstə düşür. Şeybani xanın məğlubiyyətindən sonra onun kəllə skeletinə qızıl çəkilərək badə düzəldilməsi, həmin badədən isə Şah İsmayılın şərab içməsi İskəndər bəy Münşi tərəfindən də yazılıb, mən ordan oxumuşam. Bu fakt mənim Şah İsmayıla münasibətimə heç bir təsir göstərmir. Çünki mənim mənimsədiyim 21-ci əsrin humanist baxışlarının ortaya çıxması üçün Şah İsmayıldan sonra 500 il keçib.
– İddia olunur ki, bu dövrdə Osmanlı islam dünyasının təmsilçisi idi, Səfəvilər dövlətinin ideologiyası isə islam dünyasını parçalayırdı. Osmanlılarla Səfəvilər arasında müharibə məhz bu səbəbdən baş vermişdir. Bu fikrə münasibətiniz necədir?
– Münasibətim çox pisdir. Fikrin arxasında xilafət zehniyyəti dayanır. 1517-ci ildə Sultan Səlim Misiri türk məmlük sultanlarının əlindən almış və onlara bağlı olan Abbasi xəlifəsini özü ilə İstanbula gətirmişdi. Zatən moğolların Bağdada 1258-ci il hücumundan sonra Abbasilərin elə bir çəkisi qalmamışdı, bu dəfə türk məmlüklərin qoltuğunun altına girmişdilər. Sonra III Mütəvəkkil İstanbulda öldü, Sultan Səlim xəlifə yetkilərini üzərinə götürdü. Bu olay hər şeyi aydın edir. Əvvəla, Osmanlılarla Səfəvilər arasında ən qanlı savaş- Çaldıran döyüşü 1514-cü ildə, yəni Sultan Səlimin xəlifə olmasından qabaq baş vermişdi. Həmin dövrdə Məhəmməd peyğəmbərin qurduğu islam dövlətinin rəsmi xəlifəsi və sözdə təmsilçisi Abbasilərdən idi. Nə Səfəvilərin, nə də Osmanlıların belə bir yetkisi yox idi.
Digər yandan, məsələ sünni-şiə problemi də deyildi. Məmlüklər türk və sünni idilər. O zaman Sultan Səlim onların üstünə niyə gedirdi? Belədə niyə deyilmir ki, islam dünyasını Sultan Səlim parçalayırdı? Əgər belə deyilmiş olsaydı, bu da yanlış olacaqdı. Çünki məsələ kimin hansı ideologiya daşıyıcısı olmasında deyil, kimin nə qədər ərazidə iqtidar sahibi olması və nə qədər güclü dövlətin başında durması idi. Sultan Səlimin Səfəvilərlə probleminin əsasında o dayanırdı ki, Anadolu türkləri axın-axın Qızılbaşlığı qəbul edirdilər. Bu isə Anadolunun tamamının tezliklə Səfəvilərin ixtiyarına keçmə ehtimalını yaradırdı.
Tarixdə elə bir mərhələ, elə bir dövlət və hökmdar olmayıb ki, Anadoluya hakim olsun, amma İstanbulu ələ keçirmək istəməsin. Yəni, Anadolunun tamamilə Səfəvilərin əlinə keçməsi bir sonrakı addımda İstanbulun mühasirəyə alınması və tutulması demək idi. Sultan Səlim təbii olaraq Şah İsmayılın bu şansı yaxalamasını istəmədi və çeşidli provokasiyalarla onu vaxtından qabaq döyüşə sövq etdi. Sultan Səlim taxt qovğasında atası ilə döyüşmüş, doğma qardaşlarına qıymış adamdı. Bunu Sultan Səlimə ittiham olaraq söyləmirəm. Onu anlatmaq istəyirəm ki, oğulun ataya, qardaşın-qardaşa qılınc çəkdiyi bir çağda Çaldıran savaşına poetik ovqatda yanaşmaq yersizdir. Burada tərəflərdən hansınısa fitnəkarlıqda suçlamaq absurddur.
– Bəs Şah İsmayıl Əbubəkirə, Ömərə, Aişəyə lənət oxutdurması müsəlmanları rahatsız etmirdimi?
– Hansı müsəlmanları? Şah İsmayıl siyasi iddia ilə ortaya çıxanda hər dərədə bir müsəlman dövləti, bəyliyi vardı. O dövlətlər arasında və içərisində o qədər daxili çəkişmələr vardı ki, Əbubəkirə, Ömərə, Osmana, Aişəyə lənət oxunub-oxunmaması sadə əhalinin heysiyyatına az təsir edirdi. Bir də məgər Şah İsmayıl və onun xanədanı, əyanları, təbəələri müsəlman deyildi? Birdəfəlik yadda saxlamaq lazımdır ki, Əbubəkrin, Ömərin, Osmanın və Aişənin lənətlənməsini bir ənənə olaraq nə Şah İsmayıl, nə də Səfəvilər yaradıb. Bu məsələnin heç farslara da dəxili yoxdur. Əməvilər dövründə Həzrət Əli və varisləri- “Əhli Beyt” lənətlənirdi, imamların tərəfdarları da qarşılığında onlara eyni mahiyyətdə cavab verirdilər. Bu məsələnin kökü çox dərinlərə- Aişə ilə Hz. Əli arasındakı düşmənçiliyə, “Cemeldöyüşü”nə gedib çıxır.
Səfəvilər üçünsə onların lənətlənməsi ilk növbədə siyasi məsələ idi. “Biz” və “onlar” ayırımını yapmayan heç bir dövlət, imperiya ola bilməz. Onları lənətləmək və Həzrət Əliyə, imamlara sahib çıxmaqla “məzlumların müdafiəçisi” statusuna yiyələnirdilər. İmam Hüseynin Kərbaladakı müsibətindən sonra şiəlik siyasi baxımdan “haqqın və məzlumun yanında olmaq” etiqadı sayılırdı. Strateji hədəf isə Məkkə və Mədinəni ələ keçirmək, Abbasi xilafətinə son vermək idi. Şah İsmayıl bu məqsədə Şeybaniləri bitirəndən dərhal sonra çatmaq istəyirdi, lakin Osmanlıların dinc durmayacağınıbildiyindən məmlükləri müvəqqəti dövr üçün öz tərəfinə çəkmək istəyirdi.
– Şah İsmayıl hakimiyyəti ələ keçirmək üçün türkləri bir-birindən ayırıb, şiəliyi dövlət ideologiyasına çevirib... Sizcə, bu kimi fikirlərin müəllifinin məqsədi nə ola bilər?
– Azərbaycanda mütəmadi olaraq bu cür cəfəng fikirlərlə çıxış edən iki nəfər var. Biri GüntayGəncalpdır, biri də Fazil Mustafa! Hər ikisi yarımalim və yarıməlumdurlar. Etikam sonuncu sözü daha çox oynatmağa imkan vermir. Bu adamların Azərbaycanın və Türk dünyasının tarixi şəxsiyyətlərinə qarşı tutumunun arxasındakı əsl məqsədlər və qüvvələr hələ tam üzdə deyil.
Konkret olaraq, Fazil Mustafanın Azərbaycanda tarixən formalaşmış dini münasibətlər balansını pozmaq cəhdinin arxasında türk, hətta Osmanlı məfkurəsi dayanmır. İlk növbədə ona görə ki, “türk ruhlu islam” (hər nə qədər qüsurlu olsa da, öz ifadəsi ilə deyirəm) elə qızılbaşlıqdır. Həmçinin Osmanlı sultanlarının heç də hamısı eyni etiqadda və islama eyni dərəcədə bağlı olmayıblar. Osmanlı sarayında da, Səfəvi sarayında da həmişə şərabın ən əlası içilib. Fateh Mehmet, İldırım Bəyazid, Sultan Səlim, III Murad qəşəng içən olublar. Gəncliyində Sultan Süleyman da içib, daha sonra içkini yasaqlayıb. Eynilə Şah Təhmasib tövbə edərək içkiyə qarşı sərt mövqe tutub.
Səfəvi və Osmanlı sultanları Həcc ziyarətinə getmirdilər. Fateh Mehmet Bayrami, İkinci Bəyazid Mevləvi, Sultan Səlim Zeyniyyə ocağına bağlı idi. Ümumiyyətlə, Osmanlı padşahlarının mənsub olduğu təriqətlər arasında Xəlvətilik, Nəqşilik və Mevləvilik cərəyanları daha üstün olub. Şah İsmayılın bu məsələdə fərqi odur ki, o birbaşa öz atalarının qurduğu sufi ocağına bağlı idi və həmin təkkəninmürşüd-i-kamili idi. Az öncə yuxarıda adını çəkdiyim bayramiliyin çıxış nöqtəsi birbaşa Səfəvi ocağı idi. Bayramiliyin qurucusu Hacı Bayram Vəlinin ustadı Şeyx Həmid- Somuncu xoca Şeyx Səfi ocağında şagird olmuş, on illərlə Ərdəbildə yaşamışdı. Daha sonra Anadoluda ilk Səfəvi pirlərinin propoqandasını yürütmüşdü. Hacı Bayram Vəlinin şagirdi isə Sultan Mehmet Fatehin müəllimi və İstanbul yürüşünün mənəvi qılavuzuAğşəmsəddin idi. Bayramilik Səfəvi təriqətinin bir filialı kimi ortaya çıxmış, xəlvətilik və nəqşibəndilik kimi cərəyanların da baxışlarını öz doktrinasına qatmışdı. Bütün bunları nəzərə alaraq qətiyyətlə demək olar ki, Sultan Mehmet Fateh inanc baxımından Səfəvi konfessiyasının yetirməsi idi.
Qısası, “türk ruhlu islamın” təşəkkül forması, ha şiə olsun, ha sünni, sufi təriqətləri idi. Amma Fazil Mustafadan soruşsanız deyəcək ki, mən məzhəb, təriqət qəbul eləmirəm, istinadım ancaq Qurandır. Onun avantürizmi da elə burda üzə çıxır. Məgər Fazil Mustafa Quranı orijinal variantda oxuya bilir? Sən ərəbcə yazıb-oxuya bilmirsənsə, istinadın ancaq Quran ola bilməz. Bu avantüranın məğzini ortaya çıxarmaq üçün efirdən Fazil Mustafanın ərəblərin zamanında Azərbaycanı işğal yox, fəth etdiyini söylədiyini xatırlamaq yetərlidir. Terminologiya hər şeyi ortaya qoyur. Bu əməviçilikdir. Əgər sən öz tarixi coğrafiyanın işğal yox, fəth edildiyini düşünür və buna haqq qazandırır, öyürsənsə deməli, köləsən. Ona görə də Fazil Mustafa “bir gün bəy kimi yaşamaq qırx il qul kimi yaşamaqdan yeydir” deyən Babəki həzm edə bilmir, onun azadlıq anlayışına, Səfəvilərin dövlətləşmə sürəcinə qarşı çıxır.
Bizim sosial təkamül “mem”lərimizin əsasında Babəkin azadlıq, Şah İsmayılın dövlətçilik anlayışı, xürrəmilik- qızılbaşlıq tandemi dayanır. İndi Fazil Mustafa deyir ki, Səfəvilər-Azərbaycanın xəstəlik tarixçəsidir. Mən də cavab verirəm ki, Səfəvilik xəstəlik tarixçəsi deyil, xalqımızın imperial arxa fonu- “backround”dur, sən get Babəkə, Şah İsmayıla, Atatürkə, hətta səni cavan yaşında yüksək pilləyə qaldırmış Elçibəyə münasibətdə verdiyin allergiyanın səbəblərini araşdır.
– Taleh bəy, Səfəvilər nədən süqut etdi?
– Bu suala hərə bir cür cavab verir. Rəhimə Dadaşovanın Səfəvilərin son zamanları ilə bağlı çox maraqlı tədqiqatı var. O araşdırma ilə tanış olanda mənzərə göz önünə sərilir. Ümumi konteksdə bu süqutu Çaldıran döyüşünə bağlayırlar. Ancaq bu populist yanaşmadır. Çünki imperiyalar elə ona görə imperiyadır ki, ən ağır zədələr qarşısında da özünü qoruya və ayağa qalxa bilir. Səfəvilərin daxili baxımdan tənəzzülə aparan gen deqredasiyası idi. Bu deqredasiyaya ikinci İsmayıl səbəb oldu. Şah Təhmasib vəfat edəndən- hərçənd mən onun təbii əcəllə öldüyünə inanmıram- sonra xanədan boyu olan Şeyxavəndlər və Ustaclılar Şahzadə Heydəri, hərəmxana, sufilər və türkmənlər ikinci İsmayılı müdafiə edirdi. Nəticədə Şahzadə Heydər öldürüldü, ikinci İsmayıl isə taxta çıxandan sonra bütün təcrübəsinə rəğmən qalada saxlandığı günlərin əvəzini eyş-işrətlə çıxmağa üstünlük verdi.
Əvvəlcə, bütün şahzadələri qətl etdirdi, daha sonra özü öldürüldü. Qısacası, Şahzadə Heydər də, ikinci İsmayıl da vəliəhd kimi səhv seçim idi. Doğru seçim İskəndər bəy Münşinin kitabında işarə etdiyi kimi Şahzadə Mustafa idi. ŞahzadəMustaf ikinci İsmayıl kimi soyun kökünü kəsməyəcək, Məhəmməd Xudabəndə kimi olub-bitənlərdən xəbərsiz qalmayacaq, Səfəvilərin dəniz donanmasını yarada biləcək dövlətçi fiqur idi. Səfəvilərin çökməsinin digər əsas səbəbi budur ki, dəniz nəqliyyatının genişlənməsi ilə “İpək yolu” sıradan çıxdı. Şiəlik bu məsələdə önəmli rol oynamır. Əgər Səfəvilər sünni olsaydı belə, bircə bu amil xaric dəyişməyən şərtlər altında aqibət yenə eyni olacaqdı. Eyni zamanda, heç kim bir orta çağ dövlətinə “sən ideologiyandan əl çəkməli idin” də deyə bilməz, bunu deyən xəstədir. Çünki orta çağda dini özünə ideologiya eləməmiş hər hansı dövlət yoxdur. Sekulyarizm çox-çox sonralar meydana çıxıb.
– Sizcə, Səfəvilər, daha sonrakı dövrdə isə Qacarların dövlət olaraq farslaşmasının arxasında nə dayanır?
– Qacarlarla Səfəviləri müqayisə etmək doğru olmaz! Çünki Səfəvilər dönəminin başlanğıcında farslar imtiyaz və mövqe sahibi deyildilər. Bürokratiyanın farslaşdığı, ordunun türklərin əlindən çıxıb muzdluların ixtiyarına verildiyi, türk dilinin sarayda sıxışdırıldığıdönəmdə belə onlar türklərlə eyni status qazanmadılar. Qacarlar dövründə isə Rəsulzadənin yazdığı kimi, baxmayaraq ki, xanədan türk idi, amma farslar toplumda türklərə eyni statusda, bürokratiyada isə daha üstün idilər. Bu günkü İran İslam Respublikası şiə ideologiyasına, fars üstünlüyünə, hər ikisini birləşdirən sistemin onurğası isə seyidlik institutuna dayanır.
Seyidlər Səfəvilərin ilk dövründə nəzir-niyazla könlü alınan, hörmət edilən, amma məsafədə saxlanan təbəqə idi. Hətta Şah Təhmasib onları saraydan qovmuşdu da. Şah İsmayıl və Şah Təhmasib dövründə Şeyx Səfi ocağının sufiləri ayrıca bir təbəqə idi, onları Kamili-Mürşüd sayılan Şahın adından xəlifə koordinasiya idi. Sufilər seyidlərdən daha təsirli idilər, hansı ki, ikinci İsmayılın taxta çıxmasında da əsas rolu onlar oynadılar. Ancaq elə bu güclərinə görə də dağıdılar və seyidlər getdikcə önə çıxdılar, hətta ali şəcərəyə də müdaxilə etdilər.
Zira, bu seyidləşmə də özü-özlüyündə toplumsal baxımdan fars üstünlüyü yaratmırdı. Mənim fikrimcə, Səfəvilərin də, Qacarların da farslaşmasının tarixi əsasında paytaxtın dəyişməsi dayanır. Hakimiyyət kimin əhatəsindədir? Bu çox mühüm sualdır ona görə ki, həm verilən qərarlar əsas auditoriya olaraq paytaxt əhalisinə xitab edir, həm də əsas təhdid onlardan gəlir. Bu, monarxiyalarda da belədir, respublikalarda da. Paytaxt Təbrizdə və Qəzvində olduğu zaman siyasi farslaşma mümkün deyildi. Paytaxt İsfahana daşınınca buna ilk münbit şərait yarandı, çünki dövlətin üst qurumu Azərbaycan mədəni arealını tərk elədi. Qacarların əfşarlardan daha uzun müddət hakimiyyətdə qalmasının səbəbi isə odur ki, Qacarlar Təbrizi “vəliəhdlərin taxtı” etməklə həmin arealdan tam qopmamışdılar. Amma fakt budur ki, Səfəvilərdən sonra tarixə Əfşarlar, Əfşarlardan sonra Qacarlar çıxdı. Yəni Səfəvilər özlərindən sonra tarixə fars dövləti vermədilər. Özləri kimi iki türk xanədanı verdilər. Kimdən nə törəməsi dövlətçilik baxımından da mühümdür.
– Bəs Nadir şahın Tehranı paytaxt eləməsi necə, eyni nəticəyə gətirib çıxarmadımı?
– Əslində, Şah Abbasın paytaxtı İsfəhana, Nadir Şahın Tehrana köçürməsinin strateji hədəfləri aydındır və strateji hədəf kimi doğrudur. Bu addımlar Azərbaycan mədəni arealının genişləndirməyə də xidmət edə bilərdi. Ancaq bu cür olmadı. Niyə? Ona görə ki, biz bayaqdan Səfəvilərdən, Osmanlılardan, Əfşarlardan, Qacarlardan, İrandan danışırıq, amma Turandan yox. Son yüz illərdə Turandan axının dayanması belə bir nəticə ortaya çıxardı. Hazırda Türkmənistanda nə qədər əhali var?
– Təxminən, 5 milyon olarmı?
– Aşağı-yuxarı elədir. Bir anlıq fərz edək ki, Oğuz Birlyi yaratmaq istəyirik, bütün şərtlər lehimizədir, sadəcə Tehranda və İsfahanda demoqrafik şərtləri azacıq dəyişmək lazım. Tehransız və İsfahansız Oğuz Birliyi də yaratmaq mümkün deyil, çünki hər ikisi tranzit ərazilərdədir. Türkmənistan 5 milyon adamla bu prosesi dəstəkləyə bilməz axı... Odur ki, tarixə not düşsün deyə deyirəm, əgər bu ölkədə kimsə strateji düşünürsə və ya düşünmək istəyirsə, gözlərini Çindən, Çindəki türklərdən çəkməsin. Çin qazanının qapağı onsuz da bir gün mütləq qalxacaq. O qapaq qalxanda Səfəvilərin bizim strategiyamız baxımından nə qədər lazımlı tarixi resurs olduğunu hər kəs görəcək.
– Taleh bəy, son bir sualla söhbətimizi yekunlaşdıraq. Səfəvilərin milli dövlət olduğunu göstərən əsas faktlar hansılardır?
– Səfəvilər qurulanda dünyanın siyasi xəritəsində heç bir “milli dövlət” yox idi və ola da bilməzdi. Çünki millətləşmə və ulus dövlətlərin formalaşması Avropadakı sənaye inqilabından sonrakı dövrə aiddir.
– Bəs Şah İsmayılı bizə sevdirən nədir?
– Şah İsmayılı bizə sevdirən odur ki, Arazın hər iki sahilini, yəni bugünkü Azərbaycan Respublikasını, bugünkü Ermənistandakı tarixi torpaqlarımızı və Güney Azərbaycanı əhatə edən, Anadoluya uzanan, hələ Babək zamanında formalaşdığını söylədiyimiz mədəni arealda Azərbaycan məfhumuna və türk kimliyinə dayanan dövlət qurub. Səlcuqlular, Qaraqoyunlular və Ağqoyunlulardan fərqli olaraq Səfəvilər “Azərbaycan” anlayışı üzərində, Arazın hər iki sahilini tam əhatə edən şəkildə dövlət qurublar və onu imperiyaya çeviriblər. Azərbaycanı öz gorxanaları sayırdılar. Şah İsmayılın “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı” sualı bunun əyani sübutudur. Bu dövlətin qurucuları olan tayfalar birmənalı olaraq bizim atalarımızdır, Azərbaycan xalqının etnogenizində iştirak edən və aparıcı yer tutan boylardır. Biz ayrıca bir millət olaraq formalaşmışıq və bu millətin coğrafiyası Azərbaycandır - bizim tarixi “depomuz” Səfəvilərdir. “Bütöv Azərbaycan” adlı qatar relslərin üzərinə o depodan çıxıb və müxtəlif stansiyalardan keçərək demokratik hədəflərinə şütüyür. Odur ki, biz canımızla, qanımızla, ruhumuzla, şüurumuz və təhtəlşüurumuzla Səfəviyik, Şah Xətayiyik!
Kəramət Böyükçöl