25 Sentyabr 2016 11:52
2 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mehdi Gəncəlinin kitabı ətrafında

2011-ci ildə Türkiyədə “Ötükən” nəşriyyatında Mehdi İsmayılovun (Gəncəli) “Azerbaycanlı şair Mehemmed Hadi – hayatı, sanatı, eserleri” adlı kitabı çap olunub. Kitabın əsas xüsusiyyəti odur ki, Sovet dönəmində Hadinin yaradıcılığının üzərinə qapadılmış pərdə geniş şəkildə açılıb, Hadinin istər həyatı, istərsə də yaradıcılığı haqqında çoxluğa bəlli olmayan faktlar təqdim edilib. Xüsusən də, Hadinin Türkiyə mühitində yazdığı əsərlər əhəmiyyət kəsb edir.

Baxmayaraq ki, Sovet dönəmində Hadinin şeirlərindən ibarət kitablar nəşr olunub, haqqında yazılıb, amma dövrün tələbi ucbatından tədqiqatçılar bəzi faktların üzərindən keçməyə məcbur olublar.

Məsələn, görkəmli alimimiz Əziz Mirəhmədov Hadinin 28 fevral 1914-cü ildə “İqbal” qəzetinin 590-cı sayında çap olunmuş “Qaçma” şeirini Hadinin “Seçilmiş əsərləri”nə salsa da, qəzetdə şeirin üzərində yazılmış “Rəsulzadə Məhəmmədəmin qardaşıma” sözünü çıxarmağa məcbur olub.

***

M.Hadi sağlığında dörd kitab nəşr edib. Bunlar “Firdövsi-ilhamat” (1908), “Şükufeyi hikmət” (1914), “Eşqi-möhtəşəm, yaxud Əflatun sevgisi” (1914) və “İnsanların tarixi faciələri və yaxud əlvahi-intibah” (1918-1919) adlı kitablardır. Lakin onun əsərlərinin böyük bir hissəsi dönəmin mətbuatının səhifələrində yer alıb. Çünki Hadi o dönəmdə nərş edilən bir çox– “Həyat”, “Tazə həyat”, “İttifaq”, “Tərəqqi”, “Səda”, “Sədayi Haqq”, “Bəsirət”, “Doğru söz”, “Təkamül”, “İrşad”, “Sovqat”, “Yeni irşad”, “Yoldaş”, “Azərbaycan” kimi qəzetlərdə, “Füyuzat”, “Dəbistan”, “İqbal”, “İşıq” və s. kimi dərgilərdə əsərlərini çap etdirib.

Eləcə də, M.Gəncəlinin araşdırmasına görə, Hadinin Türkiyədə “Sabah”, “Tanin”, “Senin” qəzetlərində, “Mehtab”, “Şehbal”, “Rübab” dərgilərində imzası vardır.

Qeyd edək ki, Hadinin məqalələri ayrıca kitab kimi çap olunmayıb, şeirləri də tam şəkildə yayımlanmayıb. Onun Türkiyədə yayımlanan bütün məqalələri və şeirləri isə ilk dəfə Mehdi Gəncəli tərəfindən toplanılıb.
M.Gəncəlinin kitabı Hadinin “Həyatı və əsərləri”, “Sənəti”, “Görüşləri” adlı üç hissədən ibarətdir. Bölümlərə uyğun olaraq Hadinin şərq və qərb mədəniyyətindən təsirləndiyi qaynaqlar, şeir və məqalələrinin mövzuları, dünyagörüşü haqqında ətraflı bilgilər verilir.

M.Gəncəlinin yazdığına görə, Hadinin imzasına ilk dəfə “Həyat” qəzetinin 24 iyul 1905-ci il tarixli 35-ci sayında rast gəlinir. Bu nömrədə onun “Bəyani-həqiqət” adlı məqaləsi dərc olunub: “18 iyul 1906-cı il tarixinə qədər Hadi imzasına yalnız “Həyat” qəzetində rast gəlinir. Bu müddətdə o, 19 məqalə, üçü şeir olmaqla ümumilikdə 22 yazı dərc etdirib”.

Dönəmin ən məşhur jurnalı olan “Füyuzat”da isə Hadinin 34 şeiri, 7 məqaləsi yayımlanıb.

Qeyd edək ki, dönəmin bütün qəzet və jurnallarını tək-tək araşdıran müəllif hansı qəzet və jurnalda Hadinin neçə şeir, məqalə və hekayəsinin çap olunduğunun statistikasını ətraflı şəkildə qeyd edib. Bu isə Sovet dönəmində üzərindən keçilən əsərlərin ictimaiyyətə bəlli olması baxımından yenilikdir.

Hadinin Türkiyə mətbuatında yayımlanan ilk yazısına gəldikdə isə müəllif yazır: “Hadinin Türkiyə mətbuatında çıxan ilk yazısı “Sabah” qəzetinin 30 təşrini sani 1910 tarixli 7613-cü sayında yer alan “Tolstoy və Rekz-i Abidə” adlı məqaləsidir. Bu yazı “Kafkasyalı Mehemmed Hadi-i Şirvani” imzası ilə çap olunub”.

Eləcə də, dönəmin Türkiyə mətbuatını yetərincə araşdıran M.Gəncəli Hadinin Türkiyə mətbuatında çap olunan yazılarının da statistikasını təqdim edir.

Hadi və Osmanlı

Təəssüf ki, Hadinin məqalələri və siyasi görüşləri kifayət qədər araşdırılmayıb. Sovet dönəmində onun Türkiyə və Cümhuriyyətlə bağlı görüşlərinin üzərindən keçilib. Mehdi İsmayılovun kitabının önəmli bölümü də Hadinin siyasi görüşlərinə həsr edilib.

Osmanlını yaxından izləyən Hadi hələ 1908-ci ildə yazdığı bir məqaləsində Osmanlı mətbuatını təqdir edir, bu mətbuat sayəsində İran, Hindistan, Çin, Qafqaz, Xəzər bölgələrinin də maariflənəcəyini qeyd edir.

Hadi Osmanlıda başlanan yenilikləri yaxından izləyərək həm şeirlərində, həm də yazılarında Osmanlını örnək olaraq göstərir. Bir şeirində Qacar şahının Osmanlıdan nümunə götürməli olduğunu yazır, bir məqaləsində isə İstanbulda qurulan qadın cəmiyyətini qadın haqları çərçivəsində müsbət şəkildə dəyərləndirir.

1910-cu ildə yazdığı şeirlərindən birini Hadi Osmanlı Məclisi-Məbusanına ithaf edir. Eləcə də şeirlərində Osmanlını bütün islam dünyasının ümidgahı kimi qələmə verir, Balkan savaşında Osmanlının vəziyyətini vaxtilə Vyananı mühasirə etdiyi dönəmlə müqayisə edir. Avropa dövlətlərinin fürsətdən istifadə edərək Osmanlıya qarşı təcavüz etməsini qınayan Hadi bu dönəmdə yazdığı şeir və yazılarında xanədanlığın gücünə inandığını göstərir: “Osmanlılar daima müstəqil olaraq yaşayıb və istiqlaliyyətlərini dünyayla bərabər yaşatmağa and içiblər”.

Hadinin 13 iyun 1918-ci ildə yazdığı, Yavuz Akpınar tərəfindən Əli bəy Hüseynzadənin arxivindən tapılan “Qəhrəman türk əsgərlərinə” adlı şeiri isə yenicə elan olunmuş Azərbaycan Cümhuriyyətində hər kəs kimi onun da türk ordusuna olan ehtiramından xəbər verir:

Türk oğluyuz, Osmanlıyız,
Namusluyuz, vicdanlıyız.
Tariximiz meydandadır;
Dünya bilir ki, sanlıyız.

Hadi İstanbula 1910-cu ildə getmişdi. Osmanlıdakı 1908-ci il inqilabı onda böyük ümidlər yaratmışdı. O, burada “Tanin” qəzetində tərcüməçi işləyir, bir sıra qəzet və jurnallarla əməkdaşlıq edir. Lakin İstanbulda hadisələr gözlədiyi kimi getmir, sərt yazılarına görə 1913-cü ildə Salonikiyə sürgün edilir. Sürgünə digər səbəb kimi dönəmin hərb naziri Mahmud Şövkət Paşanın qətli olur. Belə ki, bu qətldə kənardan gələn aydınlar da şübhəli bilinir. Abdulla Şaiqin xatirələrindən aydın olur ki, Salonikidə qadınların yüklərini daşıyaraq çörək pulu qazanan Hadi ağır vəziyyətdə yaşayıb, türk agenti kimi həbs edilib.

Hadi 1914-cü ildə Bakıya qayıdıb. I Dünya müharibəsi başlayanda isə o, müsəlman ordusunun tərkibində Avropaya yollanıb. Cümhuriyyət dönəmində gənc dövlət, onun ordusu haqqında şeirlər yazan Hadi ömrünün axırlarında yenə çətin vəziyyətdə yaşayıb, iddialara, bəzi xatirələrə görə şeirlərini satıb, içkiyə qurşanıb. Ölümü isə hələ də müəmmalı olan Hadi geniş dəstək qazanmış fikrə görə 1920-ci ilin mayında Gəncə üsyanı zamanı yaralanaraq həlak olub.

Məzarıstana çevrilən Türküstan və Şərq

Hadinin yaradıcılığında türklərin ata yurdu olan Türkistanın durumu hüznlü şəkildə qeyd olunur. Bir şeirində yazır:

Məskəni-İslam olan bu mülk Türküstandır,
Ölkədir zənn eyləmə issız məzarıstandır.

“Türküstana bir nəzər” adlı yazısında isə Hadi Vaxtilə Türküstanın İslam dünyasına bəxş etdiyi Uluq bəy, İbn-Sina, Nəvai, Fərabi, Ənvəri kimi şəxsiyyətlərin adını sadalayır, Buxaranın elm və maarif mərkəzi olduğunu yazır. İndi isə qəflət və xurafatın Türküstana hakim kəsilməsini təəssüflə qeyd edir: “Bu gün Paris, London, Berlin necə ki, maarif və sənaye mərkəzidir, keçmişdə Buxara da bu cür elm və maarif mərkəzi olub”.

Hadi Türküstanın və ümumiyyətlə, İslam dünyasının bu vəziyyətə düşməsinin iki səbəbini qeyd edir. Birinci səbəb kimi zövq və əyləncəyə düşkün hökmdarları, ikinci səbəb kimi isə elm əbasına bürünmüş bir qrup cahilləri göstərir.

Hadiyə görə Türküstanın bu vəziyyətdə olması rus missionerlərin rahat fəaliyyət göstərməsinə səbəb olur:

“Rus missionerlərindən, Buxara tərəqqisinin ən böyük düşməni olan məşhur Ostroumov Daşkənd şəhərində bir qəzet çap edir... Bu qəzet missionerlərin fikirlərinin nəşridir, təqib etdiyi məslək isə əhalini cahil və qafil olaraq yaşatmaqdan ibarətdir”.

Şərqlə Qərb arasında

Hadi şeirlərində türk və islam dünyasının keçmişini tərənnüm etsə də, bu gün Qərb dünyasının öndə olmasının bir çox səbəblərini göstərir. Hələ 1908-ci ildə “Təzə Həyat” qəzetində Məhəmməd Səid Ordubadiyə yazdığı açıq məktubunda Qərbdə ziyalılara verilən dəstəklə bağlı maraqlı məlumatlar verir: “İngiltərənin məşhur riyaziyyatçılarından Nyutonun bir dişi bir ingilis əsilzadəsi tərəfindən 1816-cı ildə 730 ingilis lirəsinə alınıb, qızıl bir halqaya keçirilərək üzük kimi istifadə edilib. Fransa ədiblərindən Viktor Hüqonun “Səfillər” adlı məşhur əsərini yazdığı qələm bir ingilis tərəfindən 45 min franka alınıb. Volterin əsası 500 franka satılıb. Russonun geyindiyi bir köynək 950 franka, bir çuğun saatı 1500 franka satılıb. Fransa şairlərindən Molyerin bir dəllək dükanında oturduğu stul şairin vəfatından sonra birinci dəfə 5 min franka satılıb”.

Şərqdən fərqli olaraq Qərbdə ziyalıları dəyər verildiyini yazan Hadi Əli bəy Hüseynzadəyə ithaf etdiyi bir şeirində yazır: “Vücudun ilə fəxr eylərdi, gər olsaydı qarbiyyun”.

Hadi Qərb dünyasının inkişafının birdən-birə baş vermədiyini yazır: “Fransa kimi mədəniyyətin qucağında yaşayan, göz qamaşdıran bir həyata nail olanlar öz-özünə nail olmayıblar. Volterlərin, “İctimai Müqavilə”nin mühərriri Russoların, Miraboların fəyyaz fikirləri, atəşli nitqləri, cəsur və kəskin qələmləri qara mürəkkəbləri doğurmuş və partlatmışdır”.

Hadiyə görə, İslam dünyasında hazırda işıq gələn hər yer pərdələnir:

Qövmi-İslam bir müəmmadır:
Tutmuş iştə əlində bir pərdə,
Harda varsa işıq, əl ol yerdə.

Hadinin şeirlərində və yazılarında qadın haqları xüsusi yer tutur, şəriətin qadına qarşı tutduğu mövqe tənqid edilir. Hələ İslamın hökmünün geniş olduğu bir dövrdə yazdığı şeirlərində çadra altında gəzən qadınları qara buludlarla kölgələnmiş günəşə və aya bənzədir.

Qərbdə qadınların cəmiyyətdə özlərinə mövqe seçmələrinin bir səbəbi kimi Hadi onların azad olmasında görür. 1914-cü ildə yazdığı bir şeirində açıq şəkildə yazır:

Mülk-i İslama bax: qaranlıqdır.
Qərbə bax, gör ki, hökmranlıqdır.
Səbəbi: Çün qadın o yerdə açıq!
Ey bürünmüş günəş, bu yerdə də çıx!

Bir şeirində isə Hadi “çarşaf” sözünün lüğətdən çıxarılmasını da tələb edir.

Beləliklə, Mehdi Gəncəlinin kitabını oxuduqdan sonra adilər içində Hadi olan əzabkeş şairimizin bizə bəlli olmayan şeir və məqalələrinin kitab şəklində çap olunmasının necə vacib olduğunu başa düşmək olur. Görünür, bu iş elə müəllifin öz üzərinə düşəcəkdir.

Çünki dili anlaşılmaz şair olaraq bizə tanıdılan Hadinin necə parlaq fikirlərə sahib mütəfəkkir olması haqqında demək olar ki, xəbərsizik.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər