2 Oktyabr 2016 22:40
3 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyənin “Hürriyyət” qəzetinin yazarı İpək Yəzdaninin bu gün çap olunan “Bir silah fabrikçisinin bilinməyən həyatı” adlı yazısını təqdim edir:

Trablusqərbdə Atatürkün silahdaşı, Qafqazda İslam ordusunun komandanı, Sütlücədə silah fabrikinin sahibi idi. Fabrikində törədilən bir təxribat nəticəsində özü də daxil olmaqla hər şey bir anda yox oldu. Tədqiqatçı Atilla Oralın “Nuri Killigil” kitabı Cümhuriyyət tarixinin ilk yerli silah fabrikçilərindən, Ənvər paşanın qardaşı Nuri Killigilin həyatına və Türk müdafiə sənayesinin bilinməyən tarixinə işıq salır.

İkinci Dünya Müharibəsindən sonrakı dövr savaşa qatılan ölkələrin özünə gəlməsi, BMT-nin yaradılması, Yaxın Şərqdə İsrail dövlətinin qurulması, Türk-Amerikan əlaqələrinin inkişaf etdiyi illər idi... 2 mart 1949-cu ildə İstanbulda Sütlücədə bir silah fabrikində böyük bir partlayış oldu. Atatürkün, Qafqaz İslam Ordusu komandanı və eyni zamanda Ənvər paşanın qardaşı Nuru paşaya qurdurduğu Nuru Killigil silah-sursat fabrikinin yox olması ilə birlikdə yerli türk müdafiə sənayesinin də sonu çatacaqdı...

Cümhuriyyət tarixinin ilk industrial silah istehsalçılarından, 1930-larda qurulan və 1949-cu ildə bir təxribat nəticəsində havaya uçurulan Nuru Killigil Silah Fabrikinin qurucusu Nuru paşanın həyatı, ilk dəfə yayımlanan foto və sənədlərlə bir kitabda yazıldı.

17 ilə yazıldı

Tədqiqatçı-yazar Atilla Oralın 17 illik tədqiqatının nəticəsi olan 960 səhifəlik "Nuri Killigil" kitabı, təkcə Killigilin deyil, eyni zamanda Türk Müdafiə sənayesinin tarixinə işıq salır.

Oral, Killigilin fabriki ilə bağlı bunları yazır:

“Cümhuriyyətin ilk illərində qurulmuş silah fabriklərindən idi. Ərəb-İsrail savaşında ərəb orduları üçün silah-sursat istehsal etdi. Fələstin xalqının haqq və azadlıq mücadiləsini fələstinlilərə silah-sursat göndərməklə dəstəklədi. Ancaq bu fəaliyyətlər ABŞ və İsrailin o dönəmdəki mənfəətlərinə heç uyğun deyildi. Nəhayət, Nuru paşaya və fabrikinə qarşı təxribat törədildi, partlayışda Nuru paşayla birlikdə fabrikdə çalışan 28 nəfər həyatını itirdi. Fabrikin partladılmasından sonra Türkiyə xaricdən silah-sursat almağa başladı. Bu kitabda qapalı bir tarix yeni sənədlərlə üzə çıxır. Burada dərs kitablarında heç oxumadığınız yepyeni bilgiləri görəcəksiniz”.

Kitabda yazılanlara görə, fabrikdəki partlayışda həyatını itirən Killigilin parçalanmış vücudundan əvvəlcə bəzi hissələr tapılır. Bir vaxtlar “Hürriyyət”də baş yazar olan Ecevit Güresin o vaxtlar “Yeni sabah”da müxbirlik edərkən belə yazmışdı: “Partlayışdan sonra Nuru paşanın bədəninin parçalarından bəziləri dağınıq şəkildə tapıldı. Qolunun yarısı, əlləri, ayağı və bəzi bədən hissələri. Hüznlü, fəqət bir hərbçi sonu...”.

15 nəfərə aid cəsəd parçaları üç ayrı tabutda paylaşdırılır. Cəsəd parçaları daha sonra morqa aparılır. Bunlar üçün Bəyazid məscidində cənazə namazı qılınır və Ədirnəqapıda hazırlanan “Nuri Killigil fabriki şəhidliyi”ndə hamısı birdən torpağa tapşırılır.

67 il sonra cənazə namazı

Ancaq Nuru paşanın cəsədinin ana gövdəsi 20 gün sonra Haliçdə su üstünə çıxır. Ailəsi yenidən cənazə mərasimi təşkil etmək istəyir, ancaq o vaxtı İstanbul müftisi olan Ömər Nasuhi Bilmen “Sadəcə bir cəsəd parçası üçün cənazə namazının qılına bilinməyəcəyi” ilə bağlı fətva verir, ailə pərişan olur. Nəticədə cənazə Killigilin yaxınları tərəfindən mollasız bir şəkildə 24 mart 1947-ci ildə Ədirnəqapıdakı şəhidliyə gömülür.

Killigilin ölümündən 67 il sonra Atilla Oral keçən ay Nuru paşanın məzarının yerini tapdı. Killigilin Ədirnapıdakı məzarı təmir edildi və paşa üçün 67 il sonra Atilla Oralın öncüllüyündə şəhidlikdə cənazə namazı qılındı.

Almanlarla dost, ingilislərlə müttəfiq

İkinci Dünya müharibəsinə girməmək üçün böyük səy göstərən Türkiyə Cümhuriyyətinin o illərdəki siyasətini,bəlkə də, ən yaxşı ifadə edən sözlərdən biri dönəmin xarici işlər naziri Şükrü Saracoğlunun “ingilislərlə müttəfiq, almanlarla dostuq” cümləsi idi.

Nuri Killigil II Dünya savaşında Türk ordusu üçün silah-sursat emal etdi. Atilla Oral Killigilin eyni zamanda Almaniyanın rus torpaqlarını işğalından sonra əsir düşərgələrində toplanan Krım türklərini xilas etmək üçün fəaliyyət göstərdiyini və çox sayda Krım türkünü xilas etdiyini yazır:

“Nuru paşanın II Dünya müharibəsi illərindəki fəaliyyətləri bu günə qədər çox yanlış dəyərləndirildi. Görürük ki, savaşın hər mərhələsində Nuru paşa əsir düşərgələrindəki türkləri qurtarmaq üçün çox səy göstərib. Nasistlərə pərəstişkarlığı əsla olmayıb. Belə ki, nasistlər türklər üçün göstərdiyi səylərə görə 1942-ci ildən sonra Nuru paşanı bir daha Almaniyaya gəlməyə qoymurlar”.

Atilla Oral Bolqarıstanın “Üçlər İttifaqı”na qatıldıqdan sonra Türkiyənin alman ordusunun qapısına dayanmasından qorxduğunu, buna görə də keçmişdə türk-alman münasibətləri yaxşı olan yüksək ranqlı hərbçilər və diplomatların dostluq heyəti olaraq Almaniyaya göndərildiyini yazır. Fotoda Nuru Killigilin dostu və fabrikin müdiri olan Hüseyn Emir Erkilat paşa, 28 oktyabr 1941-ci ildə dönəmin Hərbi akademiyalar komandanı Əli Fuad Erden ilə birlikdə Hitlerin qərargahında görünür.

Nuru paşa kimdir?

Atilla Oralın “İdealist bir türk millətçisi” adlandırdığı Nuru Killigil Ənvər paşanın qardaşıdır. 1911-1912-ci illərdə Trablusqərb savaşında Atatürklə birlikdə italyan işğalına qarşı savaşıb. Birinci dünya savaşının sonlarına yaxın 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı olaraq Bakını erməni daşnaklarının və rusların işğalından xilas edir. Türkiyədə çox tanınmayan Nuru Killigil I Dünya Müharibəsi vaxtı Azərbaycanda “Bakı fatehi” olaraq tanınır. TBMM tərəfindən İstiqlal medalı ilə şərəfləndirilən Killigil Türk müdafiə sənayesinin ilk özəl sektor fabriklərindən birini, bununla yanaşı Kütahyada da bir çini və keramika fabriki qurmuşdu.

Dilimizə uyğunlaşdırdı: Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər