Teleqraf.com yazarlar arasında sorğu keçirib: “Həyatınızı dəyişdirən kitablar hansılardır?”
Səslənən fikirləri təqdim edirik:
Səfər Alışarlı: “Məni hansısa bir kitabın dəyişdiyini demək çətindir. Küll halda rus və Avropa klassik ədəbiyyatını oxuyandan sonra dünyaya baxışımın, ədəbi zövqümün və estetik qavrayışımın tədricən necə dəyişdiyini sonralar dərk etdim. Mənə elə gəlir ki, bu proses indinin özündə də davam edir. Bununla belə, mənim fikrimcə, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, hər bir əsər adama ciddi təsir etməlidir, onun ali hisslərini gücləndirməli, pis hisslərini məhdudlaşdırmalıdır. Yazıçılar bütün əsərlərində buna nail ola bilmir. Ancaq yaradıcılığın mahiyyəti buna bağlıdır. Ən böyük yaradan Allahdır, insanın ondan sonra nəsə yaratmaq cəhdləri öz-özlüyündə xeyli aşağı səviyyənin işidir, hətta gülüncdür”.
Etimad Başkeçid: “Açığı, bədii əsərin hansısa insanın həyatını büsbütün dəyişməsi faktına rast gəlməmişəm. “Filan kitabı oxudum, həyatım alt-üst oldu” tipli bəyanlara da inanmıram. Bəlkə, ona görə ki, bədii əsərlərdəki əyləncə elementi onların toxunduğu mənəvi problemlərə bir qədər hipotetik məna verir. Kimsə bunun əksini də iddia edə bilər, amma çətin ki, onun bu məsələylə bağlı ciddi faktları olsun. Nakam sevgidən əziyyət çəkən bir neçə qızın Yeseninə görə özünü həlak etməsi xaric. Hər halda, Eynşteyn Dostoyevskini sevdiyinə görə Eynşteyn olmayıb.
Qələm əhli hər vəchlə ədəbiyyatın insana təcir gücünü şişirtməyə meyillidir. Bunu başa düşmək olar, amma iddia gerçəkliyə söykənmir. Belə şeylərlə ancaq bədii ədəbiyyatın özündə rastlaşmaq olar. Məsələn, “Dorian Qreyin portreti”ndə qəhrəmanın oxuduğu roman onun bütün həyatını dəyişir. Bu tipli başqa misallar da olmamış deyil. Amma səmavi kitabları oxuyub, yaxşı və pis mənada havalanan insanların sayı-hesabı yoxdur. Yaxud, tutalım, Marksın “Kapital”ı bütöv nəsillərin həyatına təsir edib və s.
Yaxud Napoleonun bioqrafiyasını oxuyub, aləmi bir-birinə qatan insanların sayı-hesabı yoxdur”.
Cəlil Cavanşir: “İlk dəfə Valentina Oseyevanın “Vasyok Trubaçov və yoldaşları” kitabını oxuyanda ağlamışdım və Qarabağ müharibəsinin partizanı olmaq istəmişdim. Onda hələ 4-cü, ya da beşinci sinifdə oxuyurdum.
Uşaqlıqda mütaliə elədiyim kitabların siyahısı çox qarmaqarışıqdır. Xatırlamağa çalışıram: “Robinzon Kruzo” , “Başsız atlı”, “Min bir gecə”, “Ulenşpigel əfsanəsi”, “Baskervillərin iti”, “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənçi”, “Martin İden”, “Üç müşketyor”, “Qılınc və qələm”, “Tom dayının daxması”, “Kapitan Qrantın uşaqları”, “Yad gəlini”, “Fosforlu Cevriyyə”, “Ömür kitabı…”
Sonra mədrəsə illərim başladı. Onda 6-cı sinifə yenicə başlamışdım. Ərəb əlifbasını öyrəndikdən sonra dünyəvi kitablarla aramda böyük bir uçurum yarandı. Mədrəsə illərində oxuduğum ilk iri həcmli əsər “Xatəmül-Ənbiya” oldu.
Daha sonra “Quran”ın türkcə tərcüməsini və Osman Nuri Topbaşın və Musa Topbaşın kitablarını oxumağa başladım.
Mədrəsədə oxuya biləcəyimiz bədii kitablar da vardı. Hekimoğlu İsmailin “Minyeli Abdullah”, “Maznun”, Şule Yüksel Şenlerin “Huzur Sokağı” romanları hafizlik mədrəsəsində oxuduğum dönəmlərin ən sevimli kitabları idi.
Mədrəsə illərimdə mən yalnız bir kitabdan çox təsirlənişdim – Nəcib Fazil Qısakürəyin “Tarih boyunca ən böyük mazlumlar” romanından. Bir həftə ağlamışdım kitabı oxuya-oxuya. İnanmıram ki, Kərbəla müsibətini bu qədər təsirli təsvir edən ikinci bir əsər yazılmış olsun.
Mədrəsədən ayrılandan sonra yenə dünyəvi kitablar oxumağa başladım.
Sonra əsgərlik, yenə mədrəsə və universitet illəri...
Əsgərlikdən sonra uzun müddət dini kitabları əlimdən yerə qoymadım. İmam Qəzalinin “Kimya-yı Seadet”, “Mişkatul envar”, “İhyayi Ulumiddin”, “Qəlblərin kəşfi” Arabinin “Kitabül Vasaya” əsərlərini hərbi xidmətdən sonra təhsil aldığım mədrəsədə oxudum.
Sonra universitet illəri başladı. Kamyu, Nitşe, Balzak, Hüqo, Drayzer, Freyd və onlarla başqa müəllifin dillərə dastan olan kitabları.
Universitet illərində yalnız Drayzerin “Dahi”sinə ağladım.
Məni sarsıdan və ən böyük kitab hesab elədiyim “Məsnəvi”ni tələbəlik illərimdə oxudum”.
Elmin Nuri: “Elə kitablar, əsərlər olub ki, onları oxuyandan sonra dünyaya başqa pəncərədən boylanmalı, başqa bir "eynəy"in altından aləmi müşahidə etməli olmuşuq. Dünyaya yanaşmamı ilk olaraq dəyişən kitab – Mövlanənin “Məsnəvi”si oldu. O zaman ikinci kursda oxuyurdum və heç kəsə açıb deyə bilmədiyim, sanki öz kəşfim olan dünyanın orada yatdığını gördüm. Daha sonra Xətainin sufi məzmunlu gəraylı və qoşmaları, Dostoyevskinin “Karamazov qardaşları” romanı, Çexovun “6 nömrəli palata” kimi möhtəşəm əsərləri bu fərqli dünyanın qapılarını daha da genişləndirdi. Mövzu və ruh fərqli olsa da, onlar mənə fərqli dünyalar bağışladılar.
Daha sonra Paulo Koelyonun “Əl kimyagər”, “İşıq savaşçısının kitabı” romanları da dünyaların sayını artırdı. Bu əsərlər intellektual ədəbiyyata aid olmasalar da, daima baş sındırdığım, gizli şifrələr, rəmz və işarələrin dilini, həqiqətə aparan simvolikanı burada tapa bildim.
Sonrakı “dünya”ların müəllifləri isə - Budda, Nizami, İbn Sina, İbn Ərəbi, Əl Qəzali, Nəsimi, Seyid Yəhya Bakuvi, Sührəvərdi, Borxes, Tolstoy, Rey Bredberi, Artur Klark, İdris Şah, Orxan Pamuk, Ayzek Azimov, Çingiz Aytmatov, Asif Ata, İsa Muğanna, Vaqif Bayatlı Odər, və başqaları oldu.
Platonovun “Can”, böyük Hessenin “Siddhartha”, “Demian”, “Muncuq oyunu” kimi romanları və kiçik esseleri də fərqli dünyanın özü idi. Bir kitabın da adını mütləq deməliyəm: BDU-nun dosenti Mətanət Abdullayevanın “Bədii ədəbiyyat ezoterik xəzinə kimi” kitabı mənim klassik ədəbiyyata baxışımı tamamilə dəyişdi.
Mirmehdi Ağaoğlu: “Konkret bir kitab adı çəkmək çətindir. Çünki mənə elə gəlir ki, oxuduğum bütün kitabların təsiri olub. Lap uşaq yaşlarımdan oxuduğum kitablardan öyrənməyə çalışmışam. Bu, etik mənada da ola bilər, dünyagörüş mənasında da, sırf yazıçılıq ustalığı mənasında da.
Bəlkə, sadəlövhlük çıxacaq, uşaq vaxtı Əlisə Nicatın “Qzılbaşlar” əsərini oxuyanda orda bir obraza rast gəlmişdim – təəssüf ki ,adını indi unutmuşam – o qəhrəmana çuğulluq etməyi tapşırırlar. Amma o, bunu etmir, deyir kiminsə səhvini görsəm özüm həll edərəm, daha gəlib kiməsə demərəm.
Nədənsə bu obraz mənim yadımdan çıxmayıb. Hər dəfə oxşar situasiya ilə qarşılaşanda həmin obraz gəlib durur gözümün qabağında və mən öz-özümə deyirəm ki, Mirmehdi, oxuduqlarına, öyrəndiklərinə xəyanət etmə, və sair və ilaxır…
Bax belə, bu mənada bütün kitablar mənə necəsə təsir edib, formalaşmağımda, bu yaşıma gəlməyimdə müstəsna rolu olub. Bu təsirin anormal forması da olur. Con Lennonu öldürən Çapmanı deyirəm. Cinayətdən sonra onun cibindən Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri çıxmışdı və dindirilmə zamanı ondan soruşanda ki, bu cinayəti sənə törətməyi kim tapşırmışdı, o , cavab vermişdi: “Holden Kolfild”.
Mən hətta kitabın belə bu cür təsirini təhlükəli hesab edirəm. Necə ki, dünyanın hər yerində milyardlarla insan böyük kitabların mənfi təsirinə düşərək qan tökürlər. Halbuki o kitablar qan tökmək üçün göndərilməmişdi”.
Sərdar Amin: “Ədəbiyyata klassik əsərləri mütaliə ilə başlamışam. İlk inqilabi estetik fərqlə Orxan Fikrətoğlunun “Səhər” hekayələr kitabında rastlaşmışdım. 1990-cı illərdə nəşr olunan bu kitabda qayıqda batan adamın son sözləri mənə çox qəribə görünmüşdü, “Qayığa su dolur, batıram, batıram, batır... bat.. bbb...” Elə bil bir anlıq bütün oxuduqlarım mənə qəribə göründü. İlk dəfə 1-ci, 3-cü şəxsin dilindən yazılan əsərlərin fərqini, ümumiyyətlə, ədəbiyyatın mahiyyətini beynimdə fərqli taxçaya yerləşdirdi. Sonralar Pamuk bu fərqi bir az başqa yöndə dəyişdi: “Qara kitab”ı ilə. Ədəbi düşüncəmə təsir edən, hazırda xatırladığım bu iki kitabı fərqləndirə bilərəm. Ümumilikdə yaranışa, mətnə, sözə münasibətimə təsir edən əsərlərdən isə İsa Muğannanın “İdeal”ını, Kamal Abdullanın “Yarımçıq əlyazması”nı deyə bilərəm. Bir də “Kitabi Dədə Qorqud”u ikinci dəfə oxumağımın təsirini dana bilmərəm”.
Ramin Paşazadə: “Mənim həyata baxışımı dəyişmək mərhələli şəkildə baş verib. İlk olaraq həyata olan baxışlarımı valideynlərim yaradıb. Sonra indi həyatda olmayan müəllimlərim formalaşdırıb. Daha sonra Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd bəy Ağaoğlu, Abasqulu Ağa Bakıxanov, Cəmaləddin Əfqani kimi şəxslərin əsərlərini oxuyandan sonra bir millət kimi kim olduğumuzu, dünyada hansı yeri tutduğumuzu, hansı dəyərlərimizə söykənərək, hara getdiyimizi anlamışam.
Seyid Yəhya Bakuvi, Şəms Təbrizi kimi zatların mənə mənəvi yöndə qoyduqları təsiri isə xüsusi vurğulamalıyam. Onların sayəsində anlamışam ki, insan ilk növbədə özünü tanımalıdır. Özünü tanımayan insan heç kimi, heç nəyi yaxşı tanıya bilməz
İntellektual yöndə baxışlarımı formalaşdırmaqda Azad Mirzəcanzadə və Qorxmaz Quliyev kimi adamların böyük təsiri olub. Hər zaman onların məqalələrini, çıxışlarını, kitablarını “acgözlüklə” oxuyub, ləzzət almışam.
Ədəbiyyatda isə Tolstoy, Dostoyevski, Nabokov, Hüqo, Borxes, Folkner, Pamuk və Züskind kimi dünya yazarları isə mənə ədəbiyyatın, sənətin nə olduğunu anladıblar. Onları oxuyub bilmişəm ki, çağdaş dünyada sənətin və ədəbiyyatın rolu nədən ibarətdi, sənət nədir və necə olmalıdır”.
Fərid Hüseyn: “Mənə müxtəlif məqamlarda ayrı-ayrı kitablar təsir edib, onlardan parçalar, misralar, həqiqətə “tuşlanmağıma” səbəb olub, ucadan baxmağa gen yer veriblər mənə. Ancaq həyatım nə dərəcədə dəyişib, bunu dəqiq deyə bilmərəm. Məsələn, Qətran Təbrizinin mədhiyyələrindəki düzümlü ifadələr, metafora sistemi mənə təsir edib, həmin misraları şaha yox, Allaha, qadına aid edəndə görmüşəm ki, o, necə nəhayətsiz bir istedad payı bağışlanmış şair olub, ancaq dövranın əlindən salamat çıxa bilməyib, bunu dərk edib sarsılmışam.
Tolstoyun “Etiraflar”ım, “Susa bilmirəm” müraciətini oxuyanda gözüm dolub, ürəyimdəki təsiri duymuşam. Lermontovun “Zəmanəmizin qəhrəmanı”nı oxuyanda həvəsə, ötəriliyə nifrətim artıb. Yaxud “Qurani-Kərim”i oxuyanda “Hər kəs öz əməlinin girovudur” fikri qəlpə kimi canımda uzun müddət “gəzib”.
Bütünlüklə dəyişmək müşküldü. Güldüyün şeylərlə özün məşğul olmadan yaşamaq çətindi. Hər gün imtahan verə bilmək, çox ciddi daxili hazırlıq tələb edir. Cavanlıqsa vadaredicidi. Öyrənməklə bilməyin fərqi var...”
Rəbiqə Nazimqızı: “Bütün kitablar nəsə iz qoyublar. “Uzuncorab Peppi”dən tutmuş müasir ədəbiyyat nümunələrinədək. Amma bir kitab əsaslı dönüş edib həyatımda. Depressiyadan çıxarıb, çoxlu dəyişiklik gətirib. Elə böyük ədəbi hadisə deyil, böyük ədəbiyyat olub-olmadığını da deyə bilmərəm. Amma Koelyonun “Kimyagər”indən sonra həyatımda mistik dəyşikliklər başladı. Əlbəttə, müsbət tərəfdən. Qara eynəyim çəhrayı ilə əvəz olundu. İndi bu mənə yaşamağa da kömək edir, həyatı, insanları sevməyə də. Başa düşmüşəm ki, niyyəti xoş olan, yaxşı şeylərə inanan adam mütləq hədəflərinə çatır”.
Sevinc Fədai