1 Noyabr 2016 12:00
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fuad Poladov sənəti atmayıb, sadəcə, “Azdrama”dan gedib, amma fəaliyyətini Rus Dramda davam etdirir. Amma o boyda nəhəngin Akademik Milli Dram Teatrından çıxmağı təbii ki, bizim teatra, ümumiyyətlə, Azərbaycan teatr sənətinə böyük ziyandır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib. Onun sözlərinə görə, “Azdrama” Fuad Poladovun doğma teatrıdır və bu, müvəqqəti ayrılıqdır: “Onun gedişi ilə Akademik Milli Dram Teatrı itirdi. Amma Fuad Poladov Rus Dram Teatrında həmişə olub və olacaq. Bundan öncə o İbrus Teatrında da işləyirdi. Eyni anda Azər Paşa Nemətovun rəhbəri olduğu “Zəfər” Teatrında da çalışırdı. O elə sənətkardır ki, onun üçün hər yerdə yaşıl işıq var. Akademik Dram Teatrı da onun doğma ana teatrıdır. Onun üçün teatrda qapılar hər zaman açıq olacaq. Mən buna özüm qədər əminəm. Çünki bizim ona böyük ehtiyacımız var. Çünki Azərbaycan teatrının Fuad Poladova çox böyük ehtiyacı var.

Fuad müəllimi 30 ildən çoxdur ki, tanıyıram. Teatr səhnəsində də, filmdə də birgə işləmişik. Ondan başqa Fuadla bir-birimizə çox gözəl münasibətimiz var. Azər müəllimlə də onlar uzun illərin dostlarıdır. Azər müəllim ən gözəl tamaşalarını Fuadla qurub. Fuadın ən gözəl rolları Azər müəllimim tamaşalarında olub. Bunu özü də danmır. İki dostum arasına girmək, nəsə demək düzgün olmaz və bizə də düşməz.

Onu da bilirəm Fuad müəllim çox prinsipial adamdır və həyatı böyu səhv addım atmayıb. O an elə hiss edib. Onun fikrinə çox hörmətlə yanaşıram. Onu fikrindən döndərmək mümkün olarmı, bilmirəm. Amma bir şeyi istəyirəm qeyd edəsiniz, mən inanıram ki, o yenə də bizim yanımızda olacaq. Bu, müvəqqəti ayrılıqdır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər