16 Noyabr 2016 16:28
2 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış yazarlar arasında sorğu keçirib: “Meyxana dinləyirsinizmi?”

Səslənən fikirləri təqdim edirik:

Əsəd Cahangir: “Əvvəllər bir-iki dəfə qulaq asdım. Sonra bezdirdi məni. Bayağı görünürdü. Sonra meyxanaçıları bir tərəfə qoyub onun fəlsəfəsinə, metafizikasına getdim və bu dəfə meyxana artıq bir dinləyici kimi yox, bir metafizik kimi mənə maraqlı oldu. Bu gün meyxana mənə maraqlıdır. Amma əksəriyyətin düşündüyü anlamda onun zahiri tərəfi ilə bağlı deyil. Meyxana deqradasiya olmuş ilahi həqiqətlərin küllüyüdür. O həqiqətlər əsrlər boyu yanıb və indi onun düşüncədə külü qalıb. Bu anlamda meyxanaçılar özləri də nə işlə məşğul olduqlarını bilmirlər. Onları nə etdiyini bilmədən məhsul istehsal edən dəzgaha bənzədirəm. Dəzgahın isə arxasında duran var. Bu gün meyxana bu yöndən mənim üçün maraq kəsb edir”.

Sərdar Amin: “Son vaxtlar demək olar ki, marağımda deyil. Meyxananın dərinliyini anlaya bilmirəm. Sənət kimi deyil, əyləncə kimi qəbul edirəm. Məsələn, ilk dəfə meyxana sturukturu ilə tanış olan şəxs bilsə ki, bədahətən meyxanaçı çox çətin şərtlər daxilində 4-5 sətir söz deyir, bu, ona çox maraqlı gələr. Zaman keçdikcə meyxana çox da sehirli görünmür. Təbii ki, meyxana müəllifdən xüsusi bacarıq, istedad tələb edir. Hər insanın bacardığı iş deyil. Amma bir reallıq var: bir şeyin ki, üzərində çalışıb daha dəyərli formasını təqdim etmək mümkünsə, niyə onu tələm-tələsik deməliyik? Meyxana yalnız “bədahətən” tərəfi ilə maraqlıdır, heç vaxt sənət hesab oluna bilməz. Meyxanaçı nə qədər sitedadlı olsa da, meyxana bayağıdır. Bəlli bir ənənə kimi yaşamasının tərəfdarıyam. Meyxananın yazılı ədəbiyyatla müqayisədə məziyyəti odur ki, bura istedadsız adam burnunun ucunu da soxa bilmir. Bu meydan, bu da şeytan prinsipi meyxanada diri qalıb. Bacarığın var, çıx meydana sözünü de. Amma yazılı ədəbiyyata başqasının əlilə yazanlar, istedadsızlığına zamanla don geydirənlər, gözə kül üfürənlər qurşağa qədər olsa da girə bilir”.

Elmin Nuri: “Meyxanaya, daha doğrusu, indi deyilən “meyxana”lara münasibətim nifrətdən də o tərəfədir. Bu nifrət artıq pataloji həddə çatıb. Ona görə indiki deyirəm ki, orta əsrlərdə meyxana tamam ayrı mahiyyət kəsb edirdi. Şərqin şərab düşkünü olan şairlərinin eyş-işrət ocaqlarına verdikləri meyxana adı da kökündən yanlışdır. Həqiqət aşiqləri olan dərvişlər bir yerə toplanaraq ilahi həqiqəti mədh edən müdrik kəlamları bədahətən deyərlərmiş. Bax budur, meyxana. İndi isə... Sadəcə, danışmaq istəmirəm. Yalnız bir-iki detalı deyim ki, meyxanaya olan nifrətimi dolğun təsvir edə bilim: Bu gün əgər ən yaxın dostumun, hətta ailə üzvlərimin belə meyxanadan xoşlandığını öyrənsəm, onlara olan münasibətim 180 dərəcə dəyişər. Mən hələ danışmıram ki, indiki meyxana deyənlər hansı etik qaydaları pozur, özlərini toylarda necə aparır, efirdə necə at oynadırlar. Bu tərəfə, ümumiyyətlə, toxunmaq istəmirəm ki, bunun da əsas səbəbi özümdə daşıdığım pataloji nifrətdir.

Təsəvvür edirsizmi, bir zaman böyük sufilərin batini fikirlərin bədahətən sözə çecrilməsindən alınan meyxana bu gün öz mahiyyətindən nə qədər uzaqdır? Bunu təsəvvür etmək belə mümkün deyil”.

Faiq Balabəyli: “Meyxananı dinləyirəm. Münasibətim də pis deyil. Amma baxır meyxananın məzmununa. Bayağı, şit, vulqar sözlər ürəyimcə deyil və onları dinləmirəm. Meyxana çevik ağıl, bədahətən söz demək, hazırcavablıq tələb edir. Son vaxtlar yeniliklər edilir. Bu çox yaxşıdır”.

Rövşən Danyeri: “Meyxana ilə bağlı fikirlər birmənalı deyil. Bəziləri birdəfəlik inkar edir, digərləri isə göylərə qaldırıb ruhla əlaqələndirirlər. Ümumiyyətlə, məncə, nəyisə kəsib atmaq, görməzdən gəlmək ən asan olanıdır. Pis, yaxud yaxşı - bu Azərbaycana məxsus folklor nümunəsidir. Əgər pisdirsə belə biz fikirləşməliyik ki, bunu necə inkişaf etdirib, hansı formada dünyaya təqdim edə bilərik. Aşıq sənəti ilə bağlı da analoji müzakirələr gedir. Bu dəfə meyxananı pisləyənlər, sazın tərəfində dururlar. Bəziləri də sazı bayağı musiqi adlandırır. Biz istər aşıq sənətində, istərsə də meyxanada reformlara getməliyik. Bunun üzərində də birbaşa musiqi savadı olan şəxslər fikirləşməli, müxtəlif formalar təqdim etməlidir. Bundan kənarda gedən müzakirələr “Sənin zövqün yaxşıdır, yoxsa mənim?” davasından kənara çıxmayacaq.

Əsəd Qaraqaplan: “Meyxanaya münasibətim yaxşı deyil. Meyxana klounluqdur, dinləmirəm”.

Rəbiqə Nazimqızı: “Dinləmirəm, sevmirəm. Hərçənd maraqlı, mənalı, predmetli deyişmə olsa, qulaq asa bilərəm. Amma çox qısa müddətə. Ümumilikdə mənə yaxın janr deyil”.

Orxan Zaman: “Nə yalan deyim, əvvəl dinləmişəm, dünyagörüşümün formalaşmadığı, zövqümün dərinləşmədiyi vaxtlarda. Aydın Xırdalanlıya pərəstiş eləmişəm. Onda meyxana məni qaza gətirirdi, mənə bir söz deyən adama meyxana dilində cavab verməyi xoşlayırdım. Sonra meyxana uzaq bir keçmiş kimi geridə qaldı. Getdikcə gözümdə ucuzlaşdı. Artıq eşidəndə qıcıqlanmağa başlayırdım. İndi də eləyəm. İndiki dünyagörüşüm və zövqümlə heç uyuşdura bilmirəm. Meyxanaya heç əyləncə kimi də qulaq asa bilmirəm. Həddindən artıq ürəkbulandıran bir musiqi janrı kimi gəlir mənə.

Meyxana əvvəllər bizdə belə olmayıb. Mən əvvəl onu folklor nümunəsi kimi bilmirdim, bir neçə nəfərlə mübahisə eləmişdim ki, bayağı olan necə folklor ola bilər? Sonra bir universitet müəllimim mənə dedi meyxana bizim folklora aiddir. Amma indiki meyxanaları istər estetik baxımdan, istərsə də məna dərinliyi baxımından heç nəyə aid eləmək olmur. Həddindən artıq ucuzlaşdırıblar onu”.

Mirmehdi Ağaoğlu: “Meyxana da sənətin bir növüdür. Düzdür, subkulturadır, bir sənət növü kimi ifadə imkanları, yayılma arealı zəifdir. Olsun. Mən daha çox klassik, çırtma-nağara ilə olan meyxanaları sevirəm. Uşaq vaxtı bir-iki dəfə belə məclislərdə olmuşam, amma görünür, “tüstüyə düşməmişəm”, indi o qədər də maraqla izləmirəm. Amma deyim ki, ildə iki-üç dəfə, kefim yaxşı olanda internetdən il ərzində çıxan meyxanalara nəzər yetirirəm. Xoşuma gələn olanda bir neçə dəfə dinləyirəm. Məsələn, bir meyxana vardı, hər dəfə sonuncu misra Azərbayncan filmlərindən bir replika olurdu. Əla da demişdilər. Bu, artıq sənətkarlıq tələb edir, iki ayrı sənət sahəsini bu cür sintez etmək də məharət istəyir. O meyxanadan xoşum gəlmişdi”.

Dilqəm Əhməd: “Uşaq vaxtı dinləyərdim. Hətta “Meyxana” və “Abşeron meyxanaları” adlı kitabları da almışdım. O zaman meyxanalarda səviyyə vardı. İndikiləri kitablaşdırmaq mümkün deyil. İndi dinləmirəm”.

Sevinc


Müəllif:

Oxşar xəbərlər