Kann kino festivalında xırda-para qalmaqallar mütəmadi olur, əksəriyyəti də sabahısı gün unudulur. Yəni, kim nə dedi, kim necə geyindi, kim kimə necə baxdı və s. Əlbəttə, onların çoxu reklam xarakteri daşıyır və heç təşkilatçılar da narazı qalmır. Ancaq Kannın tarixində 3 iri qalmaqalı xatırlamaq olar ki, onların rezonansı illər keçəndən sonra da səngisə belə, unudulmur.
Onlardan birincisi 1968-ci ilə təsadüf edir və başqa şərtlər daxilində bir festival kimi Kannın tamamilə sonu ola bilərdi. O qalmaqalın səbəbi İnqilab idi (ya da Qiyam. Hər kəsə öz termini).
İkinci hadisə 1979-cu ildə qeydə alınır ki, onun da səbəbi senzura idi. Hədəf kimi yuqoslav rejissoru Lordan Zafranoviçin çox maraqlı və dəyərli filmi olan “İşğal 26 epizodda” filmi seçilmişdi.
Nəhayət, üçüncü münaqişə sırf epataj xarakteri daşıyırdı, 2009-cu ildə qeydə alınıb (Hissəvi olaraq 2011-ci ildə də təkrarlanıb və yəqin yenə də nə vaxtsa təkrarlanacaq). Onun baiskarı nə İnqilabdı, nə senzura. Bəli, formal olaraq 2009-cu ilin qalmaqalı da film ilə bağlıydı (“Antixrist”), ancaq onun baş verməsində müəllif özü də çox maraqlıydı, çünki, bu epataj fiqur (bütün istedadına baxmayaraq) indiki postmodern dünyanın qaydaları ilə yaşamağı özünə hopdurub. Söhbət bəzən insafsızcasına “Kinonun Çe Gevarası”, bəzən “Amerikanın düşməni” kimi epitetlərlə bəzənən, mobil telefonunun musiqisi “Beynəlmiləl” olan keçmiş Danimarka komsomolçusu Lars fon Triyerdən gedir.
***
Beləliklə, 1968-ci ildən bizim günlərə qədərki dövrü əhatə edən o 3 qalmaqal həm də kinonun tarixçəsindəki metamorfozları ifadə edir. Əvvəlcə Qiyam, sonra senzura, axırda isə quru epataj. 45 illik yolun dayanacaqları...
“68-lər”in qalmaqalı nə qədər reklam aksiyasına bənzəsə belə, onun arxasında konkret dövr, etiraz çıxışları, sosial konflikt və dünyanı dəyişmək istəyi dayanırdı. 1979-cu ildə “İşğal 26 epizodda” filmi ilə Zafranoviç qətiyyən qalmaqal doğurmaq istəmirdi, ümumiyyətlə, bu rejissor münaqişələrdən uzaq, başını aşağı salıb işini görən sakit intellektual təsiri bağışlayırdı və münaqişə ilk növbədə onun özünə gərək deyildi. Bizim günlərimizdə isə Lars fon Triyer personası ətrafında olan istənilən qalmaqalda əsas maraqlı sima kimi görünməkdədir. Vaxtilə müdrik Montenin öz “Təcrübələr”ində yazdığı kimi: “Onlar üçün haqlarında nə danışıldığı əhəmiyyətli deyil. Əsas odur ki, haqlarında danışılsın”.
Yəni, fon Triyer deqradasiyası davam edən hazırkı zövqlərin tipik qoruyucusudur. Bəlkə də güzgüsü - yəni, baxın və özünüzü görün.. Sonunda da o, Kann festivalının ştatlı qalmaqalçısı imicini formalaşdırmaqdadır. Ondan hər dəfə yeni qalmaqal gözləyirlər, alınmayanda qüssələnirlər. Bu, iki uclu çubuq kimidir - razılar da razıdır, formal narazılar da. Küylü reklam isə istehlak zənbilinin əşyasına çevrilmiş kino satışının mühərriki rolunu oynamağındadır.
***
Bu mövzunu geniş əhatə etmək cəhdimiz də incəsənət hadisəsi sayılan kinonun haradan haraya tənəzzül etdiyini göstərməkdir. Mədəni hadisə qalmaqal alətinə dönüşdürülür. Artıq incəsənətlə də bir maddiyyat, əmtəə kimi davranılır.
Əgər 1968-ci ildə Qodar və Tryüffo başda olmaqla “Yeni dalğa” üzvləri Kanna hücum çəkəndə siyasi və sosial motivlərlə silahlanmışdılarsa, yaxud Lordan Zafranoviçin filmi 11 il sonra məhz siyasi və kulturoloji kontekstdə hay-küyə səbəb olmuşdusa, artıq qalmaqal yaratmaq və gündəmi zəbt etmək üçün nə sosial, nə də siyasi polemika tələb olunur. Yetər ki, filmi zoofil və nekrofil səhnələrlə doldur, yaxud tabuları qırırmışsan kimi “Mən nasistəm” kəlməsini istifadəyə burax - buyur, söz-söhbət, ad-san, çəkdiyin filmin reklamı təmin olunub. Halbuki, film özlüyündə heç də pis olmaya, ya da çox yaxşı ola bilər.
Bir sözlə, postmodern...
***
Darıxdırıcı, boz illərin növbələşməsində 1968-ci il qeyri-adi bir il idi. Sanki bütün dünya Qiyama qalxmışdı. ABŞ-dan Filippinə, Uruqvaydan Əlcəzairə, Meksikadan Çexoslovakiyaya qədər hər yerdə Sistemə qarşı mübarizə gedirdi.
Sonralar, retrospektiv baxışda hər şey fərqli görünəcəkdi. Əslində, Sistem baş verənlərə çox yaxşı uyğunlaşdı, İnqilab başlamamış əks-inqilab baş verdi, qiyamçılar isə Sistemi əvəzləməkdən daha çox Qiyamın imitasiyası ilə məşğul oldular. Bir sözlə, Qiyamın əhlilləşdirilməsi baş verdi. Dünənki inqilabçılar isə kütləvi şəkildə isteblişmentin xidmətinə keçdilər.
Ancaq bütün bunlar sonralar bəlli olacaqdı. Hələlik isə elə təəssürat yaranırdı ki, guya istismar dünyası Azad, Ədalətli dünyanı doğmağa çalışır və bu gənc qiyamçılar da tarixin mamaçalarıdır.
“Paris mayı”nın iştirakçıları “Qadağan etmək qadağandır!”, “Hakimiyyətə fantaziya gəlir!”, yaxud “Saqqallı filosof Sorbonnaya qayıdır!” (Marks nəzərdə tutulurdu - Red.) kimi şüarlar hayqırır, barrikadalar qurur, polislə küçə döyüşlərinə girirdi. Sevimli rejissorlarımdan biri - Lui Mal (“Eşafoto aparan lift”in və “Lakomb Lüsyen”in rejissoru) hadisələr bitəndən sonra deyəcəkdi: “Bunu mütəmadi praktikaya çevirmək lazımdır. 68-in Mayı hər 4 ildən bir təkrarlanmalıdır. Katarsis Olimpiya oyunlardındakından daha güclüdür”.
Müqəddəs sadəlövhlük, başqa nə deyəsən?!
Belə bir atmosferdə - mayın 10-da Kannda növbəti kino festivalı işinə başlayır. “Yeni dalğa” rejissorları bu “burjua tədbiri”nə son vermək qərarına gəlirlər. Daha əvvəl simvolik bir hadisə baş vermişdi - “Sinematika”nın direktoru, onların “xaç atası” olan Anri Lanqlua işdən uzaqlaşdırılmış (əmri şəxsən mədəniyyət naziri Andre Malro vermişdi), ancaq etiraz aksiyalarından təşvişə düşən hökumət onu yenidən işinə bərpa etmişdi. Əlbəttə, zəfər. Görürsüz, etirazlarla hər şeyə nail olmaq mümkündür! - Qodar, Tryüffo və dostlarının fikir gedişatı təxminən bu cürdü. Ruhlanan qiyamçılar Kannda çevriliş qərarına gəlirlər.
Həmin il Kann festivalına Sovet nümayəndə heyəti Aleksandr Zarxinin “Anna Karenina”sı ilə getmişdi. Baş rolu bənzərsiz Tatyana Samoylovanın oynadığı film festivalın əsas favoriti sayılırdı. Ancaq prosesə siyasət qoşuldu və Samoylovaya “Durnalar uçur” filmindən sonra ikinci triumfunu yaşamaq qismət olmadı. Festival yarımçıq qapandı.
Festivalın jürisində Lui Mal, Roman Polanski, Monika Vitti vardı. Mayın 13-də Fransa tənqidçilər Assosiasiyası festival iştirakçılarına Parisdəki tələbələrlə həmrəylik ifadə etmək üçün nümayişə çıxmaq çağırışı edir. Festivalın direktoru Favr Le Bre (o, bu postda 1984-cü ilə qədər qaldı) təbii ki, razılaşmır, “Əcnəbi iştirakçıları Fransanın daxili işlərinə qatmaq olmaz” deyir, ancaq dəbdəbəli naharları ləğv etməyə razı olur. Belə olanda Tryüffonun radikal tələbi ortaya atılır: Ümumiyyətlə, festival qapanmalıdır.
Bu radikal etirazçılar da çeşidli fiqurlardı: antiburjua Tryüffo əsl burjua həyat tərzi keçirirdi, Klod Lelyüş isə Kanna ümumiyyətlə öz şəxsi yaxtasında gəlmişdi. Lap Floberin söylədiyi sayaq: “Onlar Tanrı kimi düşünüb, burjua kimi yaşamaq istəyirdilər”. Yenə Qodarla hər şey az-çox aydın idi: yenicə “Çinli qız”ın və “Uik-end”in çəkilişlərini tamamlamış, maoçuluğa qurşanmış Jan-Lük Qodar az-çox asket həyat tərzi ilə seçilirdi, ancaq digərləri barədə bu sözləri təkrarlamaq olmazdı.
Tryüffo tələbini yenicə yaradılmış “Fransa kinosunun Baş ştatları” adından səsləndirir. Bu qurumun adı ikili məna daşıyırdı. Əvvəla, bununla rejissorlar və kino tələbələri özlərini 1789-cu ilin inqilabçılarının birbaşa xələfləri elan etmiş olurdular. İkinci tərəfdən isə, 1789-cu ilin Baş ştatları bəllidir ki, burjuaziyanın qurumu idi.
Mayın 18-də Tryüffo mətbuat konfransına qatılır və Qodarın, Lui Malın, Miloş Formanın, Lelyuşun əhatəsində “Baş şatatlar”ın rəsmi müraciətini - festivalı qapatmaq təklifini səsləndirir. Forman özünün “Yanğınsöndürənlərin balı” filmini müsabiqədən kənarlaşdırdığını elan edir və alqışlanır. Polanski onları “İnqilab oyunu oynayan uşaqlar” adlandırır, ancaq buna baxmayaraq jürini tərk edir. “Variety” jurnalına müsahibəsində o, addımını bu cür izah edir: “Tələbələrlə həmrəy olduğuma görə festivaldan uzaqlaşdım. Bunu Kanna qarşı qərəz kimi qiymətləndirməyin”.
Sonrakı 2 gün əsəbi mübahisə və müzakirələrdə keçir. Bəlli olur ki, heç etirazçıların da öz aralarında fikir birliyi yoxdur. Spontan hərəkət və ekssesslər üçün bu, xarakterik cəhətdir. Bilirlər ki, nəsə yenilik istəyirlər, ancaq niyə və nəyi? - sualın cavabı aydın formalaşdırılmır. Jüri üzvü Lui Mal həmkarları arasında təbliğat apararaq onları festivaldan imtina etməyə çağırır və Monika Vittini inandıra bilir. Qodar Polanski ilə danışıqlar aparır. Təşkilatçılar isə nə olur olsun, festivalın davam etməsinə çalışırlar.
Sonralar Lui Mal xatırlayacaqdı: Hamı sudan quru çıxdı, Kann festivalının yarımçıq qalmasında bütün günahları məhz onun boynuna yıxdılar, yaxınlıqdakı kafedə isə ona xidmət etməkdən imtina etdilər.
Hadisələrin canlı şahidi olmuş amerikalı prodüser Sendi Liberson xatırlayacaqdı: “Qonaqlar şokda idi. Onların məntiqi bu cürdü: “Bu, bizim biznesimizdir. Buraya kinoya baxmaq, kino satmaq və almaq, sövdələşmək üçün gəlmişik”. Hadisələr bizi qəfil yaxalamışdı. Ancaq hansısa anda baş verənlər dəlicəsinə xoşumuza gəlməyə başladı. ABŞ-da Solçu olmaq olmazdı. Bəli, kommunizm! Fransızlara əhsən, onlar hakimiyyətə qarşı çıxmaq üçün özlərində yetərincə barıt tapmışdılar”.
Ən radikal çıxışları Qodar edir. O, Böyük zalda toplaşanlara notasiyalar oxuyur, onları inqilabi hərəkatı kinoda əks etdirə bilməməkdə suçlayaraq deyir: “Fəhlə və tələbələrin qarşılaşdığı problemləri canlandıran bircə dənə də film yoxdur. Bu haqda nə Forman, nə Polanski, nə Tryüffo bir söz deyə bilib. Biz hamımız baş verənlərdən kənardayıq!”
Bu kəlmələr radikal siyasət naminə öz ənənəvi baxışlarından imtina edən birisinin kəlmələri idi. O vaxtdan da Qodar kommersiya filmləri çəkməkdən birdəfəlik uzaqlaşacaq, Tryüffo ilə dostluğuna da nöqtə qoyacaqdı.
Favr Le Bre məcbur olub Kann merindən binanı inqilabçılardan təmizləmək üçün kömək istəyir və rədd cavabı alır. Festival mayın 24-ə qədər davam etməliydi, ancaq Le Bre mayın 18-də Kann festivalını bağlı elan edir...
(Ardı var)