Azərbaycanda yeni internet televiziyası - “Ayna” TV yayıma başlayır.
Bu haqda telejurnalist Qulu Məhərrəmli Teleqraf.com-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, hələlik həftədə bir dəfə təxminən 25-30 dəqiqəlik müzakirə proqramı efirə çıxacaq: “Həm saytdakı məqalələr, həm də günün mühüm hadisələri bu müzakirələrin əsas mövzusu olacaq. Artıq “Ayna”nın müəllifləri ilk verilişdə ötən ili səciyyələndirməyə çalışıblar”.
Qulu Məhərrəmli qeyd edib ki, gələcəkdə onlayn internet televiziyası kimi fəaliyyət göstərmək nəzərdə tutulub: “Müəyyən güc, imkan formalaşanda layihəni tədricən internet TV platformasına keçirəcəyik. 24 saat yayım olmasa da, sabit proqramlar efirə gedəcək. Bu gün alternativ informasiyaya və müzakirələrə ehtiyac var. Biz yazdıqlarımızı, cəmiyyəti narahat edən problemləri müzakirə eləmək qənaətinə gəldik”.
Telejurnalist hazırda məhdud texniki imkanlar hesabına qısa materiallar hazırlandığını vurğulayıb: “Hələlik böyük texniki güc və böyük maliyyə yoxdur. Bu dəqiqə tamaşaçı üçün önəmli olan texniki parlaqlıq deyil, mövzu, şəxslər və fikirlər maraqlıdır. Qərara gəldik ki, bu cür verilişlə diqqəti müəyyən dərəcədə cəlb etmək olar”.
Qeyd edək ki, “Ayna”nın müəllifləri Elçin Şıxlı, İbrahim Nəbioğlu, Qulu Məhərrəmli, Rauf Mirqədirov və Arif Əliyevdir.
Nərgiz