Proza yazan çoxdur; amma nasir istedadı hər gün ələ gələn deyil. Odur ki, qədrini bilmək gərək. Xüsusən də istedad sahibinin özü; onu bihudə xərcləməyə.
Səyyad Aranın 65 yaşı tamam olur. Mən onu günlərin bir günü nasir qələmindən tanımışam. Yenə də qələminin heyranıyam. Təzəcə çıxmış “Sazaq” kitabını (Bakı, “Vektor”, 2016) oxudum. Beş əsəri toplanıb burda; güman ki, ömrə hesabat qismindən. “Təmizlik kağızı”, “Soyuq günəş”, “Balıq günü”, “Günün günorta çağı”, “Havalar soyuyanda” və “Sazaq”.
Dəyər, qardaşım! Yenə həmən nasir azartı, isti-isti həyat mənzərələri, oxucunun cəlb olunduğu Mətn aurası və mətn-arası sözsüz-sovsuz yazıçı düşüncəsi. Hər şey qaydasındadır, Səyyad Aran! İnsan ömür yaşayır, yazısı qalır. Özgə ötüb-keçən nə varsa, bihudədir, qələmə gəlmirsə.
“Təmizlik kağızı”nı haçansa oxumuşdum; gərək ki, “Soyuq günəş” kitabında (1996). Amma elə bil heç oxumamış, oxuyammamışammış. Bəlkə ömür keçir, hər şeyi qayıdıb təzədən oxuyuruq, ondandır. Son dərəcə təzədir;
Təbii ki, burda Sovet həyatı var, ölümlər var; Stalinin, stalinizmin öldürdüyü və Stalin uğrunda ölən cəmiyyətin absurdluğu var. Amma burda həm də İnsan var, bütün əzabları, çətinlikləri ilə yaşayan, zamana sinə gərən insanlar var; sən varsan, mən varam, o günlərdən sağ-salamat çıxıb bu gün də var olan bizlər varıq.
Repressiya həqiqətlərini sadəcə bu günün tənqidi nəzərlərindən deyil, romantikası da, illüziya və aldanışları da olmaqla dövrün öz içindən bu qədər canlı və “qanlı” qələmə gətirən ikinci bir əsərimiz yoxdur - desəm, yəqin ki, yanılmaram. “Təmizlik kağızı” nədir; bu günün uzaqlığından baxanda: tarixin qara ləkəsi, günahsız insanlara pay verilən bəraət sənədi. Görən, nəyin bəraətidir bu, günahsızlığınmı?! Bəlkə buna görə yeniyetmə Eldarın köynəyini qanlı bayrağa çevirib, atasının günahsızlığını ölümüylə bayram etməsinin faciəvi vəcdini duymaq-anlamaq bizə bir qədər çətin gəlir. Amma bu, olubdur. Bütün bunlar olubdur. Sovet romantikası denilən bu yalan-həqiqət oksümoronunu bütün dərinliyi ilə bizə çatdıran-tanıtdıran ədəbiyyat-sənət hadisələri var, Arkadi Qaydarın “Timur və dostları” var, Makarenkonun “pedaqoji uşaqları” var... - bütöv bir sıra Sovet klassikası var. Amma müqayisə gərəkirsə, daha da çox ədəbiyyatımızın dərinlərindən, nazik bir xətlə keçən “ey dərbədər gəzib, ürəyi qan olan çocuq” motivinin, Baharın (“Bir gəncin manifesti”), “Şor cüllütü”nün mabədini oxumaq olur Eldarın taleyində...
“Soyuq günəş”i də oxumuşam nə vaxtlarsa; təbii ki, “Soyuq günəş” kitabında (1996). Və düşünmüşəm: günəşin belə qızdırmadığı, qızdırammadığı, qızdırmaq istəmədiyi o cəmiyyət nə yaxşı ki ömrünü başa vurdu, yaşayammadı, getsin-gəlməsin! Getsin-gəlməsin, məgər ki, “məəllim” yazıq Məhəmmədhəsən əmi və o ac qurdlar həm təzə Xudayar bəylərmi? “Deməli, camaat bu idarəyə nəyin bahasına olursa olsun, ona görə düşmək istəmir. Qohum-qardaş arasında, lap elə kənd, tayfa arasında da - adamın əlindən xata çıxanda bir ağsaqqal, ağbirçək sözüylə bir qanlılıq iş bağlanır. Bir kəlmə “səhv etmişəm, bağışlayın” deməklə günahından keçirlər. Mən günahkaram, boynumdan atmıram. Amma arvad da axı günahkardı. Lap mən ondan yüz dəfə üzr istəyərəm, həkimin də borcundan çıxaram, maddi zərəri də ödəyərəm. Özümüz öz aramızda razılaşarıq. Siz də vasitəçi olun da! Daha mənim bağrımı niyə çatdadırsınız, ay namərd uşağı! Bu nə müsəlmançılıqdı, nə azərbaycanlılıq, nə də insanlıq”.
Həə, qardaşım. Bu yaşayıb-qurduğumuz iyirmi beş ildə Səyyad Aranı iti qələmi ilə köhnə cəmiyyəti, əski dünyanı necə sökdüyüylə də, ansızın fəaliyyət əzmi ilə yeni həyatı necə dəstəklədiyi, ələşdirdiyi-gəlişdirdiyiynən də yaxşı tanıyırıq. Və bu boyda həngamələrdən sonra yazıçının qayıdıb üstünlüyü yenə də mənəviyə, dinə-imana, azərbaycançılığa, milli toplum yaddaşına, halallıq fəlsəfəsinə verdiyinin şahidi oluruq. Buna mən nasirin təzə qələmə aldığı “Balıq günü” hekayətindən (2014-2016) sonra bir daha əmin oldum. Sanki bir balıqçının səhəri ilə açılıb axşamı ilə bitəcək - Miryusifin “balıq günü”ndə nələr yoxdur! Balaca-balaca sosial-psixoloji zədələrdən kövrəkləşən, az qala sınası ailə dəyərləri; balıqçı toru tək sanki möhkəm, amma qəfil və real mənəvi zərbədən az qala qırılıb-töküləcək icma sədaqəti; bir bütövün zərrələri - kənd insanına da, şəhər sakininə də eyni qədər meydan oxuyan nəfs, pul dünyası, “nəfsi-əmmarə əsirliy”i, binadan dürüst qonşuluq, dostluq tərəzisinin pozulması qorxusu və s.
Nə yaxşı ki, ortada lap yaxın zamanların sınaqdan çıxmış dəyərləri var, Qarabağ müharibəsində özünü təsdiq etmiş Raufla Ələsgərin sarsılmaz dostluğu var, Qarabağ dəyərləri var. Amma yox, deyən, bu dəyərlər də təhlükə altındadır; hekayət sanki bütün süjeti ilə həmin həyəcanı xəbər verməyə köklənib, bu barədə sos qaldırır. Aman Allah, bu nazik həqiqət də sarsıla bilər: “-Üzdə, - Zeyqəm şit-şit dişlərini ağartdı, - bəli, Qarabağ müharibəsi veteranısan, əlilsən, döyüşmüsən, başqaları kef çəkəndə sən palçıqlı səngərlərdə, zinə kazarmalarda yatmısan. Amma şəxsi mənafeyini həmişə güdmüsən, sənə verilən payı əlinin dalı ilə geri itələyib daha çoxunu tələb etmisən. Sağlığına qismət, 80 kv. m yer ayırmışdılar ticarət obyekti tikməyə, dostlarını başına yığıb yanındakı 90 kv. m yeri də zəbt etdin, atanın işsizliyini, ananın infarkt olmağını səbəb gətirib az qaldın icra başçısını vətən xaini eləyəsən. Binəqədi bazarında iki polka sənin var, iki polka da qardaşının. Anana pensiya düzəltmisən, amma bir gün də dövlət idarəsində işləməyib, hansı yolnansa atanın pensiyasını ikiqat artırmısan. Hamısını da Qarabağ veteranı adıyla. Bəli, bilirəm, müharibədə yaralanmısan, az qalmışdı o dünyanın sakini olasan. Allaha şükür ki, ölmədin. Amma sənin kimi başqaları da var. Onlarda bu dəfə-daraq yoxdu...” Və əhvalat onunla bitir ki, iki qonşu - Ələsgərlə Zeyqəm arasına çat düşür; ikisindən birinə köçünü götürüb getmək qalır. Köçdün nə oldu, problem ki yerindədir.
Final gözlənilməzdir. Səyyad Aran o xoşbəxt yazıçılardandır ki, əsərin əvvəlindən baxanda oxucu istəsə də sonunu görəmməz. Heç kəs deməz ki, süjet boyu həsrətlə gözlədikləri “təmizlik kağızı”nı alanda məhz ana-balanın ömrünə nöqtə qoyulacaq (“Təmizlik kağızı”). Heç kəsin ağlına da gəlməz ki, qadın şərinə düşmüş qəhrəman milisdən qurtulan kimi yenidən ona sevgiylə baxan birisinə meyl edər və idarə qurdlarından yaxa qurtarıb, gerçək qurdların - canavarların cənginə düşər. Bu, qəhrəmanın fərdi həqiqəti: həyat və ölüm haqqıdır (“Soyuq günəş”). Və heç kəs duyuq belə düşmür ki, balıqçı Miryusifin ailə deyingənliyiylə başlayan günü kənd dəyərlərini çözələyib, Qarabağ müharibəsinə baş vurub, zəhmət halallığı üzərində qərar tutmuş balıqçı dünyasını dolaşıb, bir şəhər məhəlləsinə gəlib çıxacaq, Ələsgərlə Zeyqəmin qonşuluq haqqında sona yetəcək - qonşun pisdir, köç qurtar...
Yox, qardaşım, Səyyad Aran heç də moralist deyil, eləcə əxlaq mübəlliği deyil, minbərə çıxıb moizə oxuyan naseh də deyil. Əsla! O, dürüst realist qələmə malik nasirdir və mənəvi ideyanı necə təsdiqləməyi gözəl bilir. Ümumən, Səyyad Aranın yaradıcılıq stixiyası, yazıçılıq substratı hər yerdə mənəvi olanı sosial dünya ilə toqquşdurmaqdan və birincinin haqqını təsbit etməkdən keçir. Yazıçının nəsrinin adekvat xronotopu da (zaman-məkan müstəvisi) bu cür təşəkkül tapıb. Hər əsərində “ömrün qatarı”nı qəfil bir dayanacaqda əylədib-saxladıb (məkan planı): bu, illər də ola bilər, günlər də, bircə gün də, hətta saatlar da... - “mənəvi olan”ın işığına tutur; “mənəvi” isə əbədi olandır, il deyil, ay deyil, gün deyil... - əbədiyyət müstəvisidir (zaman planı). Bircə məcazlara diqqət etsək: “təmizlik...”, “soyuq günəş”, “balıq günü” (balıq bilməsə də...), “havalar soyuyanda”, “günün günorta çağı”, “sazaq”... - gün, gün, gün... soyuq, soyuq, soyuq... təmizlik, günəş, xalıq... Səyyad Aran nəsrində konkret sosial əlamətlər - məkanda; və əbədi mənəvi vurğular - zamanda, məhz hər anlamda “hava” məxrəcində (mühit, ovqat, durum, iqlim, ruh...) birikərək təhkiyənin ritmini, nisbətini, müxtəlifliyini müəyyən edir. Odur ki, oxucu yeniyetmə Eldarla birgə, illərlə əlbəyaxada repressiya havasının sonunu, həsrət və intizar dəmini bir ritmdə (“Təmizlik kağızı”), milis idarəsinə düşmüş müəllimin sosial gərginlik, basqı və istintaq içrə “rüsvayçılıq” ağrılarını bir başqa tempdə (“Soyuq günəş”) yaşayır və bölüşür. “Ömür qatarı”nın ritmi “əbədiyyət qatarı”nın yanında nədir ki; bəzən sürət götürür, yüksəlir, ona maksimum yaxınlaşır da (“Təmizlik kağızı”); bəzən yavaşıyır, ləngiyir, əylənir... - darıxdırır da (“Balıq günü”)...
Kitabdakı son üç hekayəni yazıçı son illərdə qələmə almışdır. Yaşar Qarayev yazırdı ki: “Səyyad Aran... bədiiliyi maraqlı həyat hadisəsi hesabına deyil, adi həyat hadisəsini bədiiliyin, istedadın hesabına həm maraqlı, həm də ibrətamiz etmək bacarığı ilə diqqəti cəlb edir...” “Günün günorta çağı” hekayəsi reportaj üslubundadır; təhkiyə zamanı (əslində, məkanı) vur-tut bir neçə saata sığır. Sahil bağında keçirdiyi həmin vaxtın real müşahidələri təhkiyəçi-qəhrəmana ölkədə, cəmiyyətdə, mənəviyyatda baş verənləri içindən (“mənəvi”dən) keçirib, çözələməyə fürsət verir.
Bu fikri isə haçansa T.Əlişanoğlu yazıb: “Səyyad Aran hekayəçiliyinin sosial-psixoloji məxrəcində bir özəllik də var: nə gəldi-gedər sosial rənglərə çox aludədir - onun hekayələrində bu, məcburi ictimai fondur; nə də fərdin-İnsanın uzun-uzadı iç özünü-təhlili, özünü-tanımasına -onun qəhrəmanları lap əvvəldən mənən süslənmiş olur, situasiyadan “yaranmır”, situasiyanı yaradırlar...” “Havalar soyuyanda” hekayəsində “soyuq” cəmiyyət mənzərələrindən daha biri təsvir predmetidir; sosial kəsimdə cəmiyyət yuxarılarından “qovulmuş” Fuadla küçədə üzləşdiyi dilənçinin mənəvi “hava”sı tutur; yemək süfrəsi arxasında davam edən söhbətdə ailə və cəmiyyət dəyərləri çözələnir...
“Sazaq” hekayəsində nasir qəfil, həyatın sosial sıralarından da, mənəvi qatlarından da sıyrılıb, fəlsəfi “sonrası”na boylanmağa çalışır. Həə, qardaşım, görünür, Səyyad Aran peyğəmbər yaşının həcci və həzzi mənziləsinə çatmış. Dörd qoca kənd-arası, “qocaman qovaq ağacının kölgəliyi”ndə oturub nəyinsə təlaşını yaşayır, intizarını çəkirlər. Lap Mirzə Cəlilin “Bəlkə də qaytardılar” hekayəsindəki dörd qoca sayağı. Amma fərqli olaraq, yaşı 70-i adlamış, 80-ə yaxınlaşan bu “ağsaqqallar” heç də “köhnə dünyaları”nın qayıtmasının hayında deyillər; əksinə, hər cür “sosial xatirələr”dən dərhal qaçır, əlüstü peyda olan “mənəvi məsələlər”dən isə tələsik üzülüşürlər. Bəs nəyin nigarançılığıdır bu? Yaşıdları “Cəfər kişi can üstündədir” və ölüm mələyinin əsdirdiyi külək qocaların hər birini az qala qorxacaq uşaq təki titrədir: “Qəfil azan səsi gəldi. Qəfil-zad deyildi, elə öz vaxtındaydı. Amma niyə elə diksindilər? Bu saat gözləmədikləri məhz bu idi...”
Ölüm qəfil olmur, qardaşım, qəfil düşündürür. Əbədiyyət dünyasına qovuşanlara rəhmət! - deyibən, həyatın mənasını yaşamaqda davam etməkdən savayı əlimizdən nə gəlir?
65 yaşın mübarək, Səyyad Aran! Bu müdrik yaşın işığında, hər növ sazaqlara sinə gərərək, ömür qatarının yönəltdiyi daha neçə-neçə mənzilələr diləyi ilə!