10 Fevral 2017 13:29
3 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Bu şəhərdə”nin üzvləri – Coşqun Rəhimov, Rafael İsgəndərov və Müşfiq Abbasovla müsahibəni təqdim edir:

- İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri seçildiniz. Təəssüratlarınız necədir?

Coşqun Rəhimov: İslam Həmrəylik Oyunlarının səfiri seçilmək sevindirici haldır. İdmançılarımıza uğurlar arzu edirəm. Məqsədimiz Bakıya gələn turistləri yaxşı qarşılamaq və Azərbaycanımıza cəlb etməkdir.

Müşfiq Abbasov: İdmançılarımız Avropa oyunlarındakı qədər medal qazanarlar, inşallah.

Rafael İsgəndərov: İdmançılarımıza uğurlar və fiziki möhkəmlik arzu edirəm. Yenidən bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Azərbaycanımızı daha da yaxşı tanıyacaqlar. Şəxsən özümüz şahidi olmuşuq, ərəb turistləri ilə danışanda deyirlər Bakının bu qədər gözəl şəhər olduğunu bilmirdik. İndi biz idman sahəsində daha da məşhurlaşacağıq.

- Yaxın günlərdə müğənni Ədalət Şükürova Kikboksinq Federasiyası tərəfindən vəzifə verildi. Sizi də gələcəkdə vəzifədə görə bilərikmi?

C.Rəhimov: Təbrik edirəm. Vəzifədə olsaq da, olmasaq da hər işdə uğur qazanmağa çalışırıq.

R.İsgəndərov: Əgər vəzifəyə təyin etsələr, öhdəsindən gəlməyə çalışacağıq. Hazırda öz sənətimizi daha da inkişaf etdiririk.

- "Planet Parni iz Baku" komandası "Ağanatiq" filmini təqdim etdi. Filmi izləmisinizmi? Sizin də film çəkmək fikriniz varmı?

R.İsgəndərov: Bəli, film haqqında eşitmişik. Həm də Nizami Kino Mərkəzinin qabağından keçəndə kataloqda gördük. Xeyirli olsun. Bizim də film çəkmək planımız var. Amma bu haqda öncədən məlumat vermək istəmirik.

C.Rəhimov: Kinoteatrlarda filmlərimizə marağın çoxalması təqdirəlayiq haldır. Komediya janrı ilə yanaşı dramatik filmlər çəkməyə də ehtiyac var.

R.İsgəndərov: Hələ film çəkməyə vaxtımız yoxdur. İldə iki dəfə konsert veririk, qastrol səfərlərinə gedirik. Naxçıvanda, Moskvada konsertlərimiz olur. Mayın 10-da Ağdamda Gül Bayramına həsr olunmuş konsertimiz olacaq. Yayda isə insan istirahət etmək istəyir.

- Coşqun bəy, üçüncü dəfə əməliyyat keçirdiniz. Hazırda səhhətiniz necədir?

C.Rəhimov: Şükür Allaha, yaxşıdır. İnsanıq, yaşayırıq. Heç kim xəstəlikdən sığortalanmayıb. Ən əsası bu xəstəlikdən əziyyət çəkən insanlar pessimistliyə qapılmasınlar. Mənim kimi xəstəliyə qalib gəlsinlər. Sizin vasitənizlə bütün həkimlərimə təşəkkür edirəm. Dərd varsa, əlacı da var. Tamaşaçılarımıza etdikləri dua üçün minnətdaram. Allah onları da bizə çox görməsin.

- Rəfael bəy, siz həmkarınıza necə dəstək olursunuz?

R.İsgəndərov: Coşqun müəyyən çətinliklər yaşadı. Əlimizdən gələni etdik. Şükür Allaha, indi əhval-ruhiyyəsi də yaxşıdır. Özümüzə qapanmırıq. Hərdən biz xəstəliyi unutmaq istədiyimiz halda bəzi insanlar yadımıza salırlar.

C.Rəhimov: Bu istəkdən irəli gəlir. Dərdi bölüşdükcə azalır, sevinci bölüşdükcə çoxalır. Rafael saçını mənim yolumda ağardıb (gülür).

R.İsgəndərov: Sadəcə, saçıma rəng qoymağa vaxtım yoxdur (gülür).

- Coşqun bəy, heç ümidinizi itirdiyiniz anlar oldumu?

C.Rəhimov: Hər şey Allahın əlindədir. Yaşadan da, aparan da odur. Xəstəliklə mübarizə aparmaq laızmdır. İnsan hər mənada güclü olmalıdır.

- Xəstəliyinizə görə sizə həyəcan, stress keçirmək olmaz. Konsert öncəsi bu hisslərdən özünüzü qoruya bilirsiniz?

C.Rəhimov: Rafael, Müşfiq və kollektivimiz çox sağ olsun ki, əsəbiləşməyə qoymurlar. Əsəbiləşmək işimizdən irəli gəlir.

Həyəcana gəlincə, bu, insanın xarakteridir. Tamaşaçı qarşısına çıxırıq və məhsulumuzu keyfiyyətli təqdim etməliyik. Azərbaycan məhsulunun bütün dünyada tanınmasına çalışmalıyıq.

R.İsgəndərov: Kollektivdə hər kəsin öz məsuliyyəti var. Coşqunun əsəbiləşməməsi üçün öz işimizi vaxtında görürük.

C.Rəhimov: Əsəbi, stressi tək mən yox, Müşfiq də, Rafael də keçirir. Hamı bir nöqtəyə vuranda daha yaxşı olar.

- Vaxtilə teatrda çalışmısınız. Konsertlərinizdən əldə etdiyiniz gəliri oradan qazansaydınız, “Bu şəhərdə” layihəsi olardımı?

R.İsgəndərov: Sovet dövründə bir çox aktyorumuz teatrda işləməklə yanaşı, filmlərə çəkiliblər, qastrol səfərlərinə gediblər. Əlbəttə, teatrda çalışa-çalışa “Bu şəhərdə” layihəsini də edə bilərdik. Niyə də, yox?

M.Abbasov: Sadəcə, teatrda işləsəydilər, layihə eləməyi, konsert verməyi fiziki cəhətdən çatdıra bilməzdilər.

- Konsertə hazırlaşırsınız. Bu dəfə formatda dəyişiklik gözlənirmi?

R.İsgəndərov: Formatımızda dəyişklik olmayacaq. Bizə də tez-tez deyirlər formatızı dəyişin. Müşfiq deyir nə zaman konsertimizə tamaçı gəlməyəcək, onda janrı və formatı dəyişəcəyik. Şükür Allaha, tamaşaçılarımız konsertlərimizə sevə-sevə gəlirlər. Onların qarşısında baş əyirik.

C.Rəhimov: Hər dəfə deyirlər bu konsert əvvəlkindən maraqlı oldu. Deməli, biz yenilik edirik ki, bu sözləri eşidirik. Sevdiyimiz işlə məşğuluq. İşi pulun, populyarlığın xətrinə etməməlisən. İnsanın məqsədi olmalıdır. Bu da bizim kollektivimizdə var.

- Bu konsertdə parodiya olacaq?

C Rəhimov: Olacaq.

R.İsgəndərov: Niyam Səlamini, bir də Çiçək Vakkası parodiya edəcəyik.

C.Rəhimov: Yəqin konsertə bir-iki populyar müğənni dəvət edəcəyik.

- Elza Seyidcahanla münasibətiniz necədir? İllər öncə konsertinizi tərk etmişdi…

R.İsgəndərov: Elza qardaşdı (gülür). “Bu şəhərdə”nin yaxın dostlarından biridir.

C.Rəhimov: Bizim heç kimlə münasibətimiz pis deyil.

- Konsert öncəsi zalı tamaşaçıyla doldura bilməmək qorxusu varmı?

C.Rəhimov: Bəli, hər dəfə konsert öncəsi o hissi keçiririk. Bu, məsuliyyətdən irəli gəlir.

- Pulsuz bilet paylamısınızmı?

R.İsgəndərov: Ancaq dəvətnamə kimi.

M.Abbasov: Pulsuz bilet yox, dəvətnamə olub.

- Konsertinizdən yüksək gəlir əldə bilməsəniz, ailənizi nə ilə dolandırarsınız, Alternativ variant varmı?

C.Rəhimov: Konsertdə öncə ailəmizi necə dolandırırdıqsa elə...

R. İsgəndərov: Allah kərimdir.

- Neçə yaşına qədər səhnəyə çıxmağı düşünürsünüz?

R.İsgəndərov: Tamaşaçılarımızdan asılıdır. Aktyor hər yaşında səhnəyə lazımdır.

- Bu konsertdə hansı problemlərə toxunacaqsınız?

C.Rəhimov: Məktəbdə baş verən neqativ məsələlərə toxunacağıq.

M.Abbasov: Və qadınların pəhriz saxlamasına...

C.Rəhimov: Bir çox verilişdə, xüsusilə həkim məsləhətlərində verilişin yarısını pəhrizə həsr edirlər.

M.Abbasov: Amma hamısı inək boydadır (gülüşmə).

C.Rəhimov: Xəstəxanada baş verən hadisələr haqqında səhnəmiz olacaq. Verilişlərə gəlincə, inkişaf yoxdur. Divandır, güldür, standart qonaqlardır.

M.Abbasov: Səviyyə düşüb. Parodiya eləməyə də yeni aparıcı yoxdur.

- Dostluq etdiyiniz məmur varmı?

M.Abbasov: Çoxdur. Üçümüzün də dostlarımız eynidir. Tağı Əhmədov, millət vəkilləri Fuad Muradov, Adil Əliyev dostumuzdur. Tanışlarımız arasında prokurorlar, polis rəisləri var.

M.Abbasov: Konsertlərimizə özləri gəlirlər. Gələ bilməyənlər isə ailələrini göndərirlər.

- Konsertinizə dəvət etsəniz də gəlməyən millət vəkili olub?

M.Abbasov: Xeyr, olmayıb. Ümumiyyətlə, heç bir məmur və millət vəkilini konsertimizə dəvət etməmişik. Özləri bilet alıblar. Sadəcə, zəng ediblər ki, bilet almaq istəyirik, bron etmişik, alıblar. Amma müğənniləri dəvət etmişik.

- Konserlərinizdə qadın paltarı geyindiyinizə görə övladlarınız etiraz edib?

R.İsgəndərov: Bizi hər kəs yaxşı tanıyır. Səhnədə qadın paltarı geyinirik, həyatda yox…

- Son günlər Canəli Əkbərovla həmkarları arasında yaşanan qalmaqal mətbuatın gündəmindən düşmür. Bu məsələyə münasibətinizi öyrənmək istərdik…

M.Abbasov: Şou-biznesdə üzdə olduğuna görə hər kəs baş verən intriqaları bilir. Amma hər sahədə – muğamda da, teatrda da problemlər var. Bəzi müğənnilər şou-biznesdə əvvəlcədən qalmaqalı planlaşdırırlar ki, bir müddət gündəmdə qalsınlar. Amma bu sahədə elə deyil. Əfsuslar olsun ki, bu intriqa insanların sevdiyi və tanıdığı sənətkarlar arasında baş verdi və bunu hər kəs bildi. Onların hər biri korifeydir.

- Bu hadisədən sonra Canəli Əkbərovu parodiya etməyi düşünürsünüz?

M.Abbasov: Xeyr, bu konsertdə parodiya etməyəcəyik. Etsək də bu məsələyə görə parodiya olunmayacaq. Bu, onların daxili işləridir.

C.Rəhimov: Hər sənətkarın öz xarakteri var. Yəqin onları qarşı-qarşıya qoyan jurnalistlərdir.

R.İsgəndərov: Ən gözəl cavab susmaqdır.

M.Abbasov: Mənə elə gəlir Canəli müəllim Mənsum İbrahimovu təklikdə çağırıb, nəsə desəydi, o cavab qaytarmazdı.

- C.Rəhimov: O sənətkarların hamısı yerini bilən insanlardır. Jurnalistlərdən xahiş edirik ki, bu məsələni şişirtməsinlər. Bağlasalar, daha yaxşı olar. O sənətkarların yerinə olsaydım, açıqlama verməzdim. Çünki onlar tarixə çevriliblər. İlhamə Quliyeva böyük sənətkardır. Amma son vaxtlar o vəziyyətə düşməyində ətrafı günahkar idi. Dünyasını dəyişdi, şou-biznesi özüylə apardı.

R. İsgəndərov: Allah rəhmət eləsin, toya gedən kimi qabağına qaçırdılar. Sonra gedib dalınca danışırdılar.

C.Rəhimov: O insan sənətkar idi, şarmı vardı. Allah rəhmət eləsin. Allah yaşayan sənətkarlarımıza can sağlığı versin. Kollektiv olaraq məsləhətimiz odur ki, belə intriqalara yol açıb, məsələnin böyüməsinə imkan verməsinlər. Öz aralarında həll eləməyə çalışsınlar.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər