21 Fevral 2017 11:04
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq dörd əsrdir ki, italyan heykəltəraşları insanları heyrət və təəccüb qarşısında qoyub. Söhbət heykəllərin üzündə olan mərmər rübənddən gedir.

Rübənd o qədər zərif və ustalıqla yonulub ki, bunun nazik, şəffaf parçadan olduğu, indicə titrəyərək sürüşüb yerə düşəcəyi güman edilə bilər. Lakin diqqətlə baxdıqda, heykəlin özü kimi rübəndin də mərmər olduğu aydınlaşır.

İtaliyada belə heykəllərin yaradılması 1700-cü ildən başlayıb, ilk dəfə öz qəhrəmanının üzünü mərmər rübəndlə örtən heykəltəraş Antonio Korradini olub. Ondan sonra bu ənənəni digər italyan sənətkarları - Cüzeppe Sanmartino, Rafael Monti, Jovanni Stras və bir neçə başqa heykəltəraş davam etdirib.

Qeyd edim ki, belə heykəllərin sayı çox deyil, çünki onları bir o qədər də asan ərsəyə gətirmək olmur. İtalyan heykəltəraşlığında mərmər rübənd üslubunun ən maraqlı və cəsarətli davamçısı Rafael Monti idi.

O, yaradıcılığındakı dəqiqlik, şəffaflıq, həm də mövzu etibarilə özündən əvvəlki və sonrakı mərmər ustalarından fərqlənir. Rafael Monti 1818-ci ildə Milan şəhərində doğulub. Atası heykəltəraş idi və uşaqlığından ona kiçik fiqurlar düzəltməyi öyrədirdi. Zaman keçdikcə Rafael atasına kömək edir, daha çətin işlərə girişirdi.

Monti heykəltəraş biliklərini o dövrdə İtaliyada məşhur incəsənət məktəbi olan Lombard məktəbində davam etdirdi, bu məktəb İtaliyaya bir çox görkəmli rəssam və heykəltəraş bəxş etmişdi. Rafael 1946-cı ildə İngiltərəyə gəlir və burada yaşayıb yaratmağa davam edir. Heykəltəraşın yaradıcılığı məhz İngiltərədə inkişaf etməyə və çiçəklənməyə başlayır. O, mərmər rübənd texnikası ilə çoxdan maraqlanır və bunu həyata keçirməyə hazırlaşırdı. 1948 -ci ildə İngiltərədə "Kahin qadın" əsərini bitirir.


İdeal bədən və sifət ölçüləri olan gənc qadın dizi üstə çökərək yerdə oturub, üzündə örpək, əynində nazik parçadan geyim, başında isə güllərdən hörülmüş çələng olan kahin qadının əlində alov yanan qab var.

Ümumiyyətlə, Monti yaradıcılığında kahin qadın obrazlarına çox rast gəlmək olar. Qədim Romada kahin qadınlar məsumiyyət rəmzi sayılırdı, görünür, bu məsumluq yaradıcılıq meyarlarına uyğun gəldiyi üçün Montinin diqqətini cəlb etmişdi.

Bundan sonra Montinin yaradıcılığında mərmər niqablı heykəllər biri-birini əvəz etməyə başladı. "Gecə", "Həqiqət", "Çərkəz kənizi" və başqa əsərlər cəmiyyəti təəccübləndirir, İtaliya heykəltəraşlığını isə daha da zənginləşdirirdi. Rafael Monti ən uğurlu əsərlərini İngiltərədə yaşadığı illər ərzində yaradıb, ilk böyük sərgisi 1851-ci ildə baş tutub. Onun əsərləri sərgilərdə böyük uğur və heyrət nidaları ilə qarşılanırdı, tezliklə italyan sənətkar Londonda "Baş heykəltəraş" titulunu qazandı.

İllər sonra Monti İtaliyaya qayıdır və yaradıclığını vətənində davam etdirir. Dövrünün incəsənət adamları Montinin ilahi əsərlərini qisqancliqla qarşılayır, onu şeytan, şeytanın əlaltısı adlandırırdılar. Çünki bu təkrarsız heykəllərin həqiqətən də insan əlinin məhsulu olduğuna inanmaq çətin idi.

Rafael Montinin əsərləri yarandığı gündən indiyədək insanları düşünməyə məcbur edir. Qadın heykəlinin üzündəki incə rübəndin altında onun sifətinin cizgiləri, mimikası, əhvalı açıq-aydın görünür. Görəsən o, bunu necə yaradıb, bu heykəllərin sirri nədədir?

Deyilənə görə, iki qatdan ibarət nadir bir mərmər növü var, onun alt qatı qalın, üst qatı isə şəffafdır. Monti bu az tapılan mərmər növünü əldə edir və heykəlləri ondan yonurmuş.

O, mərmərin qalın qatından heykəlin əsas hissəsini, şəffaf qatından isə rübəndi düzəldirmiş. Nəticədə heykəlin üzü nazik qatın altından görünür və zərif örpək effekti yaranırmış. Belə heykəllərin sayının çox olmamasının səbəbi bu ikiqatlı mərmərlərin az tapılması və onlarla işləməyin çətinliyi idi.


Rafael Montinin əsərləri hədsiz dəqiqlik və qeyri-adi istedad tələb edən, yonulub düzəldilməsi ağlasığmaz olan incəsənət nümunələridir. Heykəllər o qədər canlı və peşəkarcasına yonulub ki, tamaşaçı bəzən möcüzə baş verəcəyini - qadının hərəkət edərək, örpəyini başından atacağını düşünür.

Bir dəfə Montinin heykəllərinə tamaşa edən insanlardan biri dərin hissə qapılaraq belə demişdi: "Mənə elə gəldi ki, heykəl nəfəs alır və kipriklərini qırpırdı..."


Çağdaş heykəltəraşlardan bəziləri bu üsluba müraciət ediblər, amma texnika və müasir avadanlıqların inkişaf etdiyi bir dövrdə yaşayıb yaratmalarına baxmayaraq, onlar Montinin mərmər rübənd effektini əldə edə bilməyiblər. Rafael Montinin yaratdığı qadın obrazları, üzlərindəki rübənd kimi təmiz və məsumdurlar. Bu, onların simasında, yerə dikilmiş baxışlarında, dodaqlarında və əllərində əks olunur.

Montinin yaratdığı qadınlar, mərmər tülbənd arxasında toxunulmaz və müqəddəs , eyni zamanda misilsiz gözəlliyə malik varlıqlar kimi görünür. Dahi sənətkar sanki bu ecazkar qadınları kainatın bütün şərindən, pisliklərindən qorumaq üçün onları rübənd altında gizlətmişdi. Qadınların örtülü olması onları daha sirli və əlçatmaz edirdi.

Çox nazik rübəndin xırda qırçınlarını mərmərdən yonub düzəltmək və bununla yanaşı üzün və bədənin bütün əzalarını qoruyub saxlamaq - daşı canlandıra bilmək - yalnız möcüzəli barmaqlar və iti ağıl sahibinə məxsus ola bilərdi.
Montinin əsərləri dünyanın ən tanınmış müzeylərində və qalereyalarında - İngiltərədə Viktoriya və Albert muzeyində, Devonşir qraflığında, Amerikada Minneapol incəsənət institutunda sərgilənir.

Əsrlərdir Montinin pərəstişkarlarını yalnız bir mövzu maraqlandırır. Hamı fövqəladə dərəcədə gözəl sənət nümunələrinin necə və hansı şəraitdə yaranması haqda düşünsə də, buna hələ cavab tapan olmayıb.

Yəqin ki, bu sual bizi hələ çox düşündürəcək. Məncə, sadəcə dahi italyan heykəltəraşının yaradıcılığından zövq almaq və insanın daşdan mələk yarada biləcək potensiala sahib olduğunu anlamaq kifayətdir.

Təranə Qurbanlı


Müəllif:

Oxşar xəbərlər