9 Mart 2017 17:14
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Kitabxanada gənc gürcü şairi Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilmiş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Gürcü ədəbiyyatı silsiləsi” seriyasına aid olan bu kitabın təqdimatı Milli Kitabxana və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil edilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq Giorgi Kekelidzenin yaradıcılığı barədə qısa məlumat verib. K. Tahirov qeyd edib ki, G.Kekelidze Gürcüstan Parlamentinin Milli Elektron Kitabxanasının baş direktoru və təsisçisidir. O, 2008-ci ildə Gürcüstanın “Saba” ədəbiyyat mükafatı laureatı, 2013-cü ildə “Beynəlxalq Müşfiq Mükafatı” laureatı olub.

Şairin bu kitabında Gürcüstanın Quriya bölgəsinin adət və ənənələri təsvir edilir. Bolqarıstanın Qabrovo və Azərbaycanın Şəki bölgəsi kimi, Gürcüstanın Quriya bölgəsinin sakinləri də qeyri-adi hazırcavablığı və yumor hissi ilə fərqlənir.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, “525-ci qəzet”in redaktoru Rəşad Məcid, AYB idarə heyətinin üzvü, şair Səlim Babullaoğlu, AYB-nin tərcümə bölməsinin müdiri Pərvin Nurəliyeva, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti Rasim Süleymanov şairin yaradıcılığı və Azərbaycan-gürcü ədəbi əlaqələri barədə çıxış ediblər.

Kitabı Azərbaycan dilinə Gürcüstan Yazıçılar İttifaqının mükafatı laureatı, yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.

Sonda Giorgi Kekelidze təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, yaradıcılıq planları barədə danışıb.


Müəllif:

Oxşar xəbərlər