Teleqraf.com-a teatrın mətbuat xidmətindən verilən xəbərə görə, iyun ayının 27-dən iyul ayının 2-dək Belarus Respublikasında keçirilən və dünyanın 25 ölkəsinin iştirak etdiyi “Dostluq çələngi” festivalında Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynovun çıxışı maraqla qarşılanıb. Açılışda görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Kəndimiz” mahnısı ilə tədbir iştirakçılarını salamlayan və festivalda Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edən aktyorun iştirakı ilə bağlı xəbərlər bir çox ölkələrin mətbuatında dərc edilib. BOBR.BY saytında çıxan ““Kontrabas” monotamaşası “Dostluq çələngi”nin proqramını açdı” başlıqlı yazıda şəhərin 630 illiyinə həsr edilən festivalda Azərbaycanın iştirakı haqqında geniş məlumat yer alıb. Məqalədə tamaşanın və aktyor oyununun intellektual, fəlsəfi tərəfləri haqqında müsbət fikirlər yer alıb.