Teleqraf.com-un təbriki isə bir başqadır. Günün qəhrəmanına - Müşfiq Abbasova ən dəyərli hədiyyə ancaq bu qədər səmimi müsahibə ola bilərdi...
- Güldürmək asandır?
- Güldürmək ağlatmaqdan da qat-qat çətindir. Nəzərə alsaq ki, hər kəs oturub elə öz problemini danışsa, qarşı tərəf rahat ağlaya bilər. Amma hər kəsin o səviyyədə intellekti yoxdur ki, güldürə bilsin.
- Azərbaycan tamaşaçısı ən çox nəyə gülür?
- Azərbaycan tamaşaçısı ən çox özünə gülür... Bütün dünya tamaşaçıları kimi... Bu normal haldır və bütün dünyada belə qəbul olunub. İnsan ya özünü, ya da cəmiyyətdə gördüyü birini səhnədə tanıyanda ona daha çox gülür.
- Ümumiyyətlə, millət olaraq, yumor hissimiz var?
- Azərbaycanlıların çox gözəl yumor hissi var. Yumor hissini bölgələrə ayırsaq, hərənin öz spesifik xüsusiyyətləri ortaya çıxar. Şəkinin, Tovuzun, Lənkəranın, Qarabağın, hər rayonun özünəməxsus yumor hissi var. Bu oraların qanunlarından, adət-ənənələrindən irəli gəlir.
- Gülüş sizin həyatınızda hansı yeri tutur?
- Gülüş terapiyadır. Hətta bu, elmdə də sübut olunub. Elə bir xəstəlik var ki, onu gülüşlə müalicə eləmək olur. Ona görə də deyərdim ki, biz insanları müalicə edirik.
- Deyirlər, ağlayanın bir dərdi var, gülənin min!..
- Ağlayanın bir dərdi var, gülənin min, güldürənin isə 10 min!
- Əsas məqsədiniz nədir: güldürmək, yoxsa sözünüzü çatdırmaq?
- Əsas məqsədimiz yumor və gülüşlə hər hansısa problemin həllini tapmağa kömək olmaqdır. Yəni elə etmək ki, o səhvləri kimsə bir daha təkrarlamasın.
- Həyatınızda ən kədərli və ən sevincli gününüz necə olub?
- Sevincli günlər kimi 2013-cü ildə 20 günlük konsert verdiyimiz günləri xatırlayıram. Azərbaycanda indiyə qədər Heydər Əliyev sarayında 20 gün fasiləsiz konsert heç kim verə bilməmişdi, bunu biz etdik. Bu rekordu vurduğumuz günlər ən sevincli günlərimiz idi. Kədərli günlərdən biri isə 2011-ci ildə Coşqunun ilk əməliyyat olunduğu gün idi.
- Uşaqlıqdan zarafatcıl olmusuz?
- Deyirlər, uşaqlıqda zarafatcıl yox, hazırcavab olmuşam.
- Güldürmək bir işdir, hobbidir, yoxsa real həyatdakı məharətiniz?
- Güldürmək bizim sənətimizdir. Konsertlərimizə gələnlər və bizə ekrandan baxan tamaşaçılar deyirlər ki, bunun öhdəsindən peşəkarcasına gəlirik.
- Nəyi bir körpə gülüşünə dəyişməzdiz?
- 2 körpə gülüşünü bir körpə gülüşünə dəyişərdim. 3-ü 2-ə, 4-ü 3-ə...
- Vikipediyanızda yazılıb ki, Müşfiq çörək mağazasında satıcı da işləyib, plastik qapı-pəncərə sexində menecer də, Neft-bazada inspektor da, bir çox telekanallarda redaktor, prodüser və nəhayət ssenarist də...
- Bəli, sadalanan yerlərin hamısında işləmişəm. Hələ siyahını artıra da bilərəm. Köhnə AZİ, yəni indiki Neft Akademiyasında oxuyarkən, pulla diplom işləri də yazmışam, çertyojlar da çəkmişəm...
- KVN-də işlədiyiniz vaxtlar rəhmətlik Anar Məmmədxanovun qərarı ilə fəaliyyətinizi dayandırdız?
- Yox! Tək mən yox, ümumilikdə komanda fəaliyyətini dayandırdı. Mən də o vaxtlar KVN-də ssenaristlərdən biri idim. 2001-ci ildə Heydər Əliyev sarayında “Bakılı oğlanlar” komandası son konsertini verdi. Anar Məmmədxanovun qərarı ilə komanda fəaliyyətini dayandırdı. Hətta o konsertin sonunda əslində tamaşaçılarla vidalaşdığını dedi. Burda tək məndən söhbət gedə bilməz. Anarla heç vaxt heç bir problemim olmayıb. Əksinə, Allah ona rəhmət eləsin. O vaxt məni “Bakılı oğlanlar” komandasına ssenarist kimi də o götürdü...
- Ailə problemləri ilə bağlı ssenarilər, səhnəciklər yazanda elə ailə üzvlərinizlə, ananızla, qaynananızla məsləhətləşirmişsiniz. Bu proses necə baş verir? Onların danışdıqlarına əlavə improvizələriniz olurmu?
- Ailə problemləri yox, daha çox qadınlarla əlaqədar mövzularla bağlı qadın qohumlarla, xanım dostlarla məsləhətləşirəm. Qadına aid elə mövzular var ki, məsələn, xınayaxdı, parçabişdi... Mən təbii ki, onları bilə bilmərəm. Səhnəciyin məntiqi yazılması üçün prosesin real həyatda necə baş verdiyini əvvəlcədən dəqiq öyrənirəm. Sonra həmin hadisələri öz üslubumda yazıram.
- Müşfiq, Rafael, Coşqun... Bu üçlüyü ayırmaq mümkündür?
- Müşfiq, Rafael, Coşqun Allahın köməkliyi ilə heç vaxt ayrılmazlar.
- Bu üçlüyü hansı “müqəddəs üçlüyə” bənzədərdiz?
- Əstağfürullah, bu üçlüyü “müqəddəs üçlüyə” yox, Aliqoria olaraq, üçbaşlı əjdahaya bənzədirəm. Bu 3 başı birləşdirəndə, “Bu şəhərdə” adlı bir bədən yaranır.
- Yazdığınız ssenarilərdə elə bir obraz olubmu ki, o, əslində, real həyatda yaxın birinizin prototipidir?
- Dəfələrlə olub ki, ayrı-ayrı obrazları dostumuza, qohumumuza bənzətmişik. Hələ ki, bunu pis qəbul edən olmayıb. Hətta insan olub ki, məsələn, “Qız atasını evləndirir” səhnəciyində qız atasına deyir ki, əlini süfrəyə silmə! Həqiqətən bir dostumuz bu səhnəcikdən sonra bizə dedi ki, səhvimi başa düşmüşəm. Əlimi daha süfrəyə yox, salfetə siləcəyəm... Yəni o artıq özü başa düşmüşdü ki, biz onu təqlid etmişik.
Yeri gəlmişkən, həmin dostum mənim adaşımdır. Özü bu yazını oxuyanda, başa düşəcək ki, söhbət kimdən gedir.
- Elə olubmu ki, demək istədiyinizi tamaşaçılar səhv başa düşüb?
- Biz kimisə təqlid edə bilərik, hətta tənqid edirik, amma heç vaxt heç kimi alçaltmırıq. Bəzən olur ki, kiminləsə zarafat edirsən və o, bu zarafatı məqsədli şəkildə öz üzərinə götürmür. Qəsdən gəlib bizə deyir ki, filankəsi yaman təqlid eləmisiz aaa... Amma özü də yaxşı bilir ki, biz əslində onu təqlid eləmişik. Yəni bilərəkdən o xüsusiyyətini boynundan atır.
- Rafael və Coşqunla dost idiz həmkar olduz, yoxsa işbirliyi dostluğa apardı?
- Rafael və Coşqunla biz birinci iş birliyinə başladıq və bu əməkdaşlıq aparıb dostluğa çıxartdı.
- Həyatda sizə onlardan yaxın dostlar varmı?
- Düzü, onlardan qat-qat əvvəllər dostluq etdiyim dostlarım var. Yəni mənim məktəb illərindən, universitet vaxtlarından yaxınlıq etdiyim, 25-30 illik dostlarım var.
- İllər ötür. Aktyorlarınız yaşlanır. Siz 70 yaşında da ssenari yaza bilərsiniz. Amma aktyorlarınızı, yəni Rafael və Coşqunu dəyişməli olsaz, dəyişəcəksiz?
- Yox, başqa variantlar düşünərik. Məsələn, janr sistemimizi dəyişə bilərik, keçə bilərik filmlərə, verilişlərə. Variantlar çoxdu. Rafael, Coşqun, Müşfiq bir yolla öz məharətini göstərməyin formulunu tapacaq. Həm məncə, əksinə, aktyor yaşlandıqca daha təcrübəli olur. Elə obraz ola bilər ki, yaşlı vaxtı daha yaxşı oynaya bilərlər, nəinki cavan vaxtı. Bunu həyat göstərəcək.
- Yaşınız 40-a yaxınlaşır. 10 il əvvəlki Müşfiqlə indiki, indiki ilə 10 il sonrakı Müşfiq arasında nə fərq var?
- 10 il əvvəlki Müşfiqlə indiki Müşfiq arasında çox fərq var. Ümid edirəm ki, indiki Müşfiqlə də 10 il sonrakı Müşfiq arasında çox böyük fərq olacaq. 10 il əvvəlki səhvlərimi hələ indi görürəm. İndiki ağılda, təcrübədə olsaydım, 10 il əvvəlki səhvlərimi etməzdim. Amma onun da öz gözəlliyi var. Həmin səhvləri şirin anlar kimi xatırlayıram.
- İndiyə kimi hamı sizdən ssenaridən, gülmək və güldürməkdən soruşub. Elə bir sual varmı ki, gözləmisiniz, amma gəlməyib?
- Mən həmişə gözləmişəm ki, özümə gülməli bir sual versinlər. O da bu yaxınlarda oldu. Konsertdə cavan bir oğlan mənə gülməli bir sual verdi. Soruşdu ki, siz də evdə çimməyə gedəndə deyirsinizmi mətbəxdəki krantı açmayın?” Dedim ki, bəli! Öz evimizdə də, Rafaelgildə də, Coşqungildə də...
- Nə sizi dəyişə bilməz?
- Şöhrət.
- Xasiyyətiniz tünddürmü?
- Xasiyyətim həddindən artıq tünddür. Bəzən elə yaxın insanlar var ki, mənim ssenarilərimə böyük şübhə ilə yanaşırlar. Deyirlər ki, görəsən, bu gülməli ssenariləri doğrudan da Müşfiq yazır?.. Yaxın dostlarımın yanında zarafatcılam, amma ən yaxınlarımın yanında parodiya da edə bilirəm.
- Elə bir insan varmı ki, onu yamsılamaqdan çəkinirsiz?
- Elə bir insan olmayıb, elə bir zarafat da olmayıb. Deyirlər ki, zarafat asqırmaq kimi bir şeydir. Gəldisə, onu gərək edəsən, saxlamaq olmaz. Peşəkar insanlarda belə də olur. Necə ki, zorla asqırmaq olmur, eləcə də zorla zarafat eləmək olmur, o özü gəlməlidir.
- “Bu şəhərdə” barədə tənqidi fikirlər də səsləndirilir. Tənqidi necə qarşılayırsız?
- Tənqidə obyektiv yanaşırıq. Amma əgər tənqid peşəkar tərəfindən olursa... Əgər hansısa uşaq-muşaq ağzına gələni danışırsa, biz ona heç qulaq da asmırıq. Amma elə üzümüzə tənqid edən olub ki, görmüşük ki, düz deyir və o səhvi təkrarlamamışıq. Məsələn, bir dəfə diktor Rafiq Hüseynov bizə iradlarını bildirdi. Bir dəfə isə dəyərli yazıçımız Çingiz Abdullayevlə üzbəüz görüşəndə dedi ki, filan şey yaxşıdır, amma... Bax, o həmin əmmanı bizə deyəndə gördük ki, düz deyir. Çünki bilirik ki, bunu peşəkar deyir.
- Qadın obrazlarını əvvəllər kişilər canlandırırdı. Çünki qadın aktrisalar yox idi. Bunu tamaşaçı başa düşürdü. İndi isə qadın olduğu halda kişilərin qadın obrazını canlandırmasını qəbul edə bilməyən tamaşaçılar da çoxdu. Onların tənqidi fikirlərinə münasibətiniz necədir?
- Peşəkar nöqteyi-nəzərdən yaxınlaşanda, bu, normal bir şeydir. Amma heç kim unutmasın ki, “Bu şəhərdə” 2 nəfərdən ibarət estrada teatrıdır. Bütün ətrafımızda olan insanları səhnədə canlandırırıqsa, uşaq, qadın, kişi, hamını oynamalıyıq. Cəmiyyətimiz ancaq kişilərdən ibarət deyil.
- Oxuculara sözünüz?
- Hamıya cansağlığı, bol ruzi arzu edirəm. Problem yox, qayğıları olsun! Hansı ölkəyə gedək? “Bu şəhərdə”nin konsertinə hardan bilet tapaq? Bu tipli qayğılar... Şirin qayğı budur.
Bu yaxında dostumuzun birinə zəng gəldi ki, uşaq yata bilmir, əyri soskasını itirib, təcili soska al gətir. Bu adam məclisdən durdu, getdi şəhərin bir başından o biri başına. Həmin ucu əyri soskanı aldı gətirdi ki, uşaq rahat yata bilsin. Bu bizim aramızda gülüşə səbəb oldu və şirin qayğı kimi yadımızda qaldı...