30 Avqust 2017 08:53
6 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzində, Dilarə Əliyeva küçəsi, 157 ünvanında hələ də qapılarını ziyarətçilərin üzünə aça bilməyən bir muzey yerləşir. Bu, xalq rəssamı Əzim Əzimzadənin ömrünün sonuna qədər yaşayıb-yaratdığı, hazırda adını daşıdığı ev muzeyidir.

Muzeyin ekspozisiyası hazır olmadığına görə direktor İradə Əzimzadə bizi böyük rəssamın fondda saxlanılan qiymətli əşyaları ilə tanış etdi.

Qonşuları təngə gətirən Əzim

Əzim Əzimzadə 1880-ci ilin aprelində Bakının Novxanı kəndində dünyaya göz açıb. Babası Əbdüləzim kasıb bir bənna olub, atası Aslan kişi isə ailə peşəsini davam etdirərək, bənnalıq edirmiş. Əbdüləzimin vəfatından sonra Aslan kişi ailəsi ilə birgə Bakıya köçməyə qərar verir. Kərbəlayi Aslanın beş övladı olsa da onlardan ancaq biri sağ qalmışdı. Ona da babasının adını qoyub, “Əzim” deyə çağırardılar.

Yeddi yaşında atası yeganə övladı Əzimi mollaxanaya yazdırdı. Balaca oğlan qısa müddətdə ərəb əlifbasını və “Quran”ı oxumağı öyrəndi. Amma günlərin birində mollaxanadan qovuldu. Səbəb əlinə düşən rəngli karandaşlarla çəkdiyi rəsmlərdi.

Bir neçə dəfə buna görə Əzimi tənbeh edən molla axırda təngə gəlib deyir, daha buralara gəlmə. Çox sonralar Əzim mollaxanada baş verənləri bir əsərində təsvir edəcəkdi...

Əzimin çəkdiyi rəsmlərdən təngə gələn tək molla deyildi. Bu balaca oğlanın məhəllədə bir parça kömürlə cızma-qara etmədiyi divar, səki qalmamışdı. Qonşular tez-tez ata-anasına şikayətə gələrdilər. Amma xeyri yox idi...

Atasının etirazlarına baxmayaraq Əzim rus-tatar məktəbinə daxil olub, oranı uğurla başa vurur. Orda təhsil aldığı illərdə rəsmə xüsusi həvəs göstərib, ədəbi əsərlərə illüstrasiyalar çəkməyə başlayır.

“Rəssamlıq sənlik deyil”

İradə xanımın sözlərinə görə, Əzim 10 yaşından muzdlu əməklə məşğul olub: “Balaca oğlan şəhərin varlılarından olan Ağabala Quliyevin Poluxin küçəsində tikdirdiyi evə kuryer kimi gedib-gəlirdi. Elə orda da Maslov adlı rus rəssamı ilə tanış olur. Rəssam Ağabalanın evini dekorativ şəkillərlə bəzəyirdi. Əzim də ona arada yardımçı olur, vaxt olanda çəkdiyi rəsmləri göstərirdi”.

Bir gün Ağabala Maslova dəyirmanın tarixi haqda rəsmlərini Parisdə Ümumdünya sərgisində nümayiş etdirməyi tapşırır. Maslov Əzimi də özünə yardımçı götürmək istəyir. Bunu eşidən Ağabala Əzimə bərk acıqlanır: “Ağlını başına yığ, sən müsəlman balasısan, fikrini ticarətə ver, rəssamlıq sənlik deyil”.
Amma Əzim Ağabalaya yox, öz ürəyinin səsinə qulaq asır.

Əzim Əzimzadə rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başladı. 1906-cı ildə jurnalın beşinci sayında dərc olunmuş felyetonda dövlətli tacirlərdən biri lağa qoyulurdu. Əzimzadə bu xətti əsas götürərək “İrşadın müştərisi” adlı bir karikatura çəkib, “Molla Nəsrəddin”in redaksiyasına yollanır. Həmin karikatura jurnalın 7-ci sayında dərc edildi. Bu, Əzimzadə üçün böyük hadisə idi. Bununla bərabər gənc rəssam o zamankı “Kəlniyyat”, “Baraban”, “Babayi-Əmir”, “Məzəli”, “Tuti”, “Zənbur” adlı jurnallarda satirik rəsmlərlə də çıxır edirdi. O əsərlərin əsas mövzusuny xalqın acınacaqlı güzəranı, ölkənin daxili vəziyyəti, insan fırıldaqlarının ifşası təşkil edirdi.

Rəssamın yaradıcılığının ilk mərhələsinə aid əsərləri arasında 1914-cü ildə Sabirin “Hophopnamə”sinə çəkdiyi illüstrasiyalar çox qiymətlidir. O, məhz bu illüstrasiyalarla Azərbaycanda kitab qrafikası sənətinin də əsasını qoydu.

Maraqlıdır ki, Əzimzadə realist portret janrında məşhur şərq şairi Cəlaləddin Ruminin və sərkərdə Səlahəddin Əyyubinin və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin obrazlarını yaratmışdı.

İradə Əzimzadə: “Onun əsərləri aktuallığı ilə diqqət çəkir. Əzimzadə ilk növbədə məişət mövzusunda əsərlər yaradırdı. “Müsəlmanların müqəddəs yerlərə ziyarəti”, “Köhnə Bakı tipləri” kimi silsilə əsərlər rəssamın məişətin bütün təzadlarına, konfliktlərinə dərindən nüfuz etdiyini göstərir. “Bakı tipləri” silsiləsində rəssam kimləri yaratmayıb? Burada hər tip adama rast gəlmək olar”.

Əzimzadənin qızına aşiq rəssam

Əzimzadə 1903-cü ildə ailə qurub. Həyat yoldaşı Səriyyə evdar qadın idi. Bu ailədə beş övlad böyüyüb: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan, Sevda

Övladlardan yalnız Həbib atasının sənətini davam etdirib. İradə xanım deyir ki, muzeyin ilk direktoru da o olub: “Həbib Əzimzadə mənim qaytanamdır. Yadıma düşmüşkən deyim, Mehdi Hüseynzadə Əzimzadənin həm tələbəsi, həm də qohumu olub. “Uzaq sahillərdə” filmində göstərildiyi kimi Mehdi gözəl rəssam idi, möhtəşəm portretlər çəkirdi. Həbib Əzimzadə isə karikaturist idi”.

- Başqa kimlər tələbəsi olub?

- Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Hüseyn Əliyev, Kazım Kazımzadə... Mikayıl Abdullayev bu evə çox tez-tez gəlib-gedərdi. Ailədən hesab olunurdu. O, Əzimzadənin qızı Pəricahana aşiq idi, onunla ailə qurmaq istəyirdi. Baxın, Mikayıl Abdullayevin Pəricahanı təsvir etdiyi rəsmdir. Onun diplom işi idi. Amma Pəricahan ona ərə getmədi. Çünki Mikayılı qardaşı kimi görürdü.

Eynək, mücrü, telefon

Fondun hər köşəsində Əzimzadənin əşyaları qorunur: stolun üstündə sevdiyi lampası, müxtəlif növ heyvan fiqurları, həyat yoldaşının servisləri, Mircəfər Bağırovun sifarişi ilə hazırlanan “Ölüm maskası”. İradə xanım deyir ki, Əzimzadə lampanın işığında işləməyi xoşlayırmış: “O iş zamanı sakitliyə çox önəm verirdi. Bu ev altı balaca otaqdan ibarət idi. Pəncərəsi yola açılan otaqlardan biri Əzimzadənin iş kabineti idi. Yaradıcılığının ən kamil və məhsuldar dövrü məhz burda olub”.

-Yazı masasının üzərindən əskik etmədiyi əşyaları hansılar idi?

-Telefonu... - İradə xanım stolların arxasına qoyulmuş telefonu aparatını çıxarıb, bizə göstərdi.

Telefonu əlimə aldım, ağır idi, dəstəyini qulağıma apardım, dedim, bəlkə dahi rəssam qulağıma nələrsə pıçıldar...

İradə xanım divarboyu yığılan şkafı göstərdi: “Burda Əzimzadənin əsərləri, şəxsi əşyaları, plakatları, yəni bütün külliyyatı bölmələrə ayrılaraq yerləşdirilib. Bilirsiniz ki, muzeylərin fondları adətən çox dağınıq olur. Bu şkaf sayəsində dağınıqlığı aradan qaldırmışıq”.

1968-ci ildən ev muzeyinə çevrilmiş bu məkanda 1983 eksponat qorunub saxlanılır. Rəssamın Dövlət İncəsənət Muzeyində 232 əsəri, 3 albomu var. Teatr Muzeyində isə 499 ədəd eksponat saxlanılır: “Həm İncəsənət Muzeyinə, həm də Teatr Muzeyinə şəkilləri Əzimzadə özü verib. Nə biləydi ki, vaxt gələcək öz evi muzey olacaq. Rəssamın əsərləri Moskvanın bir sıra muzeylərində də saxlanılır.

Bu muzeyə alqı-satqı zamanı yeni eksponatlar da daxil olur. Biz onları Əzimzadənin qohum- əqrəbalarından, kəndçilərindən alırıq”.

Otağın qapısının yanında yerləşən bir şkafa gözüm sataşır. Burda Əzimzadənin eynəyi, fırçaları, həyat yoldaşı Səriyyə xanıma bağışladığı mücrü, Leninin büstü və çoxlu heyvan fiqurları var.

- Əzimzadə heyvan fiqurlarını çox xoşlayırdı. Onun Qraf adlı bir iti olub. Təsəvvür edin, həmin it poçtdan Əzimzadənin qonorarını gətirərmiş. Poçtda o iti hamı tanıyırdı. Qonorarı gələn kimi zəng edib Əzimzadəyə məlumat verirdilər, o da sədaqətli iti göndərərmiş.

- O vaxtlar yəqin yaxşı qonorar alırmış...

- Elədir. Əzimzadə öz qonorarından tələbələrə tuş, rəng, kağız alırdı. Bir hadisəni danışım. 1940-cı ildə yaradıcılığının 35 illik yubileyi ilə əlaqədar Moskvada keçirilən X dekada rəssamın 1200 əsərindən ibarət sərgisi nümayiş etdiriləcəkdi. Moskvaya səfərdən bir gün əvvəl tələbələrindən birini yanına çağırıb deyir ki, işdə filan şəkil qalıb, get onu gətir. Tələbəsinin pencəyi və ayaqqabısının cırıq olduğunu görən Əzimzadə bir az əsəbləşir və bunun səbəbini soruşur. Tələbə də başını aşağa salıb: “Əzim müəllim, başqası yoxumdu” deyir. Əzimzadə çox pis olur, Səriyyəni yanına çağırıb deyir, get ordan ayaqqabımı, paltomu gətirib, oğlana ver. “Sən sabah dekadaya nə geyinəcəksən” deyə soruşan Səriyyə Əzimzadənin cavabı çox gecikmir: “Eyib etməz, sabah gedib alarıq”. Həmin dekadadan Əzimzadə vətənə orden, tərifnamə, müxtəlif hədiyyələrlə qayıtdı.

Əzimzadənin ürəyi belə yumşaq idi. Baxmayaraq ki, görkəmcə zəhmli adam təsiri bağışlayırdı. Görkəmli rəssam Kazım Kazımzadə onun tələbəsi olub. Həmişə danışardı ki, Əzimzadə dərsə gəlib, tələbələrin şəkillərinə baxıb az-maz gülümsənəndə başa düşürdük ki, onun xoşuna gəlib. Zəhmlə baxırdısa bilirdik ki, bəyənməyib.

Sabit Rəhman

Qonorardan söhbət düşmüşkən, Emin Sabitoğlunun atası, məşhur komediya müəllifi Sabit Rəhman Əzimzadə ilə zarafat etməyi xoşlayırmış. Bir dəfə Əzimzadə qəfəsdə çəkdiyi meymunlarla bağlı şəklini alqı-satqı komissiyasına təqdim edir. Həmin komissiyanın üzvlərindən biri də Sabit Rəhman olur. Əsəri komissiyanın yanına Kazım Kazımzadə gətirir. Bu əhvalatı da Kazım müəllim danışıb. Deyir, içəri girdim, əsəri təqdim etdim, birdən Sabit Rəhman dedi, bu üç şəklə 300 manat verərik. Bu, Əzimzadəyə pis təsir edir. Ondan sonra qəfəsdə iri meymun çəkib, altına “Sabir Rəhman” yazıb, Kazıma tərəf dönüb “apar bunu komissiyaya göstər” deyib. Kazım pərt halda içəri girir, deyir, çox üzr istəyirəm, amma bu şəkli Əzim müəllim göndərdi. Sabit Rəhman şəklə baxır, gülür və deyir bunun qiyməti yoxdur - 1 milyon. Sözünün üstündə də durur, bir milyon qonorar verir.

Əzim Əzimzadə 40 illik səmərəli yaradıcılıq fəaliyyəti ərzində 3000-dən artıq satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər yaradıb. Əzimzadə həm də Azərbaycanda plakat, teatr rəssamlığının banisi hesab olunur. “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın mal alan”, “O olmasın bu olsun” musiqili komediyalarının bədii tərtibatının və geyim eskizlərini verib. Üzeyir Hacıbəyovla çox sıx işbirlikləri olub.

- Üzeyir bəy, Cəlil Məmmədquluzadə bu evə tez-tez gələrmişlər. Birlikdə qonaq otağına yığışar, söhbət edər, müzakirələr apararmışlar. Əzimzadə musiqini çox sevərmiş, Üzeyir bəy pianinoda ifa edər, o da dinləyərmiş. Ondan başqa Əzimzadənin övladlarının da pianinoda ifa etmək məharətləri var idi.


İradə Əzimzadə deyir ki, böyük rəssam öz əsərlərində dinin adından sui- istifadə edən mollaları çox kəskin tənqid edib: “Amma dinə qarşı çıxmayıb. İki dəfə Kərbəla ziyarətində olub, özünün namaz xalçası və dinə inamı olub. O, tənqid etdiyi mollalar və qeyriləri tərəfindən çox təqiblərə məruz qalıb. Amma bu onu qorxutmurdu.

Əzimzadə birinci dəfə Kərbəla ziyarətinə bibisini müşayət etmək üçün getmişdi. İranı, İraqı gəzmiş və həmin ildə “Hümmət” təşkilatına üzv olmuşdu.

Əzimzadə müxtəlif illərdə Azərbaycan Maarif Komissarlığının İncəsənət şöbəsinə rəhbərlik edib, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalının baş rəssamı təyin olunub, Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun direktoru vəzifəsində çalışıb. İkinci Dünya Müharibəsi illəri Əzimzadə yaradıcılığının son mərhələsidir. 1941-ci ildən qələmini süngüyə çevirən rəssam müharibə mövzulu əsərlər çəkməyə başlayır. Müharibə Əzimzadə üçün ağrılı olur. Müharibə onun əlindən oğlunu və oğul çiynində son mənzilə yola salınmaq arzusunu alır.

Onun əşyaları içərisində bir təqviminə rast gəldim. Təqvim 16 iyun tarixində donub qalmışdı.
Əzimzadə 1943-cü ilin məhz o günü dünyasını dəyişib. Mircəfər Bağırov yanına gəlib:
- Əzim, sonuncu ürək sözünü de, onu yerinə yetirim.
- İstəyirəm üç oğlumdan birini görə bilim.
-Hansını?
-Fərqi yoxdu.
Əslində Əzimzadə sonuncu oğlu Lətifin müharibədə həlak olduğunu yaxşı bilirdi, amma bunu heç kimə demirdi. Hətta həyat yoldaşına da... Onu elə bu yatağa da oğlunun “qara xəbəri” salmışdı. O yataqdan daha qalxa bilmədi, ürəyi oğlunun itkisinə tab gətirmədi.
Mircəfər Bağırovun əmri ilə oğlu Həbibi cəbhədən evə yollayırlar. O öncə Tiflisə gedir, bəzi səbəblərdən orda yubanır. Birdən çatmaram deyib çox həyəcan keçirirdi Həbib. O evə -atasının yanına, atası isə o dünyaya tələsirdi... Görünür, ikinci daha çox tələsirmiş, çünki Həbib yarım saat gecikdi...


Müəllif: Nərmin Muradova, Elçin Murad

Oxşar xəbərlər