2 Sentyabr 2017 17:14
2 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəl yerli kanalların birində maraqlı bir caz ifaçısını dinləməli oldum. Musiqiçinin ifası inanılmaz dərəcədə peşəkar və qeyri-adi idi, bu ifaya yorulmadan, saatlarla qulaq asmaq olardı. Amma məni heyran edən yalnız ifa deyildi.

Bu insan ciddi fiziki qüsuru olmasına baxmayaraq, böyük səhnədə nəhəng tamaşaçı kütləsi qarşısında çıxış edir,onlara yüksək zövq və ali hisslər bəxş edirdi.

Söhbət italyan əsilli fransız pianisti Mişel Petruçianidən gedir.

Mişel Petruçiani 1962-ci ildə Fransanın Oranj şəhərində dünyaya gəlib. Övladlarının anadangəlmə qüsurlu olması valideynlərinin qəlbini ağrıtsa da, onlar Mişeli çox sevir və qeyri-adi bir uşaq olduğunu hiss edirdilər.

Osteogenez adlanan xəstəlik nəticəsində onun sümükləri hələ ana bətnindəykən inkişafdan qalmışdı, buna görə də boyu və ayaqları qısa idi. Uşağın bədən sümükləri şüşə kimi nazik və dözümsüz idi, ən sadə hərəkətdən belə sınıqlar və çatlamalar ola bilərdi.

Mişelin normal inkişaf etmiş, möhkəm və güclü olan yeganə bədən üzvü əlləri idi. Yəqin ki, bu, səbəbsiz deyildi...

Atası Toninin musiqi alətləri dükanı vardı və o, gitara ifa edirdi. Buna görə də Mişel lap kiçik yaşlarından musiqi ilə sıx təmasda olur, qulaqları daim müxtəlif alətlərin səsini eşidirdi. Bu, onun daxilində yatmış musiqiçi ruhunu bir az da qidalandırırdı.

Bir dəfə dörd yaşında olarkən Mişel televizorda məşhur bir pianistin ifasını gördü və əlinin işarəsi ilə: "Mən də bu alətdən istəyirəm" dedi. Tezliklə atası ona kiçik bir uşaq pianosu aldı. Amma oyuncaq piano Mişeli qane etmədi, o, əsl fortepiano arzusunda idi.

Atası uşağın ciddi istəyini görüb, ona köhnə piano aldı, uşağın qısa ayaqları alətin pedallarına çatmırdı. Buna görə də Toni Petruçiani Mişelin ayaqlarının ölçüsünü nəzərə alaraq, alətin üzərində bir az işlədi və oğlu üçün uyğun bir vəziyyətə saldı.

Mişel səkkiz yaşında artıq klassik əsərləri pianoda özünəməxsus peşəkarlıqla ifa edirdi. O, yalnız pianoda deyil, digər klavişli alətlərdə də çalmağı bacarırdı. Buna görə doqquz yaşında atası ilə dükanda çalışmağa başladı, satılan musiqi alətlərini alıcılara nümayiş etdirmək üçün onlarda ustalıqla ifa edirdi.

10 yaşında Mişeli klassika daha cəlb etmirdi, o caz musiqisi ilə maraqlanmağa başladı. Elə o vaxtdan caz onun həyatının məğzinə çevrildi.

Mişel saatlarla piano arxasında oturur, improvizələr edirdi. Onun bədəninə nisbətən iri görünən əlləri ürəyinin, ruhunun hüdudsuz istəklərini piano üzərinə səpələyirdi. Petruçiani beynindəki suallar cazda cavab tapırdı, sonsuz improvizələr onu hisslərinin ən yüksək zirvəsinə çatdırırdı.

O, cazla məşğul olmağa başlayandan sonra fiizki çatışmazlıqlarını görmür, hiss etmirdi. Nəhayət, ruhunu sakitləşdirə bilmişdi...

Mişelin professional musiqiçi fəaliyyəti on üç yaşında başladı, o, Fransada caz festivalında iştirak etdi. On beş yaşında artıq öz vətənində tanınmış caz ifaçısı idi, festivallara qatılır, məşhur cazmenlərlə səhnələri bölüşürdü.

Fortepiano arxasında güclə seçilən bu kiçik adam içindəki böyük enerjini və həssas duyğularını birləşdirərək klavişlərdə möcüzələr yaradırdı. Onun improvizələri tamaşaçılara sonsuzluq, azadlıq və rahatlıq duyğuları vəd edirdi.

1981-ci ildə Petruçiani ABŞ-a gəlir və burada məşhur saksafonçu Çarlz Loydla tanış olur, o, gənc pianoçunu yeni yaratdığı kvartetə dəvət edir. Kvartetlə birgə çalışdığı üç il Mişel üçün bir məktəb oldu. Bu illər ərzində daxili imkanlarının daha geniş olduğunu anlayan pianoçu sonralar Nyu Yorkda öz triosunu yaratdı.

Mişel Petruçiani bu trio ilə bir çox caz festivallarında üğürla çıxış edirdi. Hər dəfə trionun ifasını dinləyən tamaşaçılar caz musiqisinin ucsuz-bucaqsız imkanlarına, improvizənin insan emosiyalarına müsbət təsirinə bir daha əmin olurdular.

Konsertlər zamanı Mişelin royal arxasında oturmasına kömək edirdilər, o, özü isə bunu həmişə yumorla qarşılayır və heç vaxt fiziki qüsurlu olmasından narahatlıq keçirmirdi.

Həqiqətən də kiçik cüssəli bu insan bu gün də caz musiqisinin nəhəngləri sırasındadır.

Petruçiani çoxları məşhur pianist Bill Evansa bənzədirdilər, amma onun yaradıcılığı Evansdan bir qədər fərqlidi. Bill Evansın ifa və improvizələrində sakit laqeydlik var, Mişelin ifası isə emosional, hətta bəzən aqressiv, eyni zamanda dolğun və rəngarəngdi.

1986 və 1994-cü illər arasında konsert və qastrollarla yanaşı, Petruçiani həm də yeddi albom üzərində çalışdı.

Onun ən böyük arzusu Fransada beynəlxalq caz məktəbi yaratmaq idi. Mişel caz musiqisinin kifayət qədər inkişaf etmədiyini düşünür və öz həyatını buna - cazın daha geniş şəkildə və bəşəriyyətə lazım olduğu kimi çatdırılmasına həsr etmək istəyirdi.

Mişel qadınların sevimlisi idi, deyilənə görə, həyatında bir neçə sevgi romanı olmuşdu. Rəsmi olaraq bir dəfə evli olan musiqiçi pianoçu Qilda Batanı seçdi, onların bir oğlu oldu. Amma bu izdivac uzun sürmədi, az müddət sonra boşanma ilə bitdi.

1999-cu ilin yanvar ayında Mişel Petruçiani qəflətən dünyasını dəyişdi, həkimlər onun ağciyər infarktından öldüyünü söylədilər.

Onun ölümü Fransa və dünyanın hər yerində cazsevənlərə gözlənilməz zərbə oldu. Mişeldən yeni konsertlər, yeni improvizələr gözləyən pərəstişkarları sanki onunla bərabər ara-sıra zövq aldıqları azadlıq duyğusundan da məhrum olmuşdular.

Ömrünün qısa, fiziki gücünün az olmasına baxmayaraq, Mişel dolğun və maraqlı həyat yaşamışdı. O, bu illər ərzində otuzdan çox disk yazdırmış, dünyanın bir çox ölkələrində konsetlər vermişdi.

Boyu bir metrdən də qısa olan Mişel Petruçiani öz musiqisi ilə bütün dünyanı fəth etməyi bacardı. O bilirdi ki, xəstəlyi ciddi və çarəsizdir, amma bu haqda düşünmək istəmirdi. Ruhunun, hisslərinin qayğısına qalır, yaşadığı müddət ərzində həyatdan zövq almaq və başqalarına da zövq yaşatmaq istəyirdi.

Bir dəfə müsahibələrinin birində Petruçiani demişdi:" Çoxları sadə bir həqiqəti anlamaq istəmir - insan olmaq üçün iki metr boya sahib olmaq vacib deyil, əsas hansı beyinə və qəlbə malik olmaqdır."


Müəllif: Təranə Qurbanlı

Oxşar xəbərlər