3 Sentyabr 2017 13:13
801

Bu gün Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı Yaşar Nurinin ad günüdür.

Teleqraf.com xəbər verir ki, o, 1951-ci ildə Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında "Toy kimindir?" tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub.

Bundan başqa Yaşar Nuri "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib. Tələbəlik dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub. Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib.

“Alma almaya bənzər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Ölsəm, bağışla”, “Qətl günü”, “Mənim ağ şəhərim”, “Ağ atlı oğlan”, “Yoxlama” və s. kimi məşhur filmlərdə sevilən rolları ilə yadda qalıb.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də dünyasını dəyişib.

Ülkər və Ülviyyə adlı iki qızı var.


Müəllif: Könül