Mirzə Fətəli Axundov adına Milli Kitabxanada “Revolyusiya və kultura” dərgisindəki yazıları gözdən keçirərkən Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyinə həsr olunmuş xüsusi buraxılışa rast gəldim. Jurnalın bu sayında Mikayıl Rəfilinin, Mirzə İbrahimovun, Heydər Hüseynovun, Cəfər Cabbarlının, Əbdürrəhim Haqverdiyevin və başqalarının maraqlı yazıları dərc olunub, mütəfəkkir haqqında qiymətli bilgilər verilib.
Jurnaldakı dəyərli yazılardan biri də nəvəsi Aliyə xanıma aiddir.
Aliyə xanımın xatirəsində maraqlı nüansların olduğunu nəzərə alıb sizlər üçün təqdim edirik:
***
Aliyə xanım
M.F.Axundovun nəvəsi
Mirzə Fətəli Axundovun həyatından
Mən böyük yazıçımız Mirzə Fətəli Axundovun həyatından bir epizod nağıl etmək istəyirəm. Zənnimcə, bu epizod M.F.Axundovun yaxın adamlarından başqa heç kimə məlum deyildir.
Məlum olduğu kimi, Mirzə Fətəlinin anası nuxalı idi, atası isə İran Azərbaycanından idi. Mirzə Fətəli anadan olandan bir az sonra, atası onu və anasını İrana, Xamnəyə aparmışdı. İrana getdikdə Mirzə Fətəlinin anası görür ki, ərinin burada bir arvadı var və bundan da bir neçə qızı olub. Mirzə Fətəlinin anası bu qadınla düz gəlmir və vətənə qayıtmaq istəyir. Mirzə Fətəlinin anasının başqa uşağı yox idi. Fətəli 4 yaşına çatdıqda qadın ərindən rica edir ki, onu Nuxaya, evlərinə buraxsın və talağını versin. Əri talaq verməyə razı olur, amma şərt qoyur ki, oğlu onun yanında qalsın. O zaman uşaqlar bütünlükdə atanın sayılırdı, ananın haqqı nəzərə alınmırdı.
Budur, təyin edilən gündə Zaqafqaziyaya mal aparan dəvə karvanı darvazanın ağzında durur. Bu karvanla Mirzə Fətəlinin anası vətənə getməli idi. Qadın oğlunu oyatmamaq və gizlin getmək qərarına gəlir, lakin Fətəlinin ögey bacılarından biri, 9 yaşlı qız, uşağın həmişəlik olaraq anasından ayrılacağını başa düşərək “Fətəli, dur, anan gedir” deyə Fətəlini oyatmağa başlayır. Fətəli durub çığıra-çığıra həyətə yüyürür və dəvəyə minməyə hazırlaşan anasının ətəyindən bərk-bərk yapışır. Uşağın və ananın şiddətlə ağladığını görən həyətdəkilər Mirzə Tağıdan (Fətəlinin atası) xahiş edirlər ki, uşağı da anası ilə buraxsın. Nəhayət, Mirzə Tağı buna razı olur. Mirzə Fətəli daha atasını görmür, çünki atası onların qayıtmasından bir il sonra ölür.
Sonralar Mirzə Fətəli uşaqlığında olan bu hadisəni dəfələrlə xatırlarmış və bütün sonrakı həyatını borclu olduğu bacısını təşəkkür hissi ilə yad edərmiş. Əgər həmin qız Fətəlini oyatmasaydı, yəqin ki, Fətəli atasının İrandakı cahil mühitində təhsilsiz qalacaqdı. Mirzə Fətəli həmişə arzu edirdi ki, İrana gedib bu bacısını tapsın. Nəhayət, Mirzə Fətəli 50 yaşında ikən ərəb əlifbasını latın əlifbası ilə əvəz etmək haqqında düzəltdiyi proyekti qəbul etdirmək üçün İrana gedir. Lakin məlum olduğu kimi, ruhanilərin müqavimət göstərməsi nəticəsində bu proyekt qəbul olunmur. Bacılarını isə Mirzə Fətəli axtarıb tapır. Bacıları onu çox yaxşı qəbul edirlər və ona öz incə-bədii əl işlərindən hədiyyə verirlər. Bu əl işlərinin bəziləri 80 il bundan əvvəl tikilmiş olduğuna baxmayaraq indiyədək qalmışdır.
Mirzə Fətəlinin bacılarının hədiyyə etdikləri örtüklərdən biri Mirzə Fətəli xəstə olarkən onun çarpayısının yanındakı mizin üstünə salınıbmış. Mirzə Fətəli yataqda uzanıb yazı yazdıqda bu örtüyün üstünə mürəkkəb damlaları düşür. Bunun üstündə onun səliqəli arvadı ərini çox məzəmmət edir.
Mirzə Fətəlinin arvadı Tubu xanım əri öləndən sonra bu hadisəni çox tez-tez xatırlardı və qəsdən mürəkkəb ləkəsini örtükdən təmizləməzdi. Mirzə Fətəlinin bacıları Tubu xanım üçün də müxtəlif hədiyyələr göndərmişdilər. Amma bu mürəkkəb ləkəsi düşmüş örtük ərini xatırlatdığına görə onun üçün xüsusilə qiymətli idi.
Tubu xanım Mirzə Fətəlidən təqribən 20 il sonra ölmüşdür. Bunların iki uşağı vardı: Rəşid və qızı Nisa xanım. Qalanları hələ uşaq ikən ölmüşdülər. Mirzə Fətəli öz oğlunu Brüsselə oxumağa göndərmişdi ki, bu da o zaman üçün görünməmiş bir işdi. Qızına zamanına görə çox yaxşı təhsil vermişdi. Qızı Nisa xanım fars dilini çox yaxşı bilirdi, ərəb dilinə bir qədər bələddi, gürcü və rus dillərini bilirdi.
O zaman Tiflisdə gürcü paltarı geyinmək adət idi. Mirzə Fətəli də öz qızının şəklini gürcü paltarında çəkdirmək istədikdə anası, qohumları və qonşuları hay-küy salıb deyirlər ki, bu, çox pis işdir, gənc qızın şəklini fotoqrafda görərlər, onları pislərlər.
Mənim anam Nisa xanım, o zaman 15-16 yaşında bir qız olub fotoqraf şəklinə malik olmağı çox istəyirdi. Bir də o zaman fotoqraf şəkli nadir bir şeydi. Anam nağıl edirdi ki, Mirzə Fətəli evdəkilərdən gizli olaraq fotoqrafiyaya aparıb şəklini çəkdirmişdi və fotoqrafiyaya getdiklərini heç kim bilməsin deyə şəhərin mərkəzində yaşayan Terequlovlara qonaq getdiklərini söyləmişdi. Onlar, doğrudan da, fotoqrafiyadan çıxandan sonra şübhə doğurmamaq üçün bütün günü Terequlovların evində keçirmişdilər. Fotoqraf şəklini isə söz olmasın deyə sandığın lap dibində gizlədirmişlər. Mirzə Fətəli bu gizlinliyə çox gülərmiş, amma qızının sirrini hətta çox sevdiyi və hörmət etdiyi arvadına da açmazmış.
Nisa xanımın bu fotoqraf şəklini yüz il bundan əvvəl gizlədilmiş olduğu köhnə sandıqdan bu yaxınlarda tapıb muzeyə vermişəm.
“Revolyusiya və kultura”
Sayı 6-7, 1938