12 Yanvar 2018 09:54
119 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük sənət veteranları” layihəsinin budəfəki qonağı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kino şöbəsinin müdiri, tamaşaçıların yaddaşında daha çox “Yeddi oğul istərəm” filminin Cəlalı kimi qalan, sevilən aktyorumuz əməkdar artist Ənvər Həsənovdur.

Teleqraf.com Ənvər Həsənovla müsahibəni təqdim edir.

- Özünüzü necə hiss edirsiz, səhhətiniz necədir?

- Əvvəlki kimi deyiləm. Ona görə ki, kino sahəsində çalışan adamlar hərəkətə öyrəşiblər. Təəssüflər olsun ki, mən isə 5 ildir bu sahədə böyük işlərdən kənaram. Üç seriala çəkilmişəm, serialda isə çəkiliş maksimum 2-3 gün olur. 2-3 günlə də bədəni aktiv saxlamaq mümkün deyil. Bu hərəkətsizlik də məndə şəkər və təzyiq yaradıb.

- Sənət adamları bəzən istədikləri qayğını, diqqəti görməyəndə yorulurlar, bezirlər. Belə anlarda necə təsəlli tapırsız? Sizi hər şeyin yaxşı olacağına inandıran nə olur?

- Təbii ki, belə anlar təkcə sənət adamlarının yox, bütün insanların həyatında baş verir. Və hamı kimi mən də birinci növbədə evdəkiləri düşünürəm. Qızımı, nəvəmi düşünürəm. Mənsiz onların aqibəti necə olar? Onlara yaxşı gələcək qurmaq üçün, işlə təmin etmək üçün, ev almaq üçün çalışıram. Bax bu səbəblər məni yaşamağa məcbur edir.

- Karyeranıza diqqət etsək, sizi bəxti gətirmiş aktyorlardan hesab etmək olar. Ona görə ki, az qala bütün obrazlarınız tamaşaçılar tərəfindən sevilir. Təbii ki, sevgi olan yerdə darıxmaq da var. Sizin üçün darıxırlar. Niyə kinodan uzaqlaşmısız?

- 1965-ci ildə kinoya gəlmişəm. Adil İsgəndərovun kursuna daxil olmuşam. Və həmin illərdən kinodayam, rejissor köməkçisi kimi, aktyor kimi fəaliyyətimi davam etdirirəm. Düz deyirsiz, tamaşaçıların məhəbbətidir məni yaşadan. Məhz buna görə mən artıq 53 ildir ki, kinostudiyada nəfəs alıram.

- Ancaq yeni filmlərdə sizi görə bilmirik. Siz nəhəng sənətkarlarla kinomuzun “Qızıl dövrü”nü görmüş azsaylı aktyorlarımızdansınız. Bu gün yeni filmlərə çəkilməməyinizin səbəbi indiki aktyorların size qane etməməsi ola bilərmi? Bəlkə özünüzə belə tərəf müqabillərini yaraşdırmırsız?

- Məsələ yaraşdırmaq deyil. Gərək düz danışaq. Özünüz də qeyd etdiyiniz kimi, mən böyük sənətkarlarla tərəf müqabili olmuşam. Bu gün çox narahatam. Aradabir yerli kanallara baxıram. Bozbaşdı, badımcandı, nə bilim, bacanaqlardı, qayınanalardı, saqqal saxlayırlar, səslərini dəyişirlər, belə şey olar? Bizim vaxtımızda qadağalar vardı. Kimin hünəri vardı ki, o cür görkəmdə efirə çıxsın?

- Saqqal saxlamaq olmaz ki?

- Olar e, saqqal saxlamaq da olar. Mən də saqqal saxlamışam. “Babək” filmində də, “Qanlı zəmi“ filmində də. Ancaq obraz tələb edib. Yoxsa, hara baxırsan, saqqallı adamlardır. Şəhərə çıxmaq istəmirəm, inanın ki, başa düşə bilmirəm biz kimik? Yeni filmlərə dəvət edirlər. Deyirəm, ay qardaş, filmə dəvət edirsən, yaxşı eliyirsən, ver ssenarini oxuyum, görüm o rol mənə yaraşır, yoxsa yaraşmır. Mən bilməliyəm axı kiminlə tərəf müqabili olacam. Bilməliyəm ki, biz bir-birimizə uyğunuq, ya yox. Deyirlər ki, yox ey, Ənvər müəllim, siz gəlin çəkiliş meydançasına ssenarini orda verəcəyik, oxuyarsız. Deyirəm, onda məni bağışlayın, mənlik deyil. Bu, qətiyyən yekəxanalıq, özündənrazılıq deyil. Baxın, bu gün mənim də pula ehtiyacım var. Ancaq bu o demək deyil ki, bu cür şərtlərlə filmə çəkilməyə razılaşmalıyam. Ona görə də çəkilmirəm.

- Yəqin ki, xəbəriniz var, az büdcəylə bir neçə gün ərzində filmlər çəkib və bu dırnaqarası filmləri tamaşaçılara ciddi film kimi təbliğ edənlər var. Həqiqətənmi bu mümkündür?

- Çox üzr istəyirəm, siz nə danışırsız? Bir neçə günə film çəkmək nədir? Bu heç 2-3 aya da mümkün deyil. Belə filmlərin nə qiyməti, nə dəyəri ola bilər axı? Bizim vaxtımızda bir filmin çəkilişi ən azı 1-2 il davam edirdi. 2-3 aya ssenari yazılırdı, 2-3 ay filmin çəkilişlərinə hazırlıq gedirdi, 2-3 ay çəkilişlər və 2-3 ay da montaj işi çəkirdi. Ona görə də filmin keyfiyyəti olurdu. 30-40 min manatla kino çəkmək olar? Ayıbdır, vallah, ayıbdır.

- Bəs bu gün kinostudiyanın fəaliyyəti nədən ibarətdir? Sizə necə, yeni filmlərin çəkilişi üçün istədiyiniz məbləğ ayrılırmı? Nə layihələriniz var?

- Təəssüf hissi ilə deməliyəm ki, bu gün kinostudiyanın fəaliyyəti ürəkaçan deyil. Kinostudiyaya ayrılan pullar yalnız kommunal xərcləri ödəməyə çatır. Kinonu pulsuz çəkmək olmaz. Yenə deyirəm, 30-40 minlə kino çəkmək mümkün deyil. İndikilər çəkirlər. Girirlər bir balaca yerə, ancaq eyni kadrlar, eyni məkanlar. Başa düşmürlər ki, bu darıxdırıcıdır, bu film deyil. Tamaşaçı yorulur. Filmin çəkilişləri naturada aparılmalıdır. Məkanlar tez-tez dəyişməlidir. Təbiət görüntüləri olmalıdır. Çay qırağı, meşə, dağlıq ərazilər və.s. Bizim köhnə filmlər niyə sevilir? Ona görə ki, məkanlar fərqlidir. At çapırıq, maşın sürürük, güllə atırıq. Və bütün çəkilişlər Azərbaycanın gözəl guşələrində olub. Hər şey təbiidir. İndi bu şərait yoxdur. Sağ olsun cənab Prezident İlham Əliyev də, birinci xanım Mehriban Əliyeva da, bizi daim diqqətdə saxlayırlar. Cənab prezident bir neçə il qabaq kinostudiyada yenidənqurma işlərinin aparılması üçün sərəncam da imzaladı.

- Bəs siz özünüz müraciət edirsinizmi ki, ssenarilər yazılsın, yeni filmlər çəkilsin?

- Əlbəttə ki. Biz yaşlı nəslin nümayəndələri sayılırıq. Bizim nümayəndələrin arasında rejissorlar da var, operatorlar da, rəssamlar da. Təklif edirəm ki, pul ayrılsın, biz də bir film çəkək, indiki gənc nəsil də. Sonra buraxaq tamaşaçıların ixtiyarına. Görək, kimin filminə daha çox qiymət verirlər. Mən cavanların əleyhinə deyiləm, qətiyyən. İşləsinlər. Ancaq biz onlara nəsə deyəndə, qulaq assınlar, əməl etsinlər.

- Aktyor kimi karyeranız çox uğurludur. Bəs, rejissor kimi necə, özünüzü uğurlu hesab edirsizmi?

- Bilirsiz ki, filmdə bir quruluşçu rejissor olur, bir də köməkçi rejissor. Mən xoxşbəxtəm ki, bir çox uğurlu filmlərdə köməkçi rejissor olmuşam. İyirmidən çox filmdə köməkçi rejissor kimi əziyyətim var. Son zamanların filmlərini nəzərdə tutursuzsa, “Dolu” filminin adını çəkə bilərəm. Ancaq sırf rejissor kimi ən böyük arzumdur ki, “Qaçaq Kərəm”i çəkəm.

- O rolda kimi görürsüz?

- İndi istəmirəm bu barədə danışım. Ona görə ki, bu, hələ arzu olaraq qalır. Gərək mənə icazə verələr ki, mən də ssenaristlərə müaricət edəm, ssenari yazıla, seçimlərə başlayam. Nə vaxtsa istədiyim şərait yarananda mütləq xəbəriniz olacaq.

- Əgər bu arzunuz reallaşsa, ssenari yazması üçün kimə müraciət edəcəksiz?

- Orxan Fikrətoğluna müraciət edəcəm. Həm mənimlə həmyaşıd sayılır, həm də gözəl istedadı var. Bir filmdə də işləmişik.

- Rejissor Əlisəttar Atakişiyev “Qərib cinlər diyarında” filmini çəkəndə Qərib roluna sizi dəvət edib. Niyə bu roldan imtina etmisiz?

- Bəli. Deməli, Əlisəttar Atakişiyev həm gözəl rejissor, həm gözəl ssenarist, həm gözəl operator, həm də gözəl rəssam idi. “Qərib cinlər diyarında” filminin ssenarisini yazanda da Qərib rolunu sırf mənim üçün yazmışdı. Yəni o rolda məni görürdü. Ancaq o filmin çəkilişlərinə başlayanda mən “Dərviş Parisi partladır” filminə çəkilirdim. İki filmin də çəkilişləri paralel davam etdiyinə görə “Qərib cinlər diyarında” filminə çəkilməyimə icazə vermədilər. Amma bir maraqlı məqamı da qeyd edim ki, mənim filmdə ilk epizodum 1966-cı ildə elə Əlisəttar Atakişiyevin “İstintaq davam edir” filmində olub. Orda epizodik rola çəkilmişəm.

- Bu gün sizin nəslin davamçıları kimi gördüyünüz aktyorlar varmı?

- Çox qəliz sualdır. Bu gün bizim kanalları ancaq xəbərlərə baxmaq üçün açıram. Başqa heç nəyə baxmıram. Baxa bilmirəm. Heç kəsi incitmək istəmirəm. Hamısının əziyyətinə hörmət edirəm. Ancaq tanımıram. Vallah, adlarını da bilmirəm.

- Teatra münasibətiniz necədir?

- Çox gözəl. Teatrda Rafiq Əzimov var, Nürəddin Mehdixanlı, Firəngiz Mütəllimova var. Necə ola bilər ki?

- Tamaşalara gedirsizmi?

- Təəssüflər olsun ki, gedə bilmirəm. Avtomobil qəzasından sonra səhhətimdə ciddi problemlər yaranıb. Şəkər də bir yandan imkan vermir ki, rahat hərəkət edim. Axşam saat 6-dan sonra maşın sürə bilmirəm. Gözlərim də görmür. 14 ildir “Biləcəri”yə köçmüşəm. Ora da uzaqdır. Hər yerə gedib-gələ bilmirəm.

- Ev demişkən, hələ də qonşunuzla eyni evdə yaşayırsız?

- Bəli. Elə həmin evdə yaşayıram.

- Heç olub ki, həyata qışqırasız: “ürəyimi nişan al, ağrıdır axı”?

- Bəli. Açıq deyirəm və çəkinmirəm. Mən yaşamaq istəmirəm. Belə yaşamaq istəmirəm. Əgər bu gün ürəyimdəki arzuları həyata keçirə bilmirəmsə, mənə yaşamaq da lazım deyil. Mənim qabağımı kəsən sadəcə, balalarım, nəvələrimdir. Heç yuxuma da girməzdi ki, o cür həyatdan belə bir vəziyyətə gəlib çıxaram. Mənim üçün çox ağırdır. Oturub-durduğum dostlar da mənim günümdədir. Təlatüm içindəyik.

- “Yanıq Kərəm”i eşidəndə nə hislər keçirirsiz?

- O günlər yadıma düşür. Allah rəhmət eləsin, Aşıq Ədalət də bu yaxınlarda rəhmətə getdi. Nə bilim… Bir dəfə bir toyda idim. “Yanıq Kərəm”i çaldılar, dostlar durdular oynamağa, məni də güclə darta-darta oynamağa çağırdılar. İndi bunlar oynayırlar, məni də məcbur edirlər ki, oynayım. Dedim ki, a kişilər, bu hava oynamaq üçün deyil ey, bu havanın sədaları altında məni gülləliyib, öldürüblər, indi deyirsiz ki, məni öldürən musiqiyə oynayım?

- Ancaq gənclik illərinizdə çox gözəl rəqs edirmişsiz. Hətta iki filmdə rəqs etdiyiniz kadrlar da var. “Dərviş Parisi partladır” və “Qanlı zəmi” filmlərində.

- Bəli, rəqs təhsilim var. Hətta o vaxt bir neçə müsabiqədə qalib də olmuşam. Ancaq 10 ildir ki, rəqs etmirəm, oynamıram. Allah rəhmət etsin, həyat yoldaşım Mömünat Qurbanova dünyasını dəyişəndən sonra oynamıram. Hamı bizi cüt oynayan görmüşdü. Rəhmətlik də yaxşı rəqs edirdi. Bütün toyları biz qızışdırırdıq. Hər kəs bizim rəqsimizə heyrətlə baxırdı. Ondan sonra mən oynamağı bacarmıram.

- Onu avtomobil qəzasında itirmisiz?

- Bəli, Nabran yolunda maşın aşdı, Mömünat xanım həlak oldu. Artıq 10 ildir ki, o yoxdur. Biz hər il dostlarla onu həm ad günündə, həm də il dönümündə xatırlayırıq.

- Mömünat xanımla “Dərviş Parisi partladır” filmində tanış olmuşduz. Hətta rejissor “Şərəfnisə” roluna xanım aktrisa tapmağı sizə tapşırır, siz də Mömünat xanımı seçirsiz. Və bu filmdə bir-birinizə aşiq olursuz. Filmdən sonra ailə də qurursuz.

- Bəli. Biz o filmin çəkilişlərində tanış olduq, sonra ailə qurduq. Ona dedim ki, artıq filmlərə çəkilməyəcək. O da bunu müsbət qarşıladı. Ancaq sonra iki filmə çəkildi. Əvvəlcə “Qanlı zəmi”, yəni “Qaçaq Nəbi” filmində çəkildi. Həcər rolu üçün çox aktrisa yoxlanıldı, ancaq heç biri sınaqdan keçmədi. Mən həmin filmdə həm də köməkçi rejissor idim. Filmin rejissorları Həsənağa Turabov və Əbdül Mahmudov mənə yaxınlaşdı ki, Həcər roluna adam tapmırıq. Dedim, nə edim? Dedilər, icazə ver Mömünatı çəkək. Dedim, a kişi, 3 yaşlı uşağımız var, siz nə danışırsız? İstəyirsiz atdan yıxılıb ölsün? Dedilər ki, sən narahat olma, uşağa biz baxarıq, atla çəkiləcək epizodlarda da özün onun geyimlərini geyib dublyorluq edərsən. Beləcə, Həcər roluna çəkildi. Bir də 1996-cı ildə “Son döyüş” filminin çəkilişləri Türkiyədə davam edirdi. Orda bir səhnə var idi, restoranda çəkilirdi. Mömünata dedim, otur yanımda, bizdən xatirədir, qoy bu da qalsın. İndi deyirəm ki, yaxşı ki, o filmlər, o kadrlar var…

- Filmə çəkilməyi ona qadağan etdiyiniz üçün peşman deyilsiz ki?

- Xeyr. Peşman deyiləm. Bu gün mənim nəyim var ki? Milyon qazanmışam? Heç evim də yoxdur. O boyda filmlərə çəkilmişəm, əməkdar artistəm. Guya Mömünat xanım filmlərə çəkilsəydi, nə əldə edəcəkdi ki? Tamaşaçı sevgisindən başqa nəyimiz var ki?

- Ancaq tamaşaçı sevgisi də az şey demək deyil…

- Əlbəttə. O gün dostuma ev axtarırdıq. Bir-iki evə baxmaq üçün gəzirdik. Getdik bir evə girdik. Bir cavan gəlin az qala özünü öldürdü. “Ay Allah gör bizə kim gəlib, orda oturma, burda otur, Ənvər müəllim, biz sizin filmlərlə böyümüşük, sizi sevirik”. Dedim, ay qızım, ərin görər, məni bir təhər edər. Qayıtdı ki, ərim sizi məndən çox sevir. Bax belə şeylər bizi yaşadır.

- Bəs “Yeddi oğul”dan biri olmaq necə hisdir?

- Siz sadəcə, filmin heyətini təsəvvür edin. Görün kimlər var? Bu sizə bəs edər ki, mən hansı hislərdən danışıram. Yeddimiz də hər gün bir yerdə idik. Bircə yatdandan-yatana ayrılırdıq. Hər saatımız bir yerdə keçirdi.

- Bu sualı Rafiq Əzimovdan da soruşmuşam, sizdən də soruşum. Bəs niyə Ələsgər İbrahimovun ölümü bu qədər sirli oldu? Niyə heç birinizin ondan xəbəri olmadı?

- Bilirsiz, bu, çox qəribə oldu. Siz indi deyirsiz, mən yenə düşünürəm ki, bu necə baş verdi? Çox yaxşı oğlan idi. Özü də mən onu hamıdan qabaq tanıyırdım. Həm İçərişəhərdə qonşum idi, həm kinostudiyada mühəndis işləyirdi, həm də “İnsan məskən salır” filmində birlikdə işləmişdik. Mən bir neçə il Azərbaycanda yaşamadım. 6-7 il Rusiyada oldum. Onun ölümü də həmin ərəfələrə təsadüf etdi. Ona görə, dəqiq heç bir məlumatım yoxdur.

- Eşitdiyimə görə, nəvələrinizə filmlərdəki obrazlarınızın adını qoymusuz. Doğrudurmu?

- Bəli. Mənim bir oğlum var, bir qızım. Onların hərəsinin də bir oğlu var. Birinə “Uşaqlığın son gecəsin”dəki Muradın adını, birinə də “Qanlı zəmi” filmindəki Siracın adını qoymuşam. Hələ Cəlalımız da var. Qardaşımın oğlunun adı da Cəlaldır.


Müəllif: Elçin Murad, Xəzər Süleymanlı

Oxşar xəbərlər