Xalq artisti Müslüm Maqomayevin anım mərasimi keçiriləcək.
Teleqraf.com-un qafqazinfo-ya istinadən məlumatına görə, xalq artistinin doğum günü münasibəti ilə keçirilən anım mərasimi Fəxri Xiyabanda avqustun 17-də baş tutacaq.
Mərasimdə sənətkarın yaxınları, sənət dostları, rəsmilər, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub.
Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb. 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib. Müğənni doğma şəhəri Bakıda Fəxri Xiyabanda dəfn edilib.