7 Avqust 2018 01:39
3 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşır. Avqustun 6-da axşam saatlarında tamaşaçılar İsrailin dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin təqdimatında daha bir konsert proqramını izləyiblər.

Teleqraf.com xəbər verir ki, Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Rusiyalı dirijor Mixail Xoxlovun dirijorluğu ilə keçən konsertin əvvəlində orkestrin ifasında V.A.Motsartın “Yupiter” əsəri səsləndirilib.

Sonra tamaşaçılar istedadlı pianoçu, beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdünə layiq görülən Toğrul Hüseynlinin orkestrin müşayiəti ilə ifa etdiyi S.Prokofyevin “Fortepiano və orkestr üçün 3 saylı Konsert” əsərini dinləyiblər. Konsertin sonunda dünya şöhrətli pianoçu Oksana Yablonskaya (İsrail-ABŞ) F.Şopenin “Fortepiano və orkestr üçün 2 saylı konsert”ini ifa edib.

Simfonik orkestrin və solistlərin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılan bu musiqi kollektivi 1970-ci ildən Yerusəlim Simfonik Orkestri adlandırılır. Orkestrin repertuarında klassik dövrlərin və müasir bəstəkarların müxtəlif səpkili əsərləri yer alıb. Sofiya Qubaydulina, Henri Dutilleuks, Alfred Şnittke və digər tanınmış bəstəkarların əsərlərini ilk dəfə məhz Yerusəlim Simfonik Orkestri ifa edib. Onilliklər ərzində musiqi dünyasının əfsanəvi musiqiçilərinin – İqor Stravinski, Artur Rubinşteyn, Otto Klemperer, Yehudi Menuhin, Mstislav Rostropoviç, İsaak Stern, Pablo Kazals və onlarla digər məşhurların bu orkestrlə yaddaqalan çıxışları olub. Orkestr hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallara dəvət alır. İsrailin Mədəniyyət və İdman Nazirliyi və Qüds bələdiyyəsi tərəfindən dəstəklənən bu kollektiv Avropanın və Amerikanın bir çox şəhərlərində qastrol səfərlərində olub, dünyanın ən məşhur konsert salonlarında çıxış edib.

Onuncu Qəbələ Beynəlxalq Musiqi Festivalına avqustun 7-də yekun vurulacaq. Proqrama uyğun olaraq, festivalın sonuncu günü əvvəlcə fortepiano musiqisi axşamı təşkil ediləcək. Saat 21:00-da isə festivalın bağlanış mərasimi və son konserti olacaq.


Müəllif: Teleqraf.com