3 Sentyabr 2018 13:47
4 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com müzakirələrə səbəb olan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qəbirüstü abidəsi ilə bağlı keçirdiyi sorğunu təqdim edir:

“Həm dinamikdir, həm də fəlsəfi cəhətdən çox maraqlıdır”

Əməkdar rəssam Rəis Rəulzadə Lütfi Zadənin heykəlini Azərbaycanda qoyulan heykəllər içərisində uğurlu əsərlərdən sayır. Onun sözlərinə görə, bürüncdən bu cür heykəl düzəltmək texniki baxımdan çox çətindir: “Mahir ustadımız Ömər Eldarov yaşının çox olmasına baxmayaraq, bu işi peşəkarlıq və bacarıqla görüb. İdeyası, süjeti, yapma üsuluna görə gözəl sənət əsəridir. Heykəl barədə yalnız müsbət danışmaq olar. Heykəli gərək dərindən başa düşəsən, müəyyən anlayışın olmalıdır ki, barəsində danışasan. Ona kənardan baxıb qiymət vermək doğru deyil, gərək iş prosesinə və texnologiyaya bələd olasan. Bunların hamısını bir yerə cəmləyəndə çox uğurlu bir heykəl olduğunu deməliyəm. Hətta düsturların həkk edilməsi üçün onu dərk edib yazmaq böyük işdir. Ruhən gənc olan Ömər Eldarova böyük hörmətim var, o düsturlarla işin mahiyyətini, süjeti açan ustaddır. Çox sevinirəm ki, belə bir heykəl qaldırılıb. Bu, həm sənətkarın, həm də Azərbaycan sənətinin uğurudur. Arzu edirəm ki, qəbirüstü abidə ilə yanaşı Bakının hansısa guşəsində eynisi olmasa da, Lütfi Zadənin başqa bir heykəli qoyulsun”.

Rəssamın fikrincə, heykəli ancaq heykəldən başı çıxmayanlar və standart heykəllərdən anlayışı olanlar tənqid edə bilər: “Yaradıcılıq nöqteyi-nəzərindən yanaşanda onu ancaq dəstəkləmək olar. Yapma üsuluna baxın, Lütfinin cizgilərindən başqa, heykəltəraşın barmaq izləri, ürəyinin çırpıntıları özünü biruzə verir. Onları oxumağı bacarmaq lazımdır. Həm dinamikdir, həm də plastik və fəlsəfi cəhətdən çox maraqlıdır. Ömər Eldarovu təbrik edirəm. Tənqidçilərin isə cavabını verə bilərəm”.

“Heykəlin qolları qeyri-səlis məntiq nəzəriyyəsinə işarədir

Şərqşünas-alim Nəriman Qasımoğlu hesab edir ki, Lütfi Zadənin qəbirüstü abidəsi çox səviyyəli və gözəl sənət əsəridir. Onun fikrincə, abidə alimin adını, fəaliyyətini, nəzəriyyəsini sənətkarlıqla ifadə edir: “Sənətdən bir şey anlamayanların təəssüratı və iddialı münasibəti sadəcə, təəssüf doğurur. Lütfi Zadə sıravi alimlərdən olmayıb ki, ənənəvi alim obrazında da heykəlini yapasan. Əsl yaradıcı, elmdə inqilab yaratmış alimdir. Heç heykəlin qolları da simmetrik deyil, qeyri-səlis məntiq nəzəriyyəsinə işarədir. Heykəl-alim qapı açır, kitab-yazı açır, yol açır yeniliklərə. Onun bu heykəli də yenilikçiliyi yaxşı ifadə edir”.

“Lütfi Zadənin adı elə Azərbaycana yardımdır”

Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, Lütfi Zadənin sadə və maraqlı obrazı yaradılıb: “Alimin kabinetdə oturub yazı yazdığı yerdə qəbirüstü abidəsi qoyulmalı deyildi ki? Heykəltəraş orijinal bir şey düşünüb, ola bilsin fərqli şeylər də qoyulardı ki, o da xoşa gələrdi. Normal heykəldir, orada qəbahətli heç nə yoxdur. Bəzi yanaşmaları oxudum, mənim üçün anlaşılmaz qaldı. Quşbaza oxşatmaq və bu cür ifadə etmək etik çərçivələrə uyğun olmayan bir yanaşmadır və onun ruhuna hörmətsizlikdir. Lütfi Zadəni aşağılamağa çalışırlar ki, guya Azərbaycanda heç kəsə dəstək verməyib, yardım göstərməyib. Azərbaycana nə yardım eləməliydi ki? Onun adı elə yardımdır, brenddir. Bir azərbaycanlı gedib dünyada elmdə söz sahibi olan şəxsiyyətə çevrilibsə, bundan böyük nə xidmət olasıdır ki? Azərbaycanın əleyhinə xüsusi addım atmayıb, tərbiyəsi yaxud mühiti Qarabağ patriotu kimi yetişmək üçün nəzərdə tutulmayıb. Bilim adamı üçün problemlər, proseslər çox da əhəmiyyətli sayılmaya, yaxud o, bunlara diqqət yetirməyə bilər. Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn İsrail dövlətinin yaranması üçün əlini ağdan-qaraya vurmamışdı. İsrail dövləti yarananda yəhudilər ona rəsmi şəkildə müraciət etdilər ki, gəl, bu dövlətin prezidenti ol. Eynşteyn isə imtina etdi və elmi çalışmalarını davam etdirməyə üstünlük verdi. Təsəvvür edin Eynşteyni ittiham edərlər ki, niyə İsrailin prezidenti olmaqdan imtina elədin? Eynşteyn yəhudidir deyə hər şeyi İsrail üçün etməli deyil ki? Bəşəriyyət üçün nələrsə edib. Məsələləri belə cılızlaşdırmağın əleyhinəyəm. Hesab edirəm ki, problemə daha geniş baxmaq lazımdır”.

Fazil Mustafa heykəlin Ömər Eldarovun üslubuna uyğun olmadığına dair iddialara belə münasibət bildirib: “Gərək kimsə çıxıb desin ki, müəllif mənəm. Belə bir iddia yoxdursa, nə deyə bilərik? Ömər Eldarov yaradıcı adamdır, kiminləsə bəlkə məsləhətləşib bu cür yaradıb? Bunu xüsusi irad kimi görməyin əleyhinəyəm. Zövqlər fərqlidir”.

“Abidədə bir romanlıq fikir var”

Filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas İradə Musayeva hesab edir ki, Lütfi Zadənin heykəlinə qəbir daşı, baş daşı və ya qəbiristanlıq atributu kimi yanaşmaq doğru deyil: “Burada iki dahinin yaradıcılığı əks olunub. Daş kimi ölü heykəl arzulayanlar bilsin ki, modern sənət estetikası incəsənətin bütün sahələrinə, eləcə də heykəltəraşlığa nüfuz edib. Lütfi Zadənin heykəli də müasir dünya heykəltəraşlığı, modern sənət estetikası kontekstində öz həllini tapıb. Heykəl canlıdır, hərəkətlidir, ölü deyil, daşda hiss-həyəcan emosionallığı var. Heykəl sözlə doludur, elə bil adamın düşüncəsinə hücum edir, insan bu gücün qarşısında özünü zəif hiss edir. Bəlkə də ona görə bəyənmirlər. Məsələ ondadır ki, adamlar bu qəbrin üstündə öz təxəyyülündəki obrazı axtarır. Biri məzlum kişi, o birisi inqilabçı lider, bu birisi müəllim obrazı və sair. Əvvəla, Ömər Eldarovun sənətinə bizim nəsə deməyimiz absurddur. İkincisi, modern sənət estetikası bütün incəsənət sahələrinə tətbiq edildiyi bir zamanda heykəltəraşlıq abidəsinə niyə belə kustarcasına yanaşırıq, bilmirəm. Bu qəbir daşı deyil, sənət əsəridir, burada bir romanlıq fikir var!…”

İradə Musayeva qeyd edib ki, Ömər Eldarov Lütfi Zadəni fotolardakı kimi məzlum və sakit görünüşdə təsvir etsəydi, özü də bəyənməzdi: “Bu əsərdə alimin daxili təlatümləri, həyəcanları, zəngin və gərgin dünyası əks olunub. Adam heykəlin təcəssümündə onun nəzəriyyəsini belə anlamağa çalışır. Dəyərli sənətkarımız Ömər Eldarov var olsun, bu abidənin üzərində 6 ay işləyib, maraqlı kompozisiya da yaradıb. Qapı fəlsəfəsi də əladır. Ümumiyyətlə, bizim xalqın dahilərə yanaşma tendensiyası qəribədir. Lütfi Zadənin vəsiyyətinə əsasən nəşi Bakıya gətiriləndə də belə paradoksal yanaşmalarla qarşılaşmışdıq. Hətta ziyalılar arasında elələri vardı ki, onun Fəxri Xiyabanda dəfn olunmasına etiraz edirdi ki, bizim xalq üçün nə edib ki? Təsəvvür edirsiniz? Dünya elminə yenilik gətirən bir alimin məzarının burada olmasını, özü də onun öz istəyinə əsasən, qəbul etməyən ziyalılar arasında yaşayırıq. Daha sonra qəbirüstü abidə hazır olana qədər söz-söhbət yaydılar ki, dünya şöhrətli alimin məzarının üstü açıq qalıb. İndi də böyük sənətkarımız dövlətin tapşırığı ilə layiqincə bir əsər-qəbirüstü abidə qoyub ortaya, bu dəfə də heykəlin və ümumiyyətlə, kompozisiyanın ideyasını tənqid edirlər. Heykəl öyrəşmədikləri sənət estetikasında hazırlandığı üçün heykəltəraşı bağışlaya bilmirlər... Onlar yəqin ki, ənənəvi, məsələn, sovet dövrü xalq yazıçılarına qoyulan bir abidəyə bənzər heykəl arzulayırmışlar... Təbii ki, Lütfi Zadəyə sıradan bir heykəl qoymaq onu tanımamağa bərabər bir davranış olardı. Biz fotolarda belə, dünyadakı dahi heykəllərinin hansına diqqətlə baxsaq, maraqlı, düşündürücü, fərqli estetikalarla rastlaşacağıq”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər