Hər birimiz bu dünyaya gəlir, bir ömür yaşayır və gedirik. Elə insanlar da var, öz həyat və yaradıcılıqları ilə zaman keçdikcə bizə daha yaxın olurlar. Getmirlər... Sehrli bir musiqidə, ecazkar bir nəğmədə, gözəl bir əsərdə, təkrarsız bir əməldə yaşayırlar.
XX əsrin görkəmli bəstəkarı, musiqimizə yeni yollar açan, pedaqoq Qara Qarayev kimi...
Belə əvəzolunmaz insanları daha yaxından tanımaq və yaradıcılığı ilə tanış olmaq üçün ən çox üz tutduğumuz yerlərsə ev muzeylərdir.
Bu il oktyabrın 1-də dahi Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) 100 illik yubileyi ərəfəsində ev muzeyi açılıb. Muzey Bakı şəhərinin mərkəzində, Qara Qarayevin ailəsi ilə 1918-1946-cı illərdə yaşadığı Nizami küçəsi-47 ünvanda yerləşir. Bəstəkar ilk əsərlərini məhz bu evdə yazıb.
Onun yaşadığı, nəfəsinin dəydiyi, əsərlərini nota köçürdüyü evdə olmaq və muzeyi oxuculara tanıtmaq üçün bu ünvandayıq.
Muzeyə daxil olar-olmaz, Qara Qarayevi tanımaq və yaxından hiss etmək üçün buranın doğru bir ünvan olduğunu hiss edirsən.
Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirə nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi və məişət əşyaları təqdim olunur. Muzeyin kolleksiyasına 3000-dən artıq material daxildir.
Bura eyni zamanda sənətkarın məktubları, şəxsi kitabxanasından üzərində qeydləri olan kitabları, səs yazıları daxildir.
Muzeydə Qara Qarayevin baletlərinə çəkilmiş eskizlər sərgilənir.
Muzeyin yaradılması ərəfəsində bəstəkarın irsiylə bağlı ölkəmizdən kənarda da araşdırma aparılıb, xeyli material toplanıb. Moskvadakı Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən Qara Qarayevə aid sənədlər, bəzi əlyazmalar, sənətkarın çəkdiyi fotoşəkillər ölkəmizə gətirilib.
Bu sənədlər bəstəkarın yaradıcılığı haqqında yeni məlumatlar verir.
Böyük bəstəkar Sankt-Peterburqda vaxtilə Puşkin adına, hazırda isə Aleksandrinski teatrında 3 səhnə əsəri üçün musiqi yazıb. Sankt-Peterburq teatrından əldə olunan tamaşaların afişaları, musiqilərin not əlyazmalarının surətləri, səs yazıları, fotoşəkillər də ev muzeydədir.
Muzeydə diqqəti çəkən əşyalardan biri də bəstəkarın istifadə etdiyi royaldır. Onun barmaqları toxunan musiqi alətinə baxdıqca düşünürsən ki, məhz burda, bu royalla dahi bəstəkar neçə-neçə musiqi bəstələyib. Adama elə gəlir, royal dillənsə, bizə o illərdən xəbər verəcək.
Muzeydə Qara Qarayevin uşaqlıq, gənclik illəri, ailəsi haqqında məlumatlar ayrı-ayrılıqda sərgilənir.
Xatırladaq ki, görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub.
Bəstəkarın "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləri, "Don Kixot" simfonik qravürləri, III simfoniyası, skripka və orkestr üçün əsərləri musiqi salnaməsinin ən qiymətli səhifələridir.
Burda yaradıcılığının hər dövrü haqqında məlumatlar mövcuddur.
Muzeydəki yazı makinası şəxsən Qara Qarayevə məxsusdur. Bəlkə də bir çoxumuz Qara Qarayevin həvəskar fotoçəkilişlə məşğul olduğundan xəbərsizik. Muzeydə bəstəkar məxsus bir neçə fotoaparat sərgilənir.
Qara Qarayevin yaradıcılıq irsi musiqi incəsənətinin demək olar ki, bütün janrlarını əks etdirir. Muzeyin divarlarında bəstəkarın əsərləri haqqında geniş məlumatlar verilir.
Muzeyi fərqləndirən cəhətlərdən biri də texnologiyanın son nailiyyətlərindən istifadə olunmasıdır. Burdakı televizor və qulaqcıqla vasitəsilə bəstəkarın hər hansı musiqisini dinləyə, filmlərinə baxa bilərsiniz.
Etiraf etməliyik ki, gənc nəsil şagird və tələbələr üçün texnologiyanın köməyilə məlumat almaq daha cəlbedicidir.
Son vaxtlar ölkəmizə turist axını güclənib, müxtəlif ölkələrdən Azərbaycana, paytaxt Bakıya gələn xarici qonaqlara Qara Qarayevi tanıtmaq və onun haqqında geniş məlumat vermək üçün muzeyin rolu danılmazdır.
Qara Qarayevin ev muzeyi toplama, tədqiqat və maarif işi ilə məşğul olur. Burdan müntəzəm olaraq kamera konsertləri və musiqili görüşlər keçiriləcək. Eyni zamanda uşaqlara bacarıqlarını inkişaf etdirmək üçün interaktiv oyunlar təklif olunacaq.
Muzeyin əməkdaşları deyir ki, yeni açılmasına baxmayaraq bura maraq böyükdür. Ziyarətçi Günel Həsənovanın sözlərinə görə, muzeyin açılmasını eşitdikdən sonra bura ilə tanış olmağa gəlib: “Bütün zallar maraqlıdır, xüsusilə interaktiv zal diqqətimi cəlb etdi ki, burda hər şeyi canlı eşitmək olar. Burada Qara Qarayevin musiqilərini, musiqi yazdığı bədii filmlərdən fraqmentləri izləmək mümkündür. İstifadə etdiyi əşyaları daha çox bəyəndik, məhz onun haqqında yeni fikirləri burda öyrəndik. Muzey çox maraqlıdır”.
Bu isə uzeyin xatirə kitabında ilk ziyarətçinin fikirlərdir: “Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Qara Qarayevin xatirəsinə yaradılmış muzeyin ilk qonağı olmaq mənim üçün çox xoş oldu. Şadam ki dahi bəstəkarın yazıb yaratdığı bu ev muzey kimi fəaliyyət göstərir”.
Əlbəttə, bu qeyd son olmayacaq, müxtəlif ölkələrdən, ünvanlardan hələ nə qədər insanlar bu muzeyə gələcək, Qara Qarayevi daha yaxından duyacaq.
Onu yaxından tanımağa dəyər. Böyük bəstəkarı, Azərbaycanının fəxrini... Bur dəfə tanıdınsa, heç vaxt unutmazsan!