2019-cu ilin 30 iyun - 10 iyul tarixlərində Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Sessiyada dünyanın 180-dən artıq ölkəsindən 2500 nəfərdən artıq nümayəndə iştirak edəcəkdir.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sessiyanın 30 iyun tarixində baş tutacaq açılış mərasimində UNESKO-nun baş direktoru xanım Odri Azulay iştirak edəcək.
Qeyd edək ki, bu, xanım O. Azuleyin baş direktor seçildikdən sonra ölkəmizə ilk rəsmi səfəridir.
Sessiyada UNESKO üzv dövlətlərindən yüksək səviyyəli rəsmilər, o cümlədən bir çox ölkələrin baş nazirləri, baş nazir müavinləri, mədəniyyət, ətraf mühit, turizm nazirləri, həmçinin beynəlxalq təşkilatların rəhbər şəxsləri, UNESKO-nun məşvərət orqanlarının rəhbərləri, 70-ə yaxın ölkənin UNESKO yanında daimi nümayəndəsi və memarlıq, irs və ətraf mühit sahələri üzrə mütəxəssislər iştirak edəcək.
Mühüm əhəmiyyətə malik tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irsə, ən qədim abidələrə olan dəyəri özündə əks etdirir. Tədbirə ev sahibliyi etmək və eyni zamanda Ümumdünya İrs Komitəsinə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.
Ümumdünya İrs komitəsi Dünya mədəni və təbii irsinin qorunması üzrə Konvensiyanin iştirakçısı olan dövlətlərdən ibarət Ümumdünya İrs komitəsinin hazırki üzvləri Anqola, Avstraliya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Braziliya Burkina Faso, Çin, Kuba, Qvatemala, Macarıstan, İndoneziya, Küveyt, Qırğızıstan, Norveç, Sen-Kits və Nevis, İspaniya, Tunis, Uqanda, Tanzaniya və Zimbabve dövlətləridir. Azərbaycan isə 2015-ci ildə Ümumdünya İrs komitəsinə üzv seçilib.
Komitənin əsas funksiyaları üzv dövlətlər tərəfindən təqdim olunmuş nominasiyalar əsasında universal dəyərə malik mədəni və təbii irs abidələrinin müəyyən edilməsi və Dünya İrsi Siyahısına daxil edilməsi, siyahıya daxil edilmiş abidələrin qorunmasına nəzarət, həmin abidələrdən hansının Təhlükə altında olan Dünya İrsi Siyahısına daxil edilməsinə və ya həmin siyahıdan çıxarılacağına qərar vermək və Dünya İrs Fondu tərəfindən maliyyələşən beynəlxalq yardım üçün olan müraciətləri nəzərdən keçirməkdir.
Qeyd edək ki, hazırda Qız Qalası və Şirvanşahlar Saray Kompleksi ilə birgə İçərişəhər Tarixi-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya İrsi Siyahısında yer alır.
24 iyun - 4 iyul 2018-ci il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Respublikası Komitəyə sədr seçilib və 2019-cu ildə Komitənin 43-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi qərara alınıb.
30 iyun – 10 iyul tarixlərində keçiriləcək 43-cü sessiya zamanı UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək.
Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir.
Sessiyanın gündəliyinə 2018-2019-cu illər üçün nəzərdə tutulmuş büdcənin icrası barədə hesabatın dinlənilməsi, 2020-2021-ci illər üçün Dünya İrsi Fondunun büdcə təklifi ilə bağlı müzakirələr, Məşvərət orqanlarının hesabatlarının dinlənilməsi, Dünya İrsi Siyahısına daxil edilmək üçün namizədliyi irəli sürülmüş faylların nominasiya prosesi və siyahıya daxil edilmiş abidələrin qorunması ilə bağlı müzakirələrin aparılması daxildir.
Sessiya UNESKO-nun və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi internet portalları vasitəsilə canlı yayımlanacaq.
Sessiya çərçivəsində UNESKO-nun üzv dövlətləri və məşvərətçi təşkilatları tərəfindən mədəni irsin qorunması, dayanıqlı inkişaf, innovasiya və s. mövzularda 40-dan çox paralel tədbir təşkil olunacaq.
Sessiyadan əvvəl öz işinə başlayan Gənc Peşəkarlar və Abidə Menecerləri Forumları hazırda davam edir.