Əməkdar artist Xumar Qədimova İmaddədin Nəsiminin "Neylərəm" qəzəlinə bəstələdiyi əsəri təqdim edib.
Əməkdar artist Teleqraf.com-a açıqlamasında əsəri İmadəddin Nəsiminin 650 illiyinə həsr etdiyini deyib: " Nəsiminin əsərlərini ruhumda hiss edirəm. O hissi açıq-aşkar yaşayıram. Nəsimidə çağırış, müraciət var. Ona görə də bu şeiri qəlbimin səsi ilə seçdim".
Xumar Qədimova yaradıcılıq planlarından da danışıb: “Hələ oxunmamış çox əsərlər var. Yaxın günlərdə Hüseyn Cavidin "Şeyx Sənan" əsərini də ifa edəcəm”.
Qeyd edək ki, tədbirdə Xalq şairləri Ramiz Rövşən, Nəriman Həsənzadə, millət vəkili Aqil Abbas, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, əməkdar jurnalist Flora Xəlilzadə və bir çox ziyalılar iştirak ediblər.
Onlar Xumar Qədimovanın ifasını çox sevdiklərini və bu əsərin İmadəddin Nəsimi ilinə töhvə olduğunu vurğulayıblar.
Fotolar: Pərviz Həşimi