Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair Mətləb Ağadır.
Onunla müsahibəni təqdim edirik:
- Sizcə, kainatı və ya bizi var edən amil hansı idi: zərurət, ya təsadüf?
- Fikrimcə, təsadüf deyil. Nə olmalıdırsa, o da olur və var. İndiyədək bu suala cavab vermək üçün saysız cəhdlər olub, amma düşünürəm ki, həmin cavabların heç biri səmimi ola bilməzdi. Filosoflar da insandır, deməli, onların öz cavablarını əsaslandırmaqdan ötrü heç bir fövqəladə, insanüstü mənbələri ola bilməz. Bu sual həm də digər bir məsələ ilə də sıx bağlıdır ki, dünya və biz insanlar nə üçün mövcuduq? Dinlərin bu söhbətdə mövqeyi aydındır, bu anlaşılmazlığa öz sadə cavabları var.
Elmin isə bu dolaşıqlığa münasibəti çoxşaxəli olsa da, ortadadır, lakin hesab edirəm ki, din və elm heç bir vaxt bu suala cavab tapa bilməyəcək, bu mümkünsüzdür. Bu baxımdan, insanın gündəlik sadə işləri ilə məşğul olması daha məqbuldur, həm də onun ömrünün müddəti də imkan vermir ki, bu cür filosofluq eləsin, ömür hədsiz uzun olsaydı da, bu sualın cavabı insan düşüncəsindən kənardadır. Yəni, heç bir halda bizlik deyil. Bu səbəbdən də, məsələn, Jim Holtun “Dünya nədən var?” kitabını yazması onun öz işidir, ancaq bizim həmin kitabı oxumağımız gərəksizdir və vaxt itkisidir.
Herbert Uelsin “Doktor Moronun adası”nın qəhrəmanı Edvard Prendik doktor Moronun insanabənzər məxluqlara çevirdiyi zavallı heyvanların mahiyyətindən danışarkən deyir ki, “qəflətən məni bu varlıqların kədərli həyatları dərindən sarsıtdı. Problem ancaq onların Moronun labarotoriyasındakı məruz qaldıqları ağrılar deyildi, onlar bütün həyatlarını hər gün içlərindəki heyvanlarla vuruşmağa xərcləyirdilər. Bu, qeyri-mümkün bir işdi. Gizlində, onlar hamısı Qanunu (Moronun bu varlıqlar üçün yaratdığı qaydalar sistemini) müxtəlif vasitələrlə pozurdular. “Qorxu Evi”nin (labarotoriyanın) ağrısı onları heç vaxt tərk etmirdi”.
Nə demək istəyirəm bununla? Biz insanlar da, kainatın və ya bizim yaranma səbəblərimizi öyrənməyə vaxt korlamaqdansa, hansı ki, dediyim kimi, bu nəticəsiz bir işdir, daha yaxşı olardı ki, öz içimizdəki “şeylə” mübarizə aparaq.
Mel Gibsonun “Apokalipsis” filmini xatırlayaq: “İnsanın içində elə bir şey var ki, o heç vaxt “doydum” deməyəcək, məhz bu onu kədərlənməyə və nəsə arzulamağa vadar edəcək, o, həmişə nəsə istəyəcək, dünya özü ona “daha sənə verməyə heç nəyim yoxdur” deməyənə qədər”.
- Ölüb hara gedirik: ölüm sonsuz bir zülmətin, yoxsa əbədi həyatın başlanğıcıdır?
- Sözsüz ki, çoxumuz öldüyümüz andan sonra nəticələrin heç olmasa, Cerri Zükerin “Ruh” filmindəki kimi olmasını ürəkdən arzulayardıq. Şopenhauer “Varlığın mənasızlığı” əsərində yazır ki, insan minlərlə il davam etmiş yoxluğunun ardından, qəfildən böyük bir çaşqınlıqla baxıb görür ki, o, artıq mövcuddur, bundan sonra, qısa bir mərhələdə ömür sürür, daha sonra ölür və bu ölümlə onun üçün artıq yenə də heç bir zaman var olmayacağı (doğulana qədər var olmadığı kimi) sonsuz bir dövr başlayır. Burada, Şopenhauerə arxalanıb, belə demək mümkündürmü ki, bizim öz mövcudluğumuzu anlamağımızın və həyatımızda məna axtarmağımızın səbəbi şüurlu varlıq olmağımızdır?!
Məhz, şüurlu varlıq olmağımız bizə imkan verir ki, nə üçün doğulmağımız və yaşadığımızda bir məna axtaraq. Bunun kökündə isə, fikrimcə, insanın ölüm aktı (qorxusu, duyğusu, düşüncəsi və s.) durur.
Buradan da aydınlaşır ki, “niyə məhz mən doğuldum?” sualının bizi həvəsləndirdiyi məna axtarışının özünün mənasızlığının sübutu ölüm aktının baş verməsidir, belə ki, insanın “mən doğulmuşamsa, deməli, burda bir hikmət var, mən seçilmiş biriyəm, çünki mənim əvəzimə, daha heç vaxt doğulmayacaq, mövcud olmayacaq biri də doğula bilərdi” eqosuna cavab məhz ölümdür.
Yəni, “əgər mənim doğulmağımda (seçilməyimdə) bir məna varsa, onda qısa bir həyatın ardından ölüb yenə də heçliyə qarışmağım nə anlama gəlir?”. Ancaq insanın eqosu yenə də təslim olmur və bu qısa həyatına məna vermək axtarışını (mənasız olaraq) dayandırmır.
Fikirləşirəm ki, bütün fəlsəfələr də bu mənasızlığın təzahürüdür. Odur ki, əgər bir filosof həyatın mənası barədə nəsə deyirsə, yazırsa, buna inanmaq lazım deyil. O, ya öz zəhmətinə heyfi gəlməyən bir sadəlövhdür, ya da nəsə qazanmaq istəyən çoxbilmiş.
Eyni zamanda, doğuluşumuzun bizdən asılı olmadan, bizdən kənarda baş verməsi səbəbindən də öz mövcudluğumuzda və həyatımızda məna aramaq cəhdlərimiz mənasız bir işdir. Bu aspektdən “ölüb hara gedirik?” sualına cavabım budur: biz ölərkən, doğulanadək olduğumuz yerə, yəni, heçliyə qovuşuruq. Əgər heçlikdən gəlmişdiksə... Bundan o tərəfini bilmirəm.
- Niyə biz özümüz üçün doğru olanı etmək istəyəndə, bir çox şeylərdən imtina eləmək zərurəti yaranır? Bu zərurət isə sənin ideallarına kənar müdaxilələrlə ortaya çıxır.
- Yəqin ki, bu, ondan qaynaqlanır ki, bizim üçün doğru olan başqa şəxslərə doğru görünmür. Ona görə də, başqalarını qıcıqlandırmamaq və ya üstümüzə qaldırmamaq vicdanlı olmağımız və ya qorxmağımız səbəbindən baş verə bilər, nəticədə bir-çox şeydən imtina etməli oluruq. Kənar müdaxilələr həm də o səbəbdən yaranır ki, başqa insanlar da özləri üçün doğru olanı etmək istəyirlər.
Cavabımızın fəlsəfi yönü isə bundan ibarətdir ki, filosof Tomas Hobbsun fikrincə, insan anadan “təbii hüquqları” ilə doğulur ki, buraya da yaşamaq, əsas həyati tələbatları, düşmən hücumundan müdafiə olunmaq və sair kimi hüquqları daxildir. Təbii hüquqları heç bir hədd gözləmədən reallaşdırmağa çalışmaq cəmiyyətə qədərki vəhşi insanlara xasdır, burada o insanlar üçün nə qanun, nə də mülkiyyət mövcuddur - hər kəs özünə lazım olanları zorla dartıb almağa çalışır ki, bu nöqtədə də hər kəsin hər kəsə qarşı müharibəsi başlayır.
Bəs, bu müharibənin qarşısını necə almaq olar? Təbii ki, bunun üçün, insanlar öz aralarında öz reallaşdırmaq istədikləri bütün arzularını hamılıqla könüllü şəkildə məhdudlaşdırmaq haqqında razılığa gəlməlidirlər və gəlirlər.
- Sizcə, bizim Tanrı və ya Allah dediyimiz o yaradıcı enerji təbiətin özüdür?
- Heç vaxt cavabı olmayacaq sualların biri də budur. Bu barədə necə istəsək fikirləşə bilərik: Enerji, İşıq, maddi olmayan bir Varlıq, yaxud maddi olan Varlıq. Bu zaman dinlərə inana bilərik. Elmə üstünlük də verə bilərik. Ortaq bir məxrəc tapıb orada var-gəl də edə bilərik. Bu, artıq bizim özümüzün seçimimizdən asılıdır, habelə yaşadıqlarımızdan və öyrəndiklərimizdən...
Burada bir şeyi də unutmuram, Şopenhauer “Varlığın mənasızlığı”nda təxminən belə bir şey yazmışdı ki, bəzi insanlar həyatlarının nəsə bir mənası olduğuna özlərini inandırmaq üçün bu barədəki suallarını yalançı Tanrılara müraciət etməklə cavablandırırlar.
- Elm insanı kainatın yaranması həqiqətlərinə bir az da olsa, yaxınlaşdıra bildimi?
- Qətiyyən yaxınlaşdıra bilmədi və yaxınlaşdırması qətiyyən mümkün də deyil. Düşünürəm ki, elmin bacaracağı yeganə iş mobil telefonlar, kompüterlər və avto-maşınlar düzəltmək, kosmosa peyklər uçurmaq, insanların başqa planetlərdə məskunlaşmasına şərait yaratmaqdır və s.
Elm kainatın necə yaranması və ya niyə yaranması suallarına heç bir cavab tapa bilməz. Buna cəhd etmək və ya kainatın necə və ya niyə yaranmasını anlamağa çalışmaq, sadəcə, səmərəsiz vaxt itkisidir. Yenə də deyirəm, düşünürəm ki, bəzi sualların cavabı əbədilik bizdən, bizim həyatımızdan, bizim şüurumuzdan kənarda mövcuddur, yəni bizlik, insanlıq deyil.