24 Aprel 2020 09:10
6 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı şair İlham Qəhrəmandır.

Müsahibimizin bu gün 61 yaşı tamam olur. O, çağdaş ədəbiyyatımızda folklor və xalq dilindən qayanaqlanan maraqlı ictimai və lirik şeirlərin müəllifi kimi tanınır.

Müasir Azərbaycan ədəbiyyatında özünəxas dəst-xətti olan İlham Qəhrəmanın yaradıcılıq dövrü 1980-ci illərdən başlayır. Çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından biri olan və lirik şair kimi tanınan İlham Qəhrəman “Ağlama qu quşu”, “Ey dil”, “Ağlama, qələm eşidir” adlı şeir kitablarının müəllifidir. Bundan başqa, şairin iki şeir kitabı İranda işıq üzü görüb. Bunlar “Əsir dağlar” və”Məni bizə gətir” adlı kitablardır.

İlham Qəhrəmanla müsahibəni təqdim edirik.

- Sizcə, ədəbiyyat niyə bütün dövrlərdə məşhur olub? Halbuki sənət dünyasının digər sahələri də var.

- Ədəbiyyatın insanlar arasında özünə populyarlıq qazanmasının müxtəlif səbəbləri ola bilər. Tutaq ki, sevgi yaşına – həddi-buluğa çatan gəncləri sevgidən bəhs edən ədəbi nümunələr maraqlandırır. Bu dövrdə, eyni zamanda, gənclər vətənpərvərlik hislərinin təsiri altında olur və bu mövzudan bəhs edən əsərləri oxumağa meyllənirlər. Şəxsən mən o yaşda olanda xeyli milli ədəbiyyat oxumuşam. Yusif Vəzir Çəmənzəminlinin Qarabağ tarixindən bəhs edən “Qan içində”, Fərman Kərimzadənin “Xudafərin körpüsü”, Bəxtiyar Vahabzadənin “samizdat” kimi yayılan “Gülüstan”, Məhhəmməd Hüseyn Şəhriyarın “Heydərbabaya salam” poemaları, Məmməd Arazın Arazdan bəhs edən əsərləri bizim dövr gəncliyinin vətənpərvər ruhda yetişməsində böyük rol oynayıb.

Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin uzaq-yaxın keçmişimizi bizə güzgü tutan əsərləri, Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi”, İsa Muğannanın “Məhşər” və “İdeal”, Çingiz Hüseynovun “Fətəli fəthi” kimi tarixi keçmişimizi özündə əks etdirən sanballı romanları heç vaxt oxucu sarıdan korluq çəkməyəcək əsərlərdir. Nəsillər dəyişdikcə insanın keşmişinə olan marağı oyaq qalır. Bu marağı isə ancaq ədəbiyyat təmin edə bilir.

Tarixi əsər oxuyanda oxucu üçün alt qatda qalan amil həm də hadisələrin baş verdiyi zamana qayıdıb özünü orada – hadisələrin içində görməsidir. Bilirik ki, zövqlər müxtəlifdir. Adam var fantastik əsər oxuyur, adam var macəraya üstünlük verir, memuar sevənlər də bir ayrıdır. Bu mənada hər janrın oxucusu üçün əsərlər həm milli, həm də dünya ədəbiyyatında var.

Əslində digər sənət sahələrinin ədəbiyyatla müqayisədə qeyri-məşhurluğunu deməyə tərəddüd edərdim. Şəxsən mən yaradıcılığım boyu daxili tarazlığımı – buna daxili konstruksiya da deyilir – qorumaqda musiqiyə çox borcluyam. Həzin, bəşəri musiqi yaradıcı insanın daxili hislərini təlatümə gətirmək, o hisləri sözə çevirməkdə əlindən tutmaq baxımından, əvəzedilməzdir. Son bir neçə ildə irihəcmli şeirlərin əksəriyyətini sözsüz musiqilərin sədası altında kağıza köçürmüşəm. Bakıda qoyulan heykəllərin yanından keçəndə ayaq saxlayıb heykəltaraş tərəfindən Sabirin, Füzulinin, Nəsiminin, Vurğunun, Koroğlunun hansı xarakterik cizgilərini vermək istədiyinə baxmaq, elə həmin sənətə olan maraqdan irəli gəlir. Boyakarlıq da o cümlədən. Adamı düşündürən, hisləri ehtizaza gətirən sənətin hamısı dəyərlidir.

- Şiller deyirdi ki, sənət gəncliyə tərbiyə, qocalığa təsəlli, yoxsullara zənginlik, zənginlərə bəzək verir. Sizə görə sənət nədir və onun gücü nə qədərdir?

- Sənət qəbul olunmuş formulla desək, hiss və həyacanın sözlə ifadəsidir. Burda bir fikrimi xüsusi vurğulamaq istəyirəm – mənə görə ədəbiyyat daha çox temperament məsələsidir. Bədii mətni oxuyanda müəllifin daxili gücünün nə qədər olduğunu, əsəri hansı temperamentlə yazdığını duya bilərsən. Temperament daha çox poeziyada özünü büruzə verir. Bizdə elə qələm adamları var ki, müəllifi olduğu mətni oxuyursan, amma temperament, daxili enerji hiss olunmur. Elə bil əlində gül var, amma ətri yoxdur. Amma özündə müəllifdən gəlmə daxili enerjini, temperamenti səfərbər edib meydana çıxan bədii nümunələr yetərincədir.

Bu yerdə həm kişi, həm də qadın qələm adamlarının adını çəkə bilərəm. Sadəcə bu konteksdə ad çəkməyi caiz bilmirəm.

Temperament yazı üçün nə deməkdir bilənlər bilir. Sirr ondan ibarətdir ki, temperament, daxili güc sönməmiş, sərf olunmamış sən onu yazdığın əsərə sərf edəsən. Obrazlı desək, sən cibindəki pulu xeyirli bir şeyə də xərcləyə bilərsən, qumara da qoya bilərsən. Bu, tam ciddiliyimlə deyirəm, intim hadisədir, gərək yazı prosesindən qarşı cinsdən aldığın kimi həzz alasan. Ardınca da onu deyim ki, bu zaman hansı ruhda – istər şad, istərsə də kövrək - əsər yazmağın heç bir fərqi yoxdur. Əsas odur ki, hiss və həyacanını sözə çevirərkən mətnə sərf ediləcək enerji payı yerində olsun. Sənət qanadlanmaq kimidir, onun gücü nə qədər ənginliklərə uçmaq bacarığından asılıdır. Bu həm də oxucunu qanadlandırıb göyə qaldırmaqdır. O mətn uğurludur ki, oxucunu özünə yoldaş edir, sonadək əl-ələ bir yerdə olurlar. Bu elə oxucunun da qazancıdır.

- Həyat bizə dərs verirsə, bəs niyə yenə bizi qorxudan xətalara yol veririk?

- Həyat həm dərs verir, həm də məcbur edir. Bəzən dediyiniz xətalar, insanın başına gözləmədiyi halda gəlir, bəzən isə o xətaları gözaltı edib pis, ya yaxşı əməlin dalınca gedir. Tutaq ki, kosmosa uçan və ya döyüşə yollanan şəxs xətanı gözaltı edir. Amma zəlzələdə fəlakətlə üzləşən, dərənin başına yağan yağışdan xəbərsiz olub dərənin ağzında selə tutulan adam bunu gözləmir.

Eyni zamanda, xoşəməlli insanlar olduğu kimi bədəməlli insanlar da var. Hər zaman bizim yaxşı və pis hesab etdiyimiz insanların ardıcılları olacaq. Buna xeyir və şərin davam edən mübarizəsi kimi də baxa bilərik. Ardıcıllar varsa, demək, hər kəs öz mahiyyətindən irəli gələn missiyasını davam etdirəcək. Bizim pis kimi qələmə verdiyimiz əməl ola bilər ki, əməl sahibinə xoşbəxtlik gətirsin. Həyat belə parodokslarla doludur. Yəni mütləq həqiqəti təyin etmək elə də asan iş deyil. Onu da unutmayaq ki, həyat bəzən xətalarla insanın qarşıdakı yoluna işıq tutur. Yəni etdiyimiz səhvlər, xətalar həm də öyrədir.

- Niyə insanların çoxu inandı ki, ölümdən sonra da həyat var?

- Adəm övladı ağlı kəsəndən ümidlə yaşayıb. Ümiddən irəli insanda inam olmalıdır. Məncə, ümid inamdan doğulur. İnamsız yaşamaq insanı qurub-yaratmaq hissindən məhrum edər. Başladığı işi başa çatdırmaqla, yarımçıq qoymağın fərqinə varmaz. Sabaha ümidsiz olan, məsələn, əkib-becərməz. Çünki sabaha inam olmasa, bu “gördüyün iş kimə lazımdır” sualını ortaya çıxardır.

Mən insanın özünü bu dünyanın ləzzətlərindən məhrum edib o dünyada cənnətlə mükafatlandırılacağı inamına qulluq etməyinin də tərəfdarı deyiləm. Amma ilahi qüvvənin varlığına və ruhun Allaha məxsus olması inamımdan heç kəs məni döndərə bilməz. Polyak yazıçısı Boleslav Prusun “Firon” romanında ölümdən sonrakı həyat haqqında geniş bəhs olunur. Oxucu kimi məni də məhz belə bir sonluq gözləyir qənaətini bölüşənlərdən biri də mənəm.

Şəxsən mənim ölümdən sonra insanın ruhunun kainatda qaldığına inamım var. Ən azından bu bir təsəllidir və hamının belə xoş bir təsəlliyə inanmağa ehtiyacı var.

- Niyə insanlar dünyanı bölüşə bilmədilər, dostluq və qardaşlıq içində yaşamaq əvəzinə, bir-birinə düşmən oldular?

- Bu sualın geniş izahı ola bilər. Ən əvvəl deyə bilərəm ki, düşüncələr və maraqlar fərqlidir. Fərqli düşüncə və maraq insanda müxtəlif hislərin – yaxşı və pis duyğuların baş qaldırmasına səbəb olur. İnsanı aldığı tərbiyə, cəmiyyətdə düşdüyü mühit yetişdirir. Tutaq ki, dünyanın hər yerində bizim kimi, insanların qardaş olması haqqında düşünənlər var. Biz kosmopolit düşüncəyə sahib ola bilərik, yəni dünya mənim evimdir. Amma siyasətçilər “mənim” dediyim dünyanı ya bölməklə, ya qəsb etməklə bizim istəyimizin qollarına zəncir vururlar.

Bəşəriyyət həmişə fərdlərin və imperiyaların dünyaya ağalıq etmək hərisliyindən doğan ehtirasın altını çəkib.

Bu məqamda sözümün əvvəlinə qayıdıram, yəni insanların düşüncəsini zərərli şüarlarla zəhərləyib kütləni müəyyən istiqamətə yönəltmək olar. Bu zaman qazandığı zərərli ideallardan insanın beynində baş verən dəyişiklik bir adamı onun üçün mələyə, o birini isə şeytana döndərir. Sən bir adama şeytan göründüyün halda, başqasına mələk misallı ola bilərsən. Azacıq sərf-nəzər edib keçmişdən üzübəri baxsaq görərik ki, insanların bir-birinə qarşılıqlı hörmət, hürr şəraitdə yaşamaq arzusu qlobal miqyasda arzu olaraq qaldığı yerdə durur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər