1 Oktyabr 2014 14:46
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənsum İbrahimov: “İlk təbriki həyat yoldaşımdan aldım”

“Ən böyük hədiyyəm...”

Bu gün xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimovun doğum günüdür. Teleqraf.com sevimli xanəndəni təbrik etdi, ona bəzi suallar ünvanladı.

- Doğum gününüzü necə qeyd edirsiniz?
- Doğum gününü heç vaxt təmtəraqla qeyd etmirəm. Bu günün xüsusiliyi ondan ibarətdir ki, məni tanıyanlar, sevənlər zəng edib, doğum günümü qeyd edirlər. Əlbəttə bu çox gözəl hissdir. Axşam saatlarında evdə ailəlikcə toplaşacaq bu günü qeyd edəcəyik. Artıq bu evimizin ənənəsidir. Mənim üçün isə adi bir iş günüdür. Bir azdan Dövlət Televiziyasına gedəcəm. Orada Qurban bayramı ilə əlaqədar çəkilişlərdə iştirak edəcəm. Yəni, bu gün işimin başındayam.

- İlk təbriki kimdən almısınız?
- İlk təbriki həyat yoldaşımdan almışam. Gecə saat 12-dən bir iki dəqiqə keçəndən sonra ilk yoldaşım təbrik etdi, ardınca övladlarım.

- Sözlə təbrik idi, yoxsa hədiyyə ilə?
- Təbii ki, hədiyyə də olur. Amma mənim üçün əsas olan xoş sözdür. Mən hədiyyəyə xüsusi önəm verən adam deyiləm. Bir insana diqqət ayırıb, ona zəng edib təbrik etmək hədiyyədən qat-qat üstündür. Mənim üçün bir sənətkar kimi bundan böyük hədiyyə ola bilməz ki, axşam saat 12-dən başlayaraq indiyə kimi yüzlərlə zəng ediblər, mesaj yazıblar. Türkiyədən, İrandan olan dəyərli dostlarım məni diqqətdən kənarda qoymayıblar. İnsan hiss edəndə ki, bu xalqa lazımdır, bundan gözəl hiss yoxdur. Yaradanımıza təşəkkür edirəm ki, mənə bu ömrü, bu səsi verib. Və bir də təbii ki, valideynlərimə, doğmalarıma təşəkkür edirəm.

- Özünüzə arzunuz?
- Ailəmə can sağlığı. Əsas arzum Qarabağdır. Səsimi mən Qarabağda qazanmışam. Evimizdə hər zaman korifeylərin ifa etdikləri muğam və mahnılardan ibarət vallar var idi. Və Qarabağda hər iki nəfərdən birinin yaxşı səsi olurdu. Uşaq vaxtı elə bilirdim ki, hamı oxuyur. Kəndimizin yanında Xan qızı Natəvanın saldırdığı Soltanbud meşəsi var. O meşədə uşaqlarla quzu otarırdıq. Hər ağacın başında bir uşaq oxuyurdu. Bizdə mühit bu cür olub. Bir də baxdım ki, artıq bu sənətin içindəyəm. Bir var, valideyn uşağı musiqi məktəbinə qoyur ki, uşaq musiqiçi olsun, amma məndə belə olmayıb. 2-3-cü sinifdə oxuyanda məktəb tədbirlərində oxuyurdum. Görürdüm ki, artıq səsimi başqa səslərdən seçirlər və elə o vaxtlar muğamların 90 faizini bilirdim. İndi mənim üçün ən böyük hədiyyə növbəti doğum günümü Ağdamda, Şuşada qeyd etməyim olar. İnanın səmiyyətimə, bu elə-belə söz, arzu deyil. Mən o torpaqda doğulmuşam, boya-başa çatmışam.

- Ağdamda qeyd etdiyiniz doğum günləri yadınıza gəlirmi?
- Çoxdan olub. Dəqiqliklə xatırlamıram. Amma o torpaqlar üçün çox darıxıram. Nə qədər deyib-gülsəm də, doğum günlərində sevinsəm də hər zaman içimdə bir nisgil var. Ağdamlı günlərimiz mənim, o torpaqdan olan hər kəs üçün xoşbəxt günlər idi. Biz heç o vaxt başa düşməmişik ki, dünyanın ən xoşbəxt insanlarıyıq, çünki ayağımızın altında öz torpaqlarımızdır: dədə-baba yurdumuz, doğulduğumuz, üzərində qaçdığımız, oynadığımız torpaqlardır. O gözəl Qarabağ torpaqları idi, çal-çağırlı Qarabağ torpaqları idi...İndi oranın hər daşı, dərəsi Azərbaycan muğamı, musiqisi üçün qəribsəyib. Qarabağın özəlliyi başqa idi. İndi mən hesab edirəm ki, bütün Azərbaycan qarabağlıdır. Çünki bizim dərdimiz Qarabağdır. Bilirsiniz ki, “Qarabağ” futbol komandamız Avropa Liqasında oynayır. Komandanın qələbəsini səbirsizliklə gözləyirik. Azərbaycana bu gün daha çox qələbə lazımdır.

- “Leyli və Məcnun”la Opera və Balet Teatrının yeni mövsümü açıldı. Mövsümün ilk Məcnunu yenə də siz oldunuz. Neçənci Məcnununuz idi?
-Sentyabrın 21-də mən 126-cı dəfə Məcnun kimi səhnəyə çıxdım. Üzeyir Hacıbəylinin qarşısında bir daha imtahan verdim. Saymağa gəlincə, bu “Leyli və Məcnun” əsərinin mənim üçün olan özəlliyindən irəli gəlir. Mənim “Məcnun” roluna olan həvəsim Arif Babayevin onu ifa etməsindən sonra yaranıb. O vaxtlar dövlət televiziyası ilə Zeynəb Xanlarova ilə Arif Babayevin “Leyli və Məcnun” operasına baxanda özümü xəyalən o səhnədə hiss edirdim. Deyirdim ki, kaş mən də Arif Babayev kimi səhnədə Məcnunu ifa edərdim. O arzuma çatdım. Amma bir sirr açım ki, ilk dəfə səhnədə oynadığım Məcnunun lent yazısını gizlədirəm. O zaman mən Məcnunun yaşantılarını səhnədə yetərincə hiss etdirə bilməmişdim. Bunu illərdən sonra o lent yazısına baxanda açıq-aydın görürəm. Bir sözlə, Məcnun mənim üçün çox əzizdir. Mən başqa heç bir rolumun hesabını aparmıram. Məsələn, “Aşıq Qərib”də Qəribi oynayıram, “Gəlin qayası”nda Camalı ifa edirəm, “Natəvan”da da çıxış edirəm, amma -“Leyli və Məcnun” mənim üçün ideal əsərdir. Ona görə hər zaman Məcnunlarımı qeyd edirəm. Çox sevinirəm ki, uzun illər keçməsinə baxmayaraq, hərə dəfə mövsümü bu tamaşa ilə başlamağımıza baxmayaraq tamaşaçı əlindən zalda yenə yer yox idi. Ən önəmlisi isə tamaşaçıların çox faizi gənclərdir. Nəzərə alsaq ki, “Leyli və Məcnun” şou tamaşası deyil, Şərqin ilk operasıdır. Bu həqiqətən alqışa layiqdir.

- Teatrda yeni obrazınız olacaqmı bu mövsüm?
- Opera əsərləri hər gün yazılmır. Bizim yəni xanəndələrin əsas işi muğam operalarını ifa etməkdir. Mənim üçün də muğam operaları içində “Leyli və Məcnun”dan üstün şah əsərimiz yoxdur. Nə qədər Məcnun oxusam da, elə bilirəm ki, hər dəfə yeni Məcnundur. Bir xanəndə kimi isə yeniliklərimiz çoxdur. Səfərlərimiz olacaq. Onu da qeyd edim ki, bu yaxınlarda İtaliyadan səfərdən qayıtmışıq. Belə tədbirlər on ildə bir dəfə olur. Ona görə ki, Verona şəhərindəki 12 min nəfərlik zalda möhtəşəm konsertimiz baş tutdu. Təsəvvür edin ki, bu zalda konsert vermək, tədbir təşkil etmək üçün ən azı iki il növbədə gözləmək lazımdır. Azərbaycanın İtaliyadakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə verdiyimiz konsertdə zalda 8500 –dən çox tamaşaçı var idi. Romanın simfonik orkestrinin müşayiəti ilə sənət dostlarım Yalçın Adıgözəlov, Elçin Həşimov, Elnur Əhmədov, Aygün Bayramova ilə birgə o zalda çıxış etdik, sonra Vasif Adıgözəlov “Qarabağ şikəstəsi” oratoriyası 8500 nəfərlik zal, italyanlar ayaqüstə dinlədi. Bu bizim muğamımızın gücüdür.

- Yeni albom gözlənilirmi?
- Bilirsiniz ki, “Simfo- Muğam” layihəmizi 2007-ci ildən həyata keçiririk. Latviyanın, Riqanın simfonik orkestri ilə Niyazinin “Rast” simfonik muğamı, Vasif Adıgözəlov “Segah” və “Qarabağ şikəstəsi” oratoriyasını ilk dəfə CD şəklində yazdırdıq. Bu onların sifarişi idi. CD artıq hazırdır, ilin sonuna kimi Avropa ölkələrindən birində nəfis şəkildə buraxılacaq. Onda əlavə özüm yeni albom üzərində işləyirəm. Muğam və xalq mahnılarından ibarət olacaq albom üzərində hazırlıqlar başlayıb.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər