22 May 2020 17:03
7 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor-prodüser Əli İsa Cabbarov Mədəniyyət Nazirliyi yanında Kino Şurasının yaradılmasına münasibət bildirib.

Əli İsa Cabbarov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Kino Şurasının yaradılmasının həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, ilk dəfə ssenari qəbulu üzrə komissiyanın üzvləri şəffaflıqla elan edilir. Komissiyanın tərkibində təqdim ediləcək layihələrin həm maliyyə, həm də kreativ keyfiyyətlərini qiymətləndirəcək mütəxəssislər var. Müsbət hal odur ki, müsabiqə ssenarilər üçün yox, layihələr üçün elan olunacaq, yəni ssenariləri prodüsser şirkətləri təqdim edəcək.

Acınacaqlı hal budur ki, 15 il əvvəl Mədəniyyət Nazirliyi bu mexanizmi “Bu meydan, bu ekran” müsabiqəsində tətbiq etmişdi və müsbət nəticələr var idi. Bəs, niyə imtina edildi? Beləliklə, 15 il itirdik.

Şuranın tərkibinin formalaşmasında arzu olunmayan hallar da var. Komissiyanın üzvləri sırasında təsadüfi adamlar olmamalıdır. Bununla yanaşı eşitdiyimə görə, dörd Şura üzvü komissiyaya üzv olmağa razılıq verməyib.

Mənə elə gəlir ki, Kino Şurasının yaradılmasında əsas müsbət tərəf şəffaflıqdır. İkincisi, orada dövlət şirkətləri ilə yanaşı özəl şirkətlərin iştirak etməsidir.

Onu da deyim ki, Kino Şurasında komissiyanın işi haqqında müəyyən prosedur qaydaları açıqlanmalıdır. Şuranın üzvünün müsabiqədə iştirakını qadağan edən dəqiq, elan edilmiş qaydalar olmalıdır. Səsvermənin nəticəsi olan ballar göstərilməlidir".

Əli İsa Cabbarov Mədəniyyət Nazirliyinin kino şöbəsinin bu sahədə fəaliyyət göstərən ictimai təşkilatlarla sıx əməkdaşlıq etməli olduğunu deyib: "Mənim təmsil olunduğum Azərbaycan Kinematoqrafçılar İttifaqı 50 ildən artıqdır ki, fəaliyyət göstərən ictimai təşkilatdır. Burada təcrübəli peşəkarlar fəaliyyət göstərirlər. Həm yaradıcı, həm təşkilatı mənada. Kino şöbəsi qərarlar qəbul edəndə mütləq ictimai təşkilatlarla, Kinematoqrafçılar İttifaqı, Kinorejissorlar Gildiyası və başqa kino qurumları ilə sıx əməkdaşlıq etməlidirlər, görüşlər keçirməli və məsləhətləşməlidir.

Şurada telekanal nümayəndəsinin iştirakı yaxşıdır. Məsələn, İTV kimi peşəkar kanalın nümayəndəsinin iştirakı bir tərəfdən yaxşıdır, başqa tərəfdən isə belə çıxır ki, təqdim edilən layihələrdə İTV kimi prodüseri bitiririk, çünki Şura üzvlüyü ona öz layihəsini və ya hansısa kinematoqrafçının layihəsini təqdim etməyə imkan vermir. Eynilə də BMC kimi uğurlu prodakşn. Bu nüansı nəzərə almaq lazımdır.

Şurada xarici mütəxəssislərin təmsilçiliyi də arzu ediləndir. Onlar onlayn qaydada qiymətləndirmədə iştirak edə bilərlər.

Şura əvvəlki nazirin işdən çıxarılması haqda qərar qəbul edilənə qədər elan edilib. Görünür tələsikliyə yol verilib. Yaradıcı İttifaqlarla geniş müzakirə edib, konsensus yolu ilə, hamının etibarını qazanmış bir Şuranın formalaşması vacibdir. Yeni nazir təyin olunan gündən bu işə başlamaq lazımdır".


Müəllif: Rəqsanə Həsənova