Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq sahəsində uğurlu nəşrlərindən biri olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Səlim Rəfiq Rəfioğlu Füzuli” adlı üçüncü cildi işıq üzü görüb.
Teleqraf.com-a Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan verilən məlumata görə seriyanın baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, cildin məsul redaktoru İnstitutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlıdır.
Kitabı əlyazma əsasında nəşrə hazırlayan, ön söz, qeyd və şərhlərin müəllifi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.
Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 dekabr 2018-ci il tarixli qərarı ilə çap olunub.
Kitaba Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən biri olan Səlim Rəfiq Rəfioğlunun (1905-1980) “Füzuli” adlı doktorluq dissertasiyası daxil edilib. S.Rəfiqin ilk dəfə nəşr edilən bu araşdırması özünün mövzu, problematika və əhatə dairəsi baxımından olduqca mükəmməlliyi ilə seçilir.
Əsərdə Füzulinin həyatı, yaradıcılığı, elmi görüşləri və başqa problemlər toplu halında tədqiqata cəlb edilib. Müəllifin 1940-cı illərdə qələmə aldığı bu əsərdə araşdırılan bir çox məsələlər bugünkü füzulişünaslığımız üçün də öz aktuallığını qoruyub saxlamaqdadır.