14 Oktyabr 2014 10:38
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nuriyyə Əhmədova: "Daha yorulmuşam, daha ümidim qalmayıb"

"Daha yorulmuşam, daha ümidim qalmayıb", deyir xalq artisti Nuriyyə Əhmədova. O, əlavə edir ki, "Oğlunu itirən ana necə olacaq?" Ötən ay oğlunu itirən xalq artisti Teleqraf.com-un suallarını cavanlandırıb.

- Nuriyyə xanım, necəsiniz? Hazırda harada yaşayırsınız?
- İndi rəfiqəmgildə qalıram. Oğlum Faiq 11-ci sinifdə oxuyur, ali məktəbə hazırlaşır.

- Ötən söhbətimizdə evlə bağlı bir neçə qurumlara müraciət etdiyinizi demişdiniz. Müraciətlərinizə cavab verildimi?
- Heç kim cavab vermədi, heç kəs də maraqlanmadı. Daha yorulmuşam, ümidim qalmayıb.

- Oğlunuz xəstə olanda Mədəniyyət və Turizm Nazirliyindən sizinlə maraqlanan oldumu?
- Gəldilər, sağ olsunlar. Amma gəlib, övladımı qaytarmadılar ki... Yenə sağ olsunlar ki, sayıb baş çəkdilər.

- İndi səhhətiniz necədir?
- Oğlunu itirən ana necə olar? Dərmanlarla dolanıram. Gah təzyiqim, gah zobum narahatlıq yaradır. Həkim deyir ki, Nuriyyə xanım, çıxın havaya, gəzin. Havada isə başım gicəllənir.

- Siz deyəsən, oğlunuzun ağır xəstə olduğunu bilmirdiniz?
- Yox, bilmirdim. Vəziyyəti pisləşib, xəstəxanaya gətiriləndə və ondan sonra da mənə bir söz demirdi. Ölümünə az qalmış mənə dedi ki, böyrəklərim ağrayır. Evlənməmişdən öncə sarılıq keçirmişdi. Ona görə həyatı boyu xəstəliklərdən qorunmalı idi. Sonuncu dəfə yıxılmağım və xəstəxanaya düşməyim ona çox pis təsir etdi. Ayaqları şişdi, baxdım ki, uşaq əldən gedir. Qanında zəhərlənmə vardı. Son anlarına kimi ayaq üstə olmağa çalışırdı. Oğlum çox zəhmətkeş idi. O, evsizlikdən əziyyət çəkirdi.

- Yoldaşınızın vəziyyəti necədir? Oğlunuzun ölümü ona necə təsir etdi?
- Oğlumuzun vəfatından sonra vəziyyəti lap ağırlaşıb. Məndən də pis vəziyyətdədir. Halım da yoxdur ki, onunla danışım. O da qohumlarının evindədir. Hərəmiz bir tərəfdəyik. Övladı itirəndən sonra ailə heç yada düşmür. İndi bütün fikrim Faiqdədir. Onu oxutdururam. Əlavə müəllimlər tuturam, rəqsə gedir. İncəsənət Gimnaziyasında oxuyur, güman ki, sənədlərini də Mədəniyyət və İncəsənət Universitetinə verəcək. Bacarıqlı uşaqdır, kompüteri bilir, ingilis, rus dilində danışır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər