Azərbaycanda İtaliya Film Festivalının açılışı olub.
Teleqraf.com xəbər verir ki, Festivalın açılışında Azərbaycanın və İtaliyanın siyasi, ictimai, mədəniyyət adamları iştirak ediblər. Festivalın fəxri qonağı isə İtaliyanın məşhur aktrisası Anita Kravos olub. O həmçinin festival çərçivəsində nümayiş olunacaq “Böyük gözəllik” filminin baş qəhrəmanıdır. Film 2013-cü ildə “Xarici dildə ən yaxşı film” nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülüb.
Mətbuat konfransında çıxış edən kinoteatrın rəhbəri Rüfət Abbasov sözügedən festivalı “28Cinema”da gerçəkləşəcək miqyasına görə ən böyük festival adlandırıb.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan –İtaliya münasibətlərinin inkişafı baxımından festivalın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Azərbaycan-İtaliya münasibətləri siyasi, iqtisadi, təhsil və mədəniyyət sahəsində ən yüksək səviyyədə inkişaf edir.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo öz növbəsində festivalın təşkilində hər kəsə təşəkkür edib. O Azərbaycan tamaşaçılarının festivalın təşkilindən və nümayiş olunacaq filmlərdən məmnun qalacağına ümidli olduğunu deyib.
Nərmin