20 Fevral 2021 14:03
4 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərdən adama elə gəlir, insan ömründə hər şey uşaqlıqda müəyyənləşir, qalır sonrakı illərdə onları həyata keçirmək, icra eləmək... Məqsədə gedən yolda bəzən gecikərsən, bəzən də ünvana dolayı gələrsən – bunlar artıq təfərrüatdı...

Rəssam Aynurə Mustafayeva hələ orta məktəbdə oxuyanda rəsm çəkirmiş:

“Bu qabiliyyətimdən müəllimlər də xəbərdarıdı, məktəbdə stendləri çəkdirirdilər. 8-ci sinifdə oxuyanda evdə rəssam olmaq istədiyimi dedim, bundan qorxdular... Qorxdular deyəndə, bir az dəqiqləşdirim: narahat oldular. Bizimkilər daha çox iqtisadçı-filan olurlar, nəsildən rəssam çıxmamışdı. Ona görə 1996-cı ildə 8-ci sinfi bitirəndə validenlərim özümdən xəbərsiz sənədlərimi götürüb kimya-biologiya təmayüllü liseyə vermişdilər.

Lisey Tibb Universitetinin nəzdindəydi. Üç il orda oxudum, sonra da Tibb Universitetinə qəbul oldum. Amma bir şey məlumudu, universiteti qurtarsam da həkim olmayacaqdım.

Yox, bu, heç gizlin-flan da deyildi, evdəkilər də bunu bilirdilər. Bir sözlə, 1999-cu ildə universitetin pediatriya fakültəsini oxuyub bitirdim. Bir az Sabunçuda xəstəxanada, üç il aptekdə işlədim. Həkimləri Təkmilləşdirmə İnstitutunda da oxudum. Şəhər poliklinikalarından birində işə düzəlmək istəyəndə yol haçalandı”.

2013-cü ilin sonunda poliklinikalardan birinin baş həkimiylə danışıb orada çalışmağı razılaşdırır, amma sənədləşməylə əlaqədar bir az gözləmək lazım gəlir. Belə bir fasiləni, pauzanı, tənəffüs məqamanı, görünür, tale də bir fürsət bilirmiş:

“Məsələ sənədləşənə qədər təxminən iki ay vaxtım varıdı, dedim, boş qalmayım. Rəssamlıq Akademiyasının nəzdində Coşqun İsmayılovun kursuna getdim. Sənədləşmə məsələsi uzanırdı.

Yadımdadı, aprel ayıydı. Artıq bir neçə rəsmim vardı. Bir gün dayım mənə zəng vurdu ki, bir qadın dizayner var, ona rəsmlər lazımdı, amma sənin bacım qızı olduğunu ona deyə bilmərəm. Rəsmlərinə baxacaq, bəyənsə alacaq, bəyənməsə yox. Onda heç bilmirdim rəsm neçəyədi.

Beş rəsmim vardı, biri gül rəsmiydi, dördü təbiət mənzərəsi. Qadın gül rəsmini istəmədi, qalan rəsmlərin dördünü də götürdü.

İşlərin qiymətini soruşdu, cavab verdim ki, bilmirəm. Evə gəldim, dedim, mən daha həkim yox, rəssam olacam...”

2014-cü il Aynurə Mustafayeva üçün əlamətdar tarix olur: “Coşqun İsmayılov məni karandaş tutmağı, professional şəkildə fırçayla işləməyi öyrətdi. İlk dəfə onda bildim ki, yağlı boya tübikin içində olur... Mənsə boyaların hamısını akvarel kimi bilirdim”.

Həyat davam edirdi, amma təzə yolla... Bir gün Aynurə xanıma diplom gərək olur: “Düzü, ikinci ali təhsil haqda heç düşünmürdüm. Bir dəfə Konyaya nüfuzlu bir festivala gedəsiydik. Son məqamda bəlli oldu ki, diplomsuz mümkün deyil. 2017-ci ildə ikinci ali təhsil almalı oldum, Rəssamlıq Akademiyasını bitirdim. Rəssamlar İttifaqına üzv oldum”.

Dünyada necə nizam qurulur-qurulsun, yaxşı adamlarsız ötüşmək, əsl ünvana gedib çıxmaq mümkün olmayacaq. Aynura Mustafayeva da belə insanların adını çəkir: Vüqar Əli, Rəşad Cabbarov, Xalq rəssamı Qəyyur Yunus.

Qəyyur Yunus Aynurə xanıma rəsm də həsr eləyib...

“Əvvəllər – Aynurə xanım deyir, – təbiətdən çəkməyi xoşlayırdım, son illər insan simalarına, insan xarakterinə yönəlirəm. Sevdiyim rəsmlərdən biri də “Xurmayı” adlı qız rəsmidi. Ötən ilin martında Opera və Balet Teatrında “Harmoniya” adlı rəsm sərgisində nümayiş olunurdu. Teatr onu almaq istədi, amma satmadım. Elə əsərlər var, rəssam istəyir həmişə yanında olsun...”

Bəs, müəllif hansı rəsmlərini satmaq istəmir? Aynurə Mustafayevanın sözlərinə görə, bir neçə belə rəsmi var: “Heç vaxt onları satmaram. Çünki həmin rəsmləri emalatxanada görməsəm, özümü narahat hiss edərəm. Əlif Şəfəqin Cəlaləddin Rumidən bəhs edən “Eşq” romanını oxuyandan sonra bir gül rəsmi çəkmişdim.

Emalatxanama sufiliklə məşğul olan bir nəfər gəlmişdi, bu gülün qarşısında xeyli dayandı, durdu, baxdı... Rəsmin yaranma tarixçəsini bilmirdi. Amma əsərin energetikası onu çəkirdi. Gedəndə soruşdu ki, onu mənə satınmazsınız? Dedim, yox. O, rəsmi niyə almaq istəyirdisə, mən də ona görə satmaq istəmirdim...”

Bəs 7 illik tibb təhsili? Həmsöhbətimiz bundan da peşiman deyil. 44 günlük İkinci Qarabağ Müharibəsində doğma yurdu Qazaxda yaralı əsgərlərə yardım etmək istəyib: “Hə, düzdü, bütün qazaxlılar kimi mən də öz yurduma çox bağlıyam... Müharibə başlayanda rayon icra hakimiyyətinə müraciət elədim ki, yaralı əsgər gətirilsə, gedib hər cür yardım eləməyə hazıram. Qazaxa cəbhədən yaralı əsgər gəlmədi”.

Hər şey uşaqlıqda kəşf olunmuş istedaddan və onun doğurduğu arzudan başlamışdı. Aynurə xanım deyir ki, hələ nəçi olacağını dəqiq bilməyəndə bir şeyi düşünürmüş: “Nəsə elə bir şey edim ki, onu ancaq mən edim... Olmadığım yerdə məndən nəsə olsun.

İllər öncə bir neft buruğu çəkmişdim, onu əmim oğlu Türkiyəyə, Ankaraya apardı, orda bir nəfərə hədiyyə elədi. Ankarada olmamışdım, rəsmimin asıldığı evə ayaq basmamışdım, amma uzaq bir yerdə rəsmimin otağın divarını bəzədiyini düşünəndə, bu, mənim xoşuma gəlirdi.

O vaxt bunu dərindən xəyal elədim və özüm-özümə dedim ki, düz yoldayam, uşaqlıqdan da elə bunu arzulayırdım...”


Müəllif: Qurban Yaquboğlu

Oxşar xəbərlər