4 Noyabr 2014 10:36
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəhayət ki uzun zamandır istehsalatda olan, amma çəkilişləri dayandırılan “Qırmızı bağ” filminin “bəxti açıldı”. “Azərbaycanfilm” kinostudiyasından qəzetimizə verilən məlumata görə, sözügedən tammetrajlı bədii filmin son çəkilişlərinə Şəki və Gəncə şəhərlərində start verilib.


Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə 2011-cı ildən istehsalına başlanılan “Qırmızı bağ” filminin dörd ildir ki, son səhnələrinin çəkilişi müxtəlif bəhanələrlə gecikdirilirdi. Ekran əsəri “Salnamə” kinostudiyası və Rusiyanın “Weit Media” şirkətinin birgə işi kimi istehsala başladı. Amma filmin sonrakı istehsalı Azərbaycan tərəfindən “Azərbaycanfilm”ə həvalə olundu. Filmin rejissoru Mirbala Səlimli qəzetimizə açıqlamasında son çəkilişlərin vacibliyini belə izah edib: “Bu səhnələr baş qəhrəmanla əlaqədar olan çox vacib səhnələrdir. Ona görə də onlar çəkilməlidir. Əgər o səhnələrsiz filmi təhvil vermək mümkün olsaydı, bunu çoxdan edərdik”. Filmin adına gəlincə, rejissor belə deyib: “Qırmızı bağ elə bir müqəddəs məkandır ki, bu məkanda hər şey reallığa çevrilə bilər. Bu, arzuların həyata keçdiyi bir məkandır. Qırmızı rəng qan simvoludur, insanın yaranmasına, başlanğıca dəlalət edir. Filmin qəhrəmanları qırmızı bağa düşməklə sanki yeni həyata başlayırlar. Və filmin sonunda qırmızı bağ mənasını tapır”.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, bəstəkarı Salman Qəmbərovdur. “Qırmızı bağ”ın işıq ustaları avadanlıqla birlikdə Gürcüstandan dəvət olunub. Baş rollarda Maksud Məmmədov (Abbas), Gülzar Qurbanova (Vəfa), Taleh Bədiyev (Orxan) oynayır.

Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Musiqi müəlliməsi olan Vəfa isə xəstədir, ondan asılı olmayan səbəblərdən həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Orxan adlı kimsəsiz uşağın ailəyə düşməsi ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir. Rejissorun sözlərinə görə, ekran əsərindəki növbəti xətt insan və təbiət münasibətlərilə bağlıdır. Filmin ideyasına görə, insan təbiəti qorumalıdır, çünki özü təbiətin bir parçasıdır.

Nərmin


Müəllif:

Oxşar xəbərlər