23 Sentyabr 2021 09:23
4 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur Azərbaycan əsilli fransız fotoqraf Rza Diqqəti Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.

Onunla müsahibəni təqdim edirik:

- Rza müəllim, Fransada yaşayırsınız, sizi Azərbaycanda görməkdən məmnunuq. Bakıya bu dəfəki gəlişinizin səbəbi nədir?

- Azərbaycana 2020-ci ildə müharibə vaxtı gəldim, ondan sonra burada qaldım. Başqa ölkələrdə layihələrimi ləğv etdim ki, müharibəni çəkə bilim. Müharibədən sonra isə 28 ildə Qarabağda baş verənləri kəndbəkənd, şəhərbəşəhər gəzib çəkirəm ki, tarix kimi sənədlərdə qalsın. Dünya görsün ki, ermənilər işğal illərində Azərbaycan torpaqlarında nələr törədiblər... Bu görüntüləri sərgi, kitab, veb sayt şəklində dünyada nümayiş etdiririk.

Fotolarım indiyə qədər sosial mediada və Avopa jurnallarında çıxıb, amma böyük işlərimiz bundan sonra olacaq. 40 ildir fotoaparatımla hara lazımdır gedirəm. Bu müddət ərzində Azərbaycanda olmaq lazım idi və buradayam. İşim bitənədək Azərbaycanda olacam, bu, beş ay da çəkə bilər, bir il də...

Əfqanıstan məsələsini də işləmişəm. Bu günlərdə Əfqanıstana getməliydim, amma yollar bağlandığına görə mümkün olmadı. Orada hakimiyyətə Taliban gəldi, onlar da mənim kim olduğumu yaxşı bilirlər. Sanki mən Qarabağ işğal altında olan zaman ermənilər ola-ola Xankəndinə gedərdim, bu, mümkün ola bilərdimi? Axı, orada məni tanıyırdılar. Əfqanıstana getmək də belədir. Orada hakimiyyəti Taliban ələ keçirdi...

- İşğaldan əvvəl və işğaldan sonra Şuşanı necə müqayisə edərsiniz?

- 1992-ci ilin mayında mən Şuşaya gedəndə şəhər mühasirədə idi, avtomobillə getmək olmurdu. Piyada getmək lazım gəldi. Bir yol tapmışdım, o da Cıdır düzünəndi. Bu tərəfdən də erməni snayperçiləri vururdular. Düşünürdüm ki, mütləq Şuşaya getmək lazımdır. Gördüm Şuşada nə ordu qalıb, nə müdafiə xətti. Axır günləri idi. Çox narahatıdım ki, Azərbaycanın belə gözəl şəhərinin sonu nə olacaq? Bilirdim ki, ermənilər gəlib, muzeyləri, evləri dağıdacaqlar. Şuşalı dostlarım var idi, onlardan biri Ramiz Qəmbərov Milli Qəhrəman oldu.

Şuşanın işğalından 2021-ci ilin noyabr ayına qədər ürəyimdə Şuşa dərdi var idi. Ermənilər bilə-bilə şəhəri dağıtmışdılar.

Şuşa azad edilən kimi getdim... Oraya gedəndə məni sevinc hissi bürüdü ki, əsir şəhərimiz işğaldan azad edilib. Bir yandan da Şuşanın azad edilməsinə inana bilmirdim. Axı, Şuşanın coğrafiyası fərqlidir... Mən dünyada dağ müharibələri görmüşəm, ona görə mənə inanmaq çətinidi ki, Şuşanı müharibə ilə almaq olar. Amma Azərbaycan əsgərləri piyada Cıdır düzünə çıxmışdılar. Bu çətin məsələ idi.

Şuşada Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin evinə getdim. Ürəyim ağrıdı ki, buranı necə dağıdıblar... Muzeydə eksponantlar var idi, bunlar haradadır?! Ermənilər qapı-pəncərləri çıxarıb aparmışdılar. Sonuncu dəfə gedəndə isə Şuşada abadlıq işlərinin çox sürətlə getdiyini gördüm, adam buna da inana bilmirdi. İnsan qürur hissi keçirir. Dünya bunu görəndə nə düşünəcək?

Qarabağ azad ediləndə tez getdim ki, ermənilərin Qarabağı nə vəziyyətə qoyduğunu çəkim. Dünya görsün ki, ermənilər buraları nə vəziyyətə salıblar.

İndi isə Azərbaycan gəlib... Kim bir yeri bərpa edər? O adamlar ki, bu məkan öz doğma yeri bilsin. Erməni bilir ki, Qarabağ onun deyil. Dünyada heç bir millət öz evini yandırmaz. Ermənilər çıxdıqları evləri elə ürəklə yandırırdılar ki...

- Şuşada yaşamaq istərdinizmi?

- Bir yerdə qalıb yaşamaq mənə xas deyil. Çünki işimlə bağlı çox ölkələrə gedirəm. Evim Parisdədir, amma on aydır Azərbaycandayam. Ondan dörd ay əvvəl Afrikada, bir il öncə Əfqanıstanda idim. Mən belə yaşayıram...Şuşa çox gözəl şəhərdir. Şuşada dünya səviyyəli foto məktəbi yaratmaq istəyərəm. Ona görə Şuşada qala bilərəm.

- "Sərhədsiz həkimlər” və “Sərhədsiz apteklər” adı altında ermənilərə yardım aparılacağını öyrənmisiniz. Fransiz adı ilə Ağdama getmisiniz. Orada ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliyin canlı şahidi olmusuz...

- Düzdür, Xocalı soyqırımı vaxtı idi. O zaman Allahverdi Bağırovun ermənilərlə müqaviləsi var idi, əsirləri bir-birinə dəyişdirirdilər. Əsirlərin dəyişməsi Xocalı və Ağdamın arasında yerləşən yolda olmalı idi. Ermənilər özləri ilə çoxlu sayda jurnalistlər gətirmişdilər. Azərbaycandan isə jurnalist yalnız mən idim. Oraya getməzdən əvvəl Allahverdi Bağırov mənə dedi ki, bizimlə Azərbaycan dilində yox, Fransa vətəndaşı kimi fransız dilində danışın. Ermənilər bilməsinlər ki, siz azərbaycanlısınız, təzyiq göstərə bilərlər. Fransız dilini bilməyim yaxşı hal oldu, çünki Fransadan gələn ermənilər də var idi. O zaman ermənilərə Fransadan, Amerikadan, Livandan dəstək verənlər çox idi. Livanda da "ASALA"nın böyük qrupları var idi, onları 1982-ci ildə İsraillə Fələstin arasında baş verən müharibə zamanı görmüşdüm. Ermənilərin snayperləri çox güclü idi. O zaman hamısı gəlib, azərbaycanlıları gülləylə, snayperlə vururdular. Ermənilər üç dəfə mənə snayperdən atəş açıblar, biri Şuşa yolunda papağımı apardı, bir dəfə qulağımı cızdı, bir dəfə isə ağayımın arasından keçdi. Bunlar 1992-ci ildə baş vermişdi.

- Müsahibələrinizin birində ermənilərin çay qaşığı ilə azərbaycanlıların gözlərini çıxardığını bildirmisiz. Bunların canlı şahidi olmusunuz. Ermənilərin başqa hansı vəhşiliyini görmüsünüz?

- Əsirləri dəyişməyə gedəndə bir fransız və bir neçə erməni əsgəri var idi. Onların çoxu şərxoş idilər. Fransız dilində danışan mənə dedi ki, "sən azərbaycanlılarla bir yerdə qalmağa qorxmursan, onlar vəhşidirlər, baş kəsirlər... Dedim, xeyr, jurnalistəm, mənimlə işləri yoxdur". Sonra erməni əsgərlərindən biri fransızdan soruşdu ki, nə danışırsınız? Ona nə dedin? O da cavab verdi ki, dedim, azərbaycanlılardan qorxmursan?! O biri isə gülə-gülə cibindən çay qaşığı çıxardı və dedi ki, azərbaycanlı görəndə gözünü çıxararıq. Mən də inanmadım ki, cibində çay qaşığı ola və belə hərəkət edə... Sonra Allahverdi Bağırovdan da soruşdum ki, o, nə deyirdi. Dedi, azərbaycanlıların gözlərini çıxarıblar. Həmin günün səhərisi Beynəlxalq Qırmızı Kaç Komitəsi cəsədləri gətirirdilər. Ağdamda Cümə məscidinin yanında morq yaratmışdılar, cəsədləri ora yığırdılar. Qadınların biri övladını axtarırdı. Cəsəd gələndə qışqırmağa başladı ki, oğlumu tapdım, gözləri yoxdur. Gördüm, cəsədin gözləri çıxarılıb, üzü qan içində idi. Mən onun fotosunu çəkdim. Bir fransız tibb işçisi var idi. O dedi ki, bu adamın gözlərini diri-diri çıxarıblar, sonra öldürüblər. Dedim, haradan bilirsiz? Cavab verdi ki, üzündə qan olduğuna görə. Əgər ölsəydi, bu qədər qan ola bilməzdi. Həmin foto məndə var.

- İlk dəfə Azərbaycana 1987-ci ildə gəlmisiniz. Ölkəmizə gəlişiniz necə və kimin vasitəsi ilə baş tutdu?

- 1987-ci ildə Bakıda Mirzə Fətəli Axundovun yubileyi keçirilirdi. Mixail Qorbaçovun dövründə rejim bir qədər yumşaq idi. Azərbaycana icazə verilmişdi ki, xaricdə yaşayan incəsənət adamlarını qonaq dəvət etsinlər. Ona qədər icazə yox idi, qapılar bağlı idi. Bu yubiley də bir vəsilə oldu. Elçin Əfəndiyev o zaman Azərbaycanda "Vətən" Cəmiyyətinin sədri idi, O, Parisə gəlmişdi və bizimlə görüşmüşdü. İki təbrizli dostumuz var idi, onlar rəssam idilər. Biz üçümüz dost idik.

O zaman YUNESKO-da hər millətin nümayəndəliyi var idi. Ramiz Abutalıbov adında bir azərbaycanlı orada çalışırdı. O, azərbaycanlıların siyahısını hazırlamışdı. Mənimlə telefonla danışıb, görüşmək istədiyini dedi. Bir neçə dəfə görüşdük, tanış olduq. Gördüm çox ziyalı insandı. O, bizə dedi ki, Elçin Əfəndiyev gələcək, bizi tanış etmək istəyir. Tanış olduq və Elçin Əfəndiyev bizi Bakıya dəvət etdi.

Bakıya gəldik, iki həftə qaldıq. Bizi İçərişəhərdə Karvansarayda yeməyə dəvət etdilər. Ziyafətdə Fikrət Qoca, Fərhad Xəlilov, bəstəkar Xəyyam Mirzəzadə, Bəxtiyar Vahabzadə, yazıçı Anar da iştirak edirdi. Biz birinci gecə onlarla oturub, söhbət etdik.

- Növbəti gəlişiniz 20 Yanvar faciəsi zamanı baş tutdu...

- Mənə 20 Yanvar gecəsi bir dostum zəng etdi ki, Bakıda belə bir hadisə baş verib. 1987-ci ildən Bakıya tez-tez gəlirdim. Başqa ölkələrə də gedib, reportajlar hazırlayırdım, çəkilişlər edirdim. Amma bir gözüm Azərbaycanda idi ki, burada nə baş verir?! Ruslar xarici jurnalistlərin çəkiliş aparmasına icazə vermirdilər.

Səhəri gün Sovet İttifaqının səfirliyinə getdim. Onlara Bakıya gedəcəyimi demədim, çünki viza verməyəcəkdilər. Moskvaya getmək istədiyimi açıqladım. Jurnalistlərə sovet dövründə Moskvaya getmək üçün viza verirdilər. Mən də Moskvaya gəldim. Orada Azərbaycanın Rusiyadakı səfirliyinə yollandım. Gördüm ki, səfirliyin binasını dağıdıblar, qapı-pəncərəsini sındırıblar. Bilinirdi ki, gecə axtarış aparıb, hər şeyi dağıtmışdılar.

Orada azərbaycanlılar var idi. Soruşdum ki, Azərbaycana necə getmək olar? Dedilər ki, çətindir, xarici vətəndaşsınız, viza, pasport lazımdır. Başqa yol axtardım. Biri dedi ki, qatarla gedə bilərsiniz. Oradan qatarlaözümüzü Bakıya çatdırdıq. Mənimlə birlikdə türk əsilli fransız dostum da gəlmişdi, video çəkirdi. Azərbaycanıların köməyi ilə Bakıda üç gün gizləndik. Xəstəxanalarda getdik, meyitxanada çəkiliş etdik. Şəhidlər Xiyabanında olduq.

Şəhidlər Xiyabanında şəhidləri dəfn edirdilər. Fotolar çəkdik. Sonra bizə kömək etdilər, azərbaycanlı adına təyyarəyə bilet aldılar. Gecə Moskvaya çatdıq, səhəri gün Fransaya getdik. Həmin günün axşamı isə bütün televiziya və jurnallar Bakıdan xəbərlər yaydılar.

Sonralar bildim ki, o zaman Azərbaycan DTX-sına təzyiqlər olmuşdu ki, siz yatmışdınız?! Üç gün fransız gəlib, bu qədər çəkiliş edib, sizin xəbəriniz olmayıb!

- Sizin Parisdə baş tutan sərgilərinizdə ermənilər fotolarınızı cırıblar...

- Bəli, Xocalı soyqırımından sonra belə hadisələr çox olub, ermənilər indi də fotolarımı cırırlar.

- Fransada ermənilər çox yaşayırlar. Hansı təhdid və təzyiqlərlə qarşılaşmısınız? Sizə orada yaşayan ermənilərdən nə kimi reaksiyalar olur?

- Ermənistandan başqa iki ölkədə ermənilər çoxdur, Amerikanın Kaliforniya ştatında və Fransada. Fransada 600 min erməni var. Nəzərə alın ki, hər birinin də dostu olur, məktəbdə oxuyurlar və s. İkincisi, ermənilər mediaya öz adamlarını salmağı planlaşdırırlar. Avropada, xüsusilə Amerika və Fransada böyük media qruplarında çalışan ermənilər çoxdur. Fransada hər yerə əlləri çatır, mədəniyyət, media, QHT-lərə.

Xocalı soyqırımını yayanda əleyhimə kampaniyalara başladılar. Bu kampaniyalar indi də davam edir, 1992-ci ildən bu günə qədər... Fransada mən tək, onlar isə 600 min - kampaniya aparırıq... Onlar tək deyillər, prezident səviyyəsində dəstək görürlər. Amma yenə mən sözümü deyə bilirəm.

Mənə üç cür təzyiq göstəriblər, haqqımda şər, böhtan xarakterli yazılar yazıblar, amma mənimlə bağlı pis heç nə tapmayıblar. Fransızlar məni tanıyırlar, dünyadan hazırladığım reportajlarımı görüblər. Onlar ermənilərə cavab verirlər ki, sizin fikirləriniz düzgün ola bilməz, Rzanı neçə ildir tanıyırıq.

İkincisi, fiziki təzyiq göstərirlər, sərgim olanda fotomu və kitablarımı cırırlar. Ermənilərin Fransada gənc təşkilatları var, oraya idmançı gəncləri yığıblar. Mənim konfrans zalıma, sərgimə gələndə qışqırırlar, pis sözlər deməyə başlayırlar, fotomu cızırlar, cırırlar. Amma hər zaman əməllərini öz əleyhilərinə çevirirəm, hazırlıqlı oluram. Məsələn, fotomu cıranda dəyişməyə icazə vermirəm, medianı çağırıram ki, görün, onlar nə iş görürlər?!

Ən böyük təzyiq isə Fransada böyük layihələrimin qarşısını almaq olub. Muzeydə çıxışımın, aylarla işçilərimlə hazırladığım layihəmin qarşısını alıblar. Yuxarıda adamları var, nazirlər, millət vəkilləri və sair. Onların dəstəyi ilə təşkil edilən məkanlara təhdid olunur. Yaxud da deyirdilər ki, Rza yaxşı insan deyil, azərbaycanlıdır, azərbaycanlılara işləyir.

28 ildə ən pis təzyiq bir neçə böyük layihələrimin əngəllənməsi ilə yekunlaşıb. Fransada muzeydə işlərimin təqdim edilməsi üçün yer vermişdilər. Dünyada birinci fotoqraf idim ki, sağlığımda yaradıcılığımı təqdim etmək üçün şərait yaradılmışdı. Biz altı ay layihə üzərində işləmişdik, hətta öz cibimizdən maliyyə də xərcləmişdik. Layihəm təxirə düşəndə böyük zərərə uğradım. Bu hal indi də baş verir.

Yaxın günlərdə bir şirkətlə işbirliyi edəcəkdik, öz kolleksiyalarına mənim fotolarımı da daxil etmək istəyirdilər. 100 fotomu alacaqdılar. 2020-ci ilin mayından sentyabrına qədər danışıqlar apardıq. Düşündürdük ki, 100 fotomuzu alsalar, şirkətimizi bir il rahat idarə edə bilərik. Azərbaycanda müharibə başlanandan sonra burada çəkilişlər etdim. Şirkət sahibinin yaxın dostları ermənilər idi. Onlar mənimlə işbirliyinə razı olmadıqlarını bildirdilər.

Şirkət sahibi də gördü ki, ən yaxşı işçiləri düşmən olsa, gəlirləri zəifləyəcək. Zəng edib dedi ki, "bağışlayın, bilmirdim ki, Rza bəy Azərbaycanla yaxındır, bu işi görə bilmərik".

- Sizə fiziki hücumlar olubmu? Hansısa sui-qəsd etməyə çalışıblarmı?

- Sərgilərimə gəlib, qışqıra-qışqıra gəliblər. Ermənilər fotolarımı cıranda sanki ürəyimi cırıblar.

- Siz Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlmisiniz. Güney Azərbaycana gedə bilirsinizmi?

- Mən 40 ildir İrandan çıxmışam, 1981-ci ildən. Çünki molla rejimi istəmirdi ki, foto çəkim. Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsil almışam. Foto çəkməyi özüm öyrənmişəm. Bilirdim ki, fotoqraf, media dünyanın ən böyük silahlarından biridi. İran İnqilabı başlayanda memarlığı kənara qoyub fotolar çəkirdim. İrana inqilabi hadisələri çəkmək üçün çoxlu xarici jurnalistlər gəlmişdilər. İngilis və fransız dilini yaxşı bilirdim. Onların işi də mənə maraqlı idi, bir neçə aparatlarla gəlmişdilər.

- İlk fotoaparatınızın markasını xatırlayırsınızmı?

- Balaca bir fotoaparatım var idi. Yavaş-yavaş xarici jurnallarla tanış oldum. Onlar dedilər ki, biz sizin işlərinizi işıqlandırmaq istəyirik. Beləliklə, dünyaya çıxmağa başladıq. Xaricilər mənim işimi görüb, təəccüblənirdilər. Əvvəl inanmadılar ki, fotoları mən çəkmişəm. Neçə dəfə sözüm oldu ki, fotoları oğurlamamışam, özüm çəkmişəm. Deyirdilər ki, ola bilməz, işiniz dünya səviyyəsindədir.

Beləliklə, fotolarımı jurnallarda işıqlandırmağa başladılar. Amma bu sahədə davam etmək istəmirdim, deyirdim ki, memarlığa qayıdacam. Ona görə jurnallarda adımın "Reza" yazılmasını xahiş etdim. Düşündüm ki, İranda kim olduğum bilinməsin, imzam tanınmasın.

Molla rejimi hakimiyyətə gəldi. Ayətullah Xomeyni Parisdə olanda vədlər verirdi ki, hakimiyyətə demokratiya gətirəcək, qadınlar azad, işıq, su pulsuz olacaq. Hamıya evlər veriləcək. Amma hakimiyyətə gəldikdən sonra insanları öldürməyə başladılar. Gördüm ki, onlar hakimiyyətə başqa planlarla gəliblər, İranı dağıtmaq istəyirdilər. 40 ildə də dağıtdılar, 50 faiz iranlılar yoxsulluq səviyyəsinin altında yaşayırdılar.

- Fəaliyyətinizə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalmısınız.

- Fotoqrafiya sənətinə marağım ona görə böyük idi ki, gördüyün hər şeyi göstərə bilirsən. Dünyada baş verən hər şeyi təqdim edirsən, sözə ehtiyac qalmır. İranda şah zamanında gərginlik idi. İnsan gənc olanda enerjili olur. Hətta 16 yaşımda jurnal nəşr etdirmişdim. Gizli polis məni 16 yaşımda tutmuşdu ki, kimdən icazə alıb jurnal nəşr etdirmisən?! Cavab verdim ki, icazə almalı olduğumu bilmirdim. Mənə çox təzyiq etdilər.

Yoxsul məhəllələrdən foto çəkib, universitetdə divarlara vururdum ki, görün, bu məhəllədə adamlar necə yaşayırlar... O vaxt jurnal və televiziyaların sayı az idi və dövlətə məxsus idi. Mənim fotolarım həqiqətin carçısı idi. Səhər universitetdə hamı fotolara baxırdı, mən də onlarla birlikdə fotolara baxırdım ki, görüm reaksiya necədir. Amma gizli polis izləyirmiş, iki il belə davam etdi. Bir solçu tələbəni tutmuşdular, ona işgəncə verəndə haqqımda danışmışdı.

Polis məni gizli izləməyə başladı və sonra həbs etdilər. Balaca hücrəyə salıb, çox pis işgəncə verirdilər, elektroşok verirdilər, bədəninə isti basırdılar, ayağımı bağlayıb vururdular. Hər cür işgəncə gördüm. Çox ağır idi. Onlar inanmırdılar ki, fotolar bir nəfərə aiddir.

19 yaşlı gənc idim, deyirdilər ki, bu, hansısa şəbəkənin işidir, sənin arxanda kim dayanıb? Sənə foto çəkmək üçün kim məktəb açıb? Səni o məhəllələrə kim aparıb, ideya verib? Bəlkə xaricdən pul gəlir? Sən sadəcə fotoları divara yapışdırırsan. Mən də deyirdim ki, arxamda heç kim yoxdur. Foto çəkməyi 13 yaşımdan özüm öyrənmişəm.

Günüm həftələrlə işgəncədə keçirdi. Sonra gördülər ki, məndən bir şey çıxmayacaq. Həbsxanaya göndərdilər, orada gördüm ki, bütün yazıçılar, şairlər, film çəkənlər oradadır. Onları mənimçün sanki Allah yetirmişdi. İşgəncə vaxtı nə qədər çətin olsa da, insan düz yolla gedirsə, sonra işıq gəlir.

- Siz Muəmmər Qəddafinin, Əhməd Şah Məsudun da fotolarını çəkmisiniz. Bu insanlarla bağlı maraqlı hansı xatirəniz var?

- Münasibət ikitərəflidir, onlar mənə Rza kimi yox, on milyon adamın gözü ilə baxırdılar. Özlərini necə aparsınlar ki, yaxşı görünsünlər. Siyasətçilərin maraqlarını bilirəm, amma elələri var ki, həqiqi dost olublar. Əhməd Şah Məsudla həqiqi dostluq münasibəti yaranmışdı. Muəmmər Qəddafi ilə bir neçə dəfə görüşdüm, Liviyada altı ay reportaj etdim, ölkəni gəzdim... Fotoqrafın işi budur.


Müəllif: Nərgiz Cavadzadə, Mənsur Rəğbətoğlu, Rəqsanə Həsənova, Foto: Pərviz Həşimi

Oxşar xəbərlər