Ötən gün Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalının (BBİFF) açılışı olub.
Teleqraf.com xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə gerçəkləşən festival 18-20 noyabr tarixlərini əhatə edəcək.
Açılışdan öncə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının sədri Askani Franko, Bakı festivalının münsiflər heyətinin sədri Endre Florian, münsiflər heyətinin üzvi Yusif Şeyxovun iştirak etdiyi mətbuat konfransı keçirilib. Konfransda festivalın proqramı, dəvət olunmuş qonaqlar üçün nəzərdə tutulan proqram, festivala təqdim olunan filmlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, festival gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində idmanın bir çox növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədi daşıyır.
Festivala 33 ölkədən 115 film daxil olub. Festivalın seçim komissiyası onlardan 23 ölkəni təmsil edən 48 filmi seçərək müsabiqəyə buraxıb. Filmlər 5 kateqoriya üzrə bölüşdürülüb: “Bədii film”, “İdman və şəxsiyyət”, “İdman və dünya”, “TV filmləri”, “Milli film”. Yusif Şeyxovun sözlərinə görə, birinci festivalla müqayisədə builki festivala təqdim olunan Azərbaycan filmlərinin və televiziya proqramlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bunu da Avropa Oyunları ərəfəsində idmana artan marağın göstəricisi kimi qiymətləndirmək olar.
Daha sonra festivalın açılışı olub. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən danışıb. Gələn il Avropanın ən böyük idman yarışının Azərbaycanda keçiriləcəyini xatırladan nazir bildirib ki, festival sözügedən yarışmaya hazırlığın bir mərhələsi kimi qəbul olunmalıdır: “Avropa məkanında dünya tarixində ilk dəfə olaraq Azərbaycanda Avropa oyunları keçiriləcək. Avropa oyunlarının hazırlığı xüsusi təşkilat komitəsi həyata keçirir. Bu komitəyə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva rəhbərlik edir. Həm Mehriban xanım Əliyeva, həm də Cənab Prezident hazırlıq işlərinin gündəlik fəaliyyətinə yaxından nəzarət edirlər. Əminəm ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları əsl idman bayramına çevriləcək”.
Qeyd edək ki, festival günlərində müsabiqə filmlərinin nümayişi ilə yanaşı Nizami Kino Mərkəzində dünyanın məşhur foto ustalarının idman mövzusuna həsr olunan təbliğat vasitələrinin sərgisi də təşkil olunacaq.
Nərmin