24 Yanvar 2022 12:24
58 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyayla ayaqlaşıb-ayaqlaşmadığımızı biz deyə bilmərik. Amma tam narazı da deyiləm, ümid işığı var. Yeni imzalar görünür, onlar ümid yaradırlar ki, maraqlı proses ola bilər. Bununla belə, müəlliflərdə bir az da depressiya və ruh düşkünlüyü var, oxuculardan şikayət edirlər, kitab çap edə bilmirlər. Bu kimi problemlər müəlliflərə mənfi təsir edir. Amma ruhdan düşmək lazım deyil, heç kimə birdən-birə gətirib bir milyon oxucu vermirlər. O oxucunu bir-bir, iki-iki özün yığmalısan. Əgər müəllif qarşısına bir məqsəd qoyubsa, əvvəl-axır ona çata bilər”.

Yazıçı Fəridənin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Hekayə müsabiqəsində birinci yeri qazandınız, təbrik edirik. Elə buradan başlayaq: müsabiqə haqda təəssüratınız necədir, hansı reaksiyalarla qarşılaşdınız?

- Təəssüratım çox müsbətdir, çünki birinci yerə mən layiq görüldüm. Buna görə tam razı qaldım. Məncə, ədalətli müsabiqə oldu, məsələn, “onluq” çox gözəl seçilmişdi. Amma “onluq”a, “üçlük”ə düşməyən yaxşı hekayələr də vardı. Məsələn, Xəyyam Rəfilinin, Sara İbarhimin hekayələrini deyə bilərəm. Mənim hekayəmə reaksiyalara gəldikdə, oxuculardan çox müsbət rəylər aldım. Hələ qalib elan olunmamışdan əvvəl – münsiflərdən bal alıb siyahıya düşdükdə tanımadığım oxucular belə sosial şəbəkədə bu hekayəmi paylaşdılar.

Əlbəttə, tənqid edənlər də oldu, bu haqda mənə də yazdılar. Yazmışdılar ki, çox uzundur, sıxıcıdır, sonadək oxumaq olmur və sair. Ya da hekayənin sonluğu ilə razılaşmayanlar oldu. Amma ümumi nisbət kimi götürdükdə hekayəni bəyənənlər daha çox idi, nəinki tənqid edənlər. Ən çox da ona sevindim ki, nəticələr açıqlanmamışdan bu hekayəni qalib kimi görmək istəyənlərin sayı çox idi.

Birinci yeri tutduqdan sonra da elə ciddi iradlar olmadı, hamı razılaşdı. Bu da mənim xoşuma gəldi. Birinciliyə layiq olduqdan sonra narahatlıq keçirmədim, vicdanım rahat oldu ki, həqiqətən layiq olduğum üçün seçilmişəm.

- Yəni 200 hekayə arasından ən yaxşısı sizinki idi?

- Münsiflər elə qərar verdi. “Ən yaxşısı mənimkidir” demək istəmirəm. Xəyyam Rəfilinin, Sara İbrahimin, Sənan bəyin hekayələrini çox bəyənmişdim. Sənan bəyin hekayəsi ikinci yeri tutdu. Nizami Hüseynovun hekayəsini də bəyəndim. Yəni onlardan kimsə birinci yeri tutsaydı, özüm qədər sevinərdim.

- Hekayəniz haqda deyilənlərdən biri də, bunun “feminist mətn”olması ilə bağlıdır. Bu fikirlə razısınızmı?

- Bununla razılaşmıram. Əvvəl də demişdim ki, bu hekayədə mənim mesajımla oxucunun mesajı üst-üstə düşmədi. Nə yazanda düşünmüşəm ki, feminist bir mətn ərsəyə gətirəcəyəm, nə də göndərdikdən sonra bunu feminist mətn kimi dəyərləndirmişəm.

Mənim hekayədə çatdırmaq istədiyim məlum söhbət idi. Yəni oxucular belə düşündülər, bununla da razılaşmıram. Bunun feminist mətn kimi tənqid və ya təqdir olunmağını istəmirəm.

- Hekayəyə feminist libas biçən məqamlardan biri də budur ki, birdən-birə düşmən qəbilənin döyüşçüləri üfüqdə görünür və Noa qəbiləsinin bütün kişilərini – böyüklü-kiçikli özləri ilə əsir aparırlar. Bəs Noa kişilərinin başına gətirilən bu olay hansı məntiqə əsaslanır?

- Bu hekayəni “Sonsuzlar qəbiləsi” kimi yazmağa çalışırdım. Qəbilə necə sonsuzlaşa bilər? Bütün kişilər birdən-birə yoxsa çıxsa və yalnız qadınlar qalsa. Bəs bu necə ola bilərdi? Buna görə də ya düşmən qəbilə gəlib hamısını qırmalıydı, ya da uşaqlı-böyüklü hamısını əsir almalıydı. Hekayəni də o səpkidə aparmaq istəyirdim ki, burada uşaqlar, doğmaq-törəmək olmayacaq – ölümə məhkum edilmiş bir qəbilə olacaq.

Hekayədə bir məqam da var: niyə qəbilə başçısı bir fahişə olur? Bunun da cavabı vardı. Sadəcə hekayənin həcmi o qədər böyük alındı ki, bunu ixtisar etməli oldum. Bunu da ona görə etdim ki, heç bir münsif və ya oxucu oturub bunu başdan ayağa oxumaq istəməyəcək. İxtisar olduqdan sonra da bu suallar yarandı. Hekayə əvvəl yazdığım kimi qalsaydı, bu suallar yaranmayacaqdı.

- Bəs ədəbi mühitimiz haqda fikriniz nədir: inkişafa, yoxsa geri gedirik, dünyayla ayaqlaşa bilirikmi, ya ayaq üstə sayırıq?

- Məncə, dünyayla ayaqlaşıb-ayaqlaşa bilmədiyimizi özü-özümüzə baxıb deyə bilmərik. Bunu dünya oxucusu baxıb deməlidir. Çox təəssüf ki, dünya oxucusuna çıxa bilmirik. Mənim ən böyük məqsədim budur ki, dünya oxucusuna çıxa bilim, mətnlərimi ona tanıdım. Azərbaycanda ortabab bir yazıçı olmaq, ya hansısa bir qurumun üzvü olmaq və ya hansısa vəzifəni tutmaq kimi şeylər qətiyyən marağımda deyil.

Təkcə Azərbaycan oxucusu üçün tanınmaq istəmirəm. Burada yazıçı kimi tanınmaq çox asandır. Məsələn, bir-iki hekayə yazırsan, bir neçə dəfə gündəm mövzularına münasibət bildirirsən, kimsə götürüb sənin haqda bir yazı yazır – olursan yazıçı. Belə gənclərin sayı çoxdur. Baxırsan ki, adının qabağına “yazıçı” möhürü vurub, hekayə yazır. Maraqlı gəlir, hekayəsini oxuyursan, təəccüblənirsən ki, o, kimdir çox asanlıqla adının qabağına “yazıçı” damğası vurub.

Dediyim kimi, dünyayla ayaqlaşıb-ayaqlaşmadığımızı biz deyə bilmərik. Amma tam narazı da deyiləm, ümid işığı var. Yeni imzalar görünür, onlar ümid yaradırlar ki, maraqlı proses ola bilər. Bununla belə, müəlliflərdə bir az da depressiya və ruh düşkünlüyü var, oxuculardan şikayət edirlər, kitab çap edə bilmirlər. Bu kimi problemlər müəlliflərə mənfi təsir edir. Amma ruhdan düşmək lazım deyil, heç kimə birdən-birə gətirib bir milyon oxucu vermirlər. O oxucunu bir-bir, iki-iki özün yığmalısan. Əgər müəllif qarşısına bir məqsəd qoyubsa, əvvəl-axır ona çata bilər.

- Dediniz ki, vəzifə istəmirsiniz. Amma bizim vəzifələrdə olan yazıçılarımız, şairlərimiz də var. Vəzifə onlardan nələri alıb ki, indi bunu istəmirsiniz?

- Onda həm bir az məsuliyyət artır, həm də bəlli bir çərçivəyə düşürsən. Hansısa bir qurumda, birlikdə və ya dövlət qurumundasansa, özünlə yanaşı, onların da maraqlarını təmsil etməlisən, onların da zərərlərini düşünməlisən. Mənə görə vəzifə düşüncə adamının azadlığını məhdudlaşdırır, çərçivəyə salır.

- Bəs oxuculardan nə kimi narazılıq var?

- Oxumurlar. Düz deyirlər. Məsələn, “Kulis”də hər gün yeni yazılar dərc olunur. İndi sən bunu oxutmalısan. Ya müəllif elə olmalıdır ki, oxucu yazıları ona görə oxusun, ya da elə başlıq seçməlisən ki, oxucunu qıcıqlandırsın, onda maraq yaratsın.

Amma görürsən ki, oxucular həmin başlıqlara görə “Kulis”ə iradlarını bildirirlər, “asıb-kəsirlər” ki, bu nə başlıqdır, sən ədəbiyyat saytısan və sair. Bir də görürsən ki, bir əcnəbi müəllifin bir essesi, bir hekayəsi dərc olunub, amma bir oxucu belə reaksiya vermir, üç-dörd “layk” gəlib, heç kim açıb oxumur. Elə yazıların 170, 200, ən uzağı 300 oxunma sayı olur. Həmin oxuculara əsəbləşirəm ki, dünən burada “ciddi yazı” deyib özünüzü öldürürdünüz, amma indi bu ciddi yazıları oxumursunuz.

Düzünü deyim ki, oxucuların nə istədiyini müəyyənləşdirə bilməmişəm. Amma hərdən də elə olur ki, ciddi mətn olanda və oxucu ona çatanda reaksiya verir. Bunun özü də yaxşı haldır. Məncə, ciddi oxucular var, onlar səpələniblər, indi onları tapıb üzə çıxarmaq yazıçının özünə qalır, bunu edə bilsə, ən böyük uğurlarından biri olar.

- Problem təkcə oxuculardadır, bəlkə ciddi mətnlərin, onların diqqətini cəlb edə biləcək yazarların sayı azdır?

- Əlbəttə, maraqlı yazılar var, çox maraqlı yazılar yazılır. Hərdən müəlliflərini birinci dəfə gördüyüm mətnlərlə rastlaşıram. Amma görürəm ki, çox yaxşı yazırlar, bununla belə diqqətdən kənarda qalırlar. Oxucuda necə maraq yaratmağı mən də fikirləşirəm. Amma bunu mən də bilmirəm.

- Dünyaya çıxa bilmədiyimizi də dediniz. Sizcə, bizə bu yolda nə mane olur?

- Bunun üçün əvvəlcə əsərləri tərcümə etdirmək lazımdır. Məsələ budur ki, müəllif pul verib əsərini tərcümə etdirməlidir, sonra bunu harada çap etdirə biləcəyini axtarmalıdır. Bizim üçün əlçatan ölkələr Rusiya, Türkiyə, uzağı Gürcüstandır. İndi həmin ölkələrdə bir sayt tapmalısan ki, yazını, bir nəşriyyat tapmalısan ki, kitabını çap etsinlər. Bu da vaxt aparan prosesdir. Bu, Allahın ümidinə qalmaq kimi bir şeydir ki, o nə vaxt emailini görəcək, vaxt tapıb sənin əsərini oxuyacaq. Bunu bəyənib-bəyənməyəcəyi də məlum deyil. Müəllif də bir yerdən sonra ümidini itirir, həvəsdən düşür.

Əsəri tərcümə etdirmək elə də asan deyil, buna maddi vəsait lazımdır. Məsələn, on min işarəlik bir hekayəni ingilis dilinə tərcümə etdirmək üçün 300-400 dollar lazımdır. Bu, bir gənc yazar üçün böyük puldur.

Dil də bilmirik. İngilis dilində yaza, bu dildə düşünə bilmirik. Ziya Səfərbəyov adlı yazıçı var, rus dilində yazır. Onun rusdilli oxucu kütləsi çoxdur, çap olunan kimi, kitabları yoxa çıxır, hamısını alırlar. Sosial şəbəkələrdəki qruplarda görürəm ki, rusdilli oxucular ancaq onu axtarırlar. Çünki rus dilində yazan ancaq odur.

Rusdilli oxucular Azərbaycan ədəbiyyatını Ziya Səfərbəyovdan o tərəfini tanımırlar. Amma mən bir yazıçı kimi onu bəyənmirəm. Gənclər arasında ondan qat-qat maraqlı imzalar var.

- Məsələn, kimlərin adlarını çəkə bilərsiniz?

- Şeirdə bəyəndiyim imzalar daha çoxdur, nəinki nəsrdə. Müəlliflərimiz bir az tənbəldirlər, bir az mütaliələri aşağıdır. Elə gənc, elə orta yaşlı imzalar var ki, onların bəzi ən tanınmış müəlliflərin əsərlərindən xəbərsiz olduqlarına, onları oxumadıqlarına inanıram. Qınamıram, bəlkə onların başları gündəlik qayğılara, məişət işlərinə, eşq-məhəbbətə qarışıb.

Şairlərdən Rəvan Cavidin, Ulucay Akifin adını çəkə bilərəm. Ulucayın şeirlərini son dövrlər oxumağa başlamışam. Əvvəllər – şəxsi tanışlığım olanadək ondan xoşum gəlmirdi, qıcıq olurdum. Amma şeirlərini oxuya-oxuya fikrim dəyişdi.

- Nəsrdə olanların adlarını niyə çəkmirsiniz?

- Çox təəssüf ki, gənc yazıçların arasında “bu mənim yazıçımdır” deyə biləcəyim imza yoxdur. Amma Sara İbrahimin, Afaq Məsudun adını çəkə bilərəm, onları isə gənc hesab etmirəm.

- Gənc olmaya da bilər...

- Məsələn, Şərif Ağayarın hekayələrini bəyənirəm. İrihəcmli əsərlərindən bəyənmədiklərim də var, amma bir yazıçı obrazı kimi gördüyüm Şərif Ağayar var. Ataqamın hekayələr kitabı çap olunub, bunu bəyənirəm. Xəyyam Rəfilinin iki hekayəsini oxumuşam, bəyənmişəm. Xəyyamı bundan sonra həmişə izləyəcəyəm. Müsabiqədə ikinci yeri qazanmış Sənan bəyi deyərdim. Nizami Hüseynovu da izləyəcəyəm. Nihat Pir, Orxan Cuvarlını da çalışacağam ki, izləyim. Ayxan Ayvaz və Həmid Piriyevi həmişə izləyirəm.

- Məsələn, adalarını çəkdiyiniz bu müəlliflərdən kimlərin əsərlərini könül rahatlığıyla dünya oxucusuna təqdim edə bilərik?

- Məsələn, Ataqamın hekayələrinin dünya oxucusuna maraqlı ola biləcəyini düşünürəm. Bundan başqa, Şərif Ağayarın hekayələrini də dünyaya çıxarmaq olar.

- Daha çox oxuyursunuz, yoxsa yazırsınız?

- Daha çox oxuyuram, bəlkə oxuduğumun onda, yüzdə biri qədər nəsə yazmışam. Nəsə yazmaq istəyəndə qeyd aparıram ki, nələri oxumalıyam. Oxuyanda başqa suallar yaranır, sonda həmin sualları tapmaq üçün başqa şeyləri oxuyuram. Bir də onda ayılıram ki, bir neçə ay, hətta bir il keçib, oxuya-oxuya ilk məqsəddən tamam başqa yerə gəlib çıxmışam. Əslində, oxumaq bir yerdən sonra yazmağa da mane olur. Çünki başını elə yerlərə soxursan ki, oradan yenidən öz mətninin üstünə qayıtmaq çox çətin olur.

- Daha çox nə oxuyursunuz: elmi, yoxsa bədii ədəbiyyat?

- Daha çox bədii ədəbiyyat oxuyuram. Fəlsəfə və elmi ədəbiyyatı da oxuyuram. Son dövrlər tarixi və siyasi ədəbiyyat oxumağa meyllənmişəm. Xüsusən tarixi mövzular mənə çox çətin gəlir. Mənə lazım olan dövrlərin mənzərəsi mənə qaranlıq qalır. Orta məktəbdə də tarix bilgilərim zəif olub. Daha çox riyazi elmlərə meylli olmuşam. Riyaziyyat, kimya, fizika və bilogiyanı çox sevmişəm. Amma tarix və coğrafiyada zəif olmuşam. İndi bunlar mənə mane olur və bu tərəfdən zəifliyimi hiss edirəm. Yenidən oturub bunları oxumağa ehtiyac duyuram.

Kosmosla bağlı sənədli filmlərə baxmaq mənə çox böyük enerji, ilham verir, ruhum dincəlir, yeni ideyalar gəlir. Şeirlərin hamısını kosmosla bağlı sənədli filmləri izləyəndə yazmışam. Nə əlaqəsinin olduğunu bilmirəm, amma enerjimi oradan alıram.

- Bəs elmi ədəbiyyatdan hansı mövzuları oxuyursunuz?

- Daha çox tibbi sahə ilə maraqlanıram. İxtisasca uşaq həkimiyəm, Tibb Universitetini bitirmişəm. Son dövrlərdə feminizm və ailə-məişət mövzularında yazmaq istəyirəm. Mənə qadın, kişi və uşaq psixologiyası, insanlararası münasibətlər çox maraqlı gəlir. Hazırda sırf psixologiya, psixoanaliz kitabları oxuyuram. İstəmirəm ki, sırf öz ağlıma gələn düşüncələri yazım. Elə bilirəm ki, onda oxucunu inandırmaq çətin olur, buna görə də bir neçə yerdən istinad gətirməyə məcbur olursan. Məncə, oxuculara onda daha maraqlı olur.

Çalışıram ki, türk, ingilis və rus dilindən mənbələr tapıb oxuyum, nə qədər kitab oxusam da, internet resurslarından daha çox istifadə edirəm. Yaxşı bir mətn, mövzu tapanda istəyirəm ki, onu bizim dilə tərcümə edim ki, öz dilimizdə də olsun. Qayğılardan o qədər azad olmaq istəyirəm ki, oturub sırf belə mətnlərin tərcüməsi ilə məşğul olum. Amma indi buna vaxt yoxdur.

- Feminizmə daha çox diqqət ayırmağa başladığınızı dediniz. Bizdə feminist ədəbiyyatı varmı və ya formalaşırmı?

- Məncə, yoxdur. Azərbaycanda təqdim olunan feminizm tamam yanlış istiqamətdədir. Feminizm aqressiya, kişilərə nifrət deyil. Bir neçə ildir bu ideologiya ilə maraqlanıram. Gələcək hədəflərim arasında sırf feminist ideologiyadan bəhs edən bir kitab yazmaq var.

- Sizcə, cəmiyyət arasında feminizmə bu qədər qıcığın səbəbi nə ilə əlaqəli ola bilər?

- Bütün cəmiyyətlərdə belə olub. Tarixə nəzər salsaq, bunu görə bilərik. Son oxuduğum mətnlərdə də duyduğum bu oldu ki, İspaniya, Amerika və digər ölkələrdə də feminizmə yanaşmada belə münasibətlər var. O ölkələrdə də patriarxal düşüncənin hökm sürdüyünü bəyan edirlər. Yəni onların özləri belə razı deyillər. Bu da uzun müddət aparacaq prosesdir.

Kişilər öz yanlarında qadınlara yer vermək istəmirlər, buna görə də aqressiya yaranır. Düzdür, feministlər də prosesə bir qədər aqressiv şəkildə atılırlar, amma bir yandan da fikirləşirəm ki, yumşaq şəkildə mümkün deyil, yaxşı elədilər ki, aqressiv şəkildə atıldılar. Bu gün yumşaq formada bir şey de, nəsə yaz, sabah da buna görə üzr istə - bu cür nəsə əldə etmək mümkün deyil.

- Yəni qadınların hökmranlığı dövründə hər şey daha yaxşı olacaq, müharibələrə son qoyulacaq?

- Buna inanmıram, əksinə, ola bilər. Məsələn, ölkələr arasında “sən niyə mənim paltarımdan geyinməsin” kimi məsələlərin üstündə nüvə müharibəsi başlaya bilər (gülür).

- Son olaraq, nə demək istəyərdiniz?

- Gənc yazıçı dostlara demək istəyərdim ki, heç vaxt həvəsdən düşməsinlər, həmişə qarşılarına böyük məqsədlər qoysunlar, cılız məqsədlər uğrunda yaşamasınlar. Çoxlu mütaliə etsinlər.

Oxuculara da demək istərdim ki, şou xəbərlərdən, qalmaqallardan başlarını qaldırıb, sözü olan gənc yazaralara nəzər yetirsinlər. Bir görsünlər ki, nə yazırlar, bundan sonra onlar haqda harada gəldi fikir bildirsinlər. Linki açmamış onun altında ağızlarına gələni yazmasınlar, kitablarını oxusunlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər