25 Fevral 2022 09:14
3 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuq Karakılıç Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Səlcuq bəy, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin Azərbaycanda fəaliyyəti haqqında məlumat verməyinizi istərdik.

- Yunus Əmrə İnstitutu Ankaranın Altındağ bölgəsinədə yerləşir. İnstitut 2007-ci ildə yaranıb, Azərbaycandakı nümayəndəliyimiz 2013-ci ildə Bakı Dövlət Universitetinin daxilində rəsmi olaraq fəaliyyətə başlayıb.

Bakı Dövlət Universiteti ilə əlaqələrimiz formalaşdı, kurslarda Türkiyə türkcəsini öyrətməyə başladıq. Əsasən mədəniyyətlə bağlı layihələr icra etməyə başladıq. 2016-cı ildə Bakı Dövlət Universitetinin binasından ayrılaraq başqa məkanda fəaliyyətimizi davam etdirdik. Burada Türkiyə türkcəsini öyrətmək üçün kurslarımız, kitabxanamız var.

Təbii ki, 10 il Azərbaycan üçün az müddət deyil. Bu vaxta qədər hansı işləri gördüyümüz barədə soruşsanız, ilk növbədə Azərbaycanı tanımaq imkanımız oldu. Çünki bir ölkədə fəaliyyət göstərmək istəyirsənsə, əvvəlcə həmin ölkənin adət-ənənələrini, mədəniyyətini öyrənmək lazımdır. Ölkənin ehtiyaclarına görə hərəkət etmək lazımdır. 10 il ərzində türk kinosundan tutmuş, ədəbiyyat, teatr və sair sahələrdə fəaliyyət göstərdik. Təbii ki, hər il fəaliyyətimizi genişləndirərək fərqli sahələrdə əməkdaşlıq edirik.

- Türk dili kurslarınızın fəaliyyəti barədə danışmağınızı rica edirik, azərbaycanlı gənclər maraq göstərirmi? Kurslarda Türkiyə universitetlərinə daxil olmaq üçün hazırlıq nəzərdə tutulubmu?

- Yunus Əmrə İnstitutunun nümayəndəliyi 65 ölkədə fəaliyyət göstərir. Qlobal bir qrupumuz var. Məsələn, Kosovada Türkiyə türkçəsi ilə Azərbaycandakı Türkiyə türkçəsini öyrədilməsi fərqlidir. Çünki Azərbaycanla eyni dilə mənsubuq, eyni millətik. Biz burada Türkiyədə təhsil almaq istəyən tələbələr üçün kurslar təşkil edirik. Bu kurslara ən çox müraciət edən ölkə Azərbaycandır.

Keçən ay təşkil etdiyimiz Türkçə Yetərlik İmtahana (TYS) dünyadan min şagird qatıldı. Onların 680-i Azərbaycandan daxil olmuşdu. Bu da onu göstərir ki, Azərbaycandan Türkiyəyə daha çox tələbə gedir.

- Necə düşünürsünüz, bu, dil yaxınlığı ilə bağlıdırmı?

- Bu da təsir göstərə bilər, amma Türkiyə ilə Azərbaycan arasında olan münasibətin rolu var, eyni zamanda türk universitetləri Azərbaycan tələbələrinin diqqətini daha çox çəkir. Bayaq qeyd etdiyim kimi xarici ölkələr arasında təşkil etdiyimiz TYS-də iştirak edən 680 tələbə azərbaycanlıdır.

Təbii ki, bizim imtahanlarımıza qatılmayıb, Türkiyədə imtahanlarda iştirak edən tələbələr də var. Hər il 5 min tələbə Türkiyəyə təhsil almaq üçün gedir. Türkiyədə daha rahat ünsiyyətə girmək, universitetdə yüksək təhsil almaq üçün kurslarımıza qoşulanlar olur. İmtahan verən 680 tələbədən 85 faizinin nəticəsi uğurlu oldu. Keçən il mayın 29-da TYS imtahanı təşkil etmişdik. Dünyadan 1400 şagird qatılmışdı, onun 1100-ü azərbaycanlı idi. Onu da qeyd edim ki, Türkiyə universistetlərinə daxil olmaq üçün C1 sertifikatı tələb edilir.

- Kurslarınız ödənişli əsaslarladır?

- Bəli, kurslarımız ödənişlidir, amma simvolik hesab olunur, pul kitablar üçün alınır. Kurslar üç-dörd ay davam edilir. Onu da vurğulayım ki, kitabların qiymətləri yüksək deyil. Kitabları Türkiyədə Yunus Əmrə İnstitutunun müəllimləri yazırlar və oradan gətirilir. Kitablar hər tələbənin bacarıqlarına uyğun tərtib edilir. Dil öyrənmək üçün bütün imkanlarımız var.

- Azərbaycanlı tələbələrin TYS-də yüksək nəticələr əldə etdiyini vurğuladınız. Ümumiyyətlə, Azərbaycanın təhsil sistemini necə dəyərləndirirsiniz?

- Mənim təəccübləndiyim hər hansı məqam yoxdur. Çünki Azərbaycan gəncləri son dərəcə mədəni və dünyaya açıqdırlar. Yalnız özünəinamsızlıq kompleksləri var. Düşünürəm ki, bu da zamanla həllini tapacaq. Amma təhsil üçün xarici ölkələrə getmək, xüsusilə də Türkiyədə təhsil alaraq təkrar Azərbaycana qayıdıb, həm özlərinə, həm vətənlərinə xeyir vermək üçün iş həyatına atılmaq istəkləri ümidverici haldır.

Türkiyə universitetlərindən də hər il tələbələr transfer olunurlar. Azərbaycanın dərin münasibəti və qardaş ölkə olmağımızın nəticəsidir ki, hər il tələbələrin sayı çoxalır. Onlar fərqli sahələrə müraciət edirlər. Ən çox tibb, hüquq, beynəlxalq münasibətlər fakültələri, siyasət elmi ilə yanaşı, mühəndislik kimi seçici ixtisaslara müraciətlər olur. Bunlar da zamanla Azərbaycanın bu sahədəki boşluqlarını tamamlayır.

- Mühəndislik ixtisasını qeyd etdiniz. "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Bakıda "Texnofest" festivalında iştirak etdi. Festival çərçivəsində bu sahə gənclərimizin diqqətini daha da özünə cəlb etdi. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsində "Bayraktar"ın xüsusi rolu olmuşdu...

- Mən Azərbaycana gələndə pandemiya təzə başlamışdı. Pandemiya olmasaydı, Azərbaycanda ilk görəcəyim iş Türkiyədə öz sahələrində tanınan uğurlu iş və mədəniyyət adamlarını Azərbaycana gətirib, uğur hekayələrini təqdim etmək idi. Məsələn, o zaman Azərbaycanda çox da yaxından tanınmayan Səlcuq Bayraqdarı dəvət etmək istəyirdim. Hətta o zaman "Akıncı” pilotsuz hücum aparatı (PUA) haqqında Türkiyədə ilk məlumatlar yayımlandı.

Biz də o zaman öz sosial şəbəkə hesabımızda paylaşım edərək Səlcuq Bayraqdar haqqında "O PUA-nı icad edən türk mühəndisdir, siz də onu örnək hesab etsəniz, Azərbaycana töhfəsi ola bilər" deyə qeyd etmişdik. 2020-ci ildə PUA təqdim edildi. Hələ də pandemiyanın davam etməsi işlərimizə də təəssüf ki, təsir edir. Öz sahəsində tanınan insanların uğur hekayələrini paylaşmaq lazımdır. Bununla kiminsə həyatını xilas edə bilərik.

- Bu il planlarınız nələrdən ibarətdir? Hansı layihələri həyata keçirməyi düşünürsünüz?

- Azərbaycanın ehtiyaclarına görə proqram hazırlamışıq. Məsələn, hər hansı qurum rəhbəri ilə danışarkən “bu işi görək” deyə təklif etmirəm, onlara bildirirəm ki, sizin istəyiniz nədir? Məsələn, Azərbaycanın mədəniyyət sahəsinə necə dəstək ola bilərik? Eyni zamanda Türkiyə olaraq bizim də əskiklərimizi Azərbaycan ilə necə tamamlaya bilərik? Çünki iki eyni dövlətin mədəniyyət sahəsinin bir-birini dəstəkləməsi və bir-birindən yararlanaraq ortaya peşəkar bir iş çıxarmaq lazımdır.

Azərbaycanda apreldə "Texnofest" festivalına bənzər "Əziz Səncər" elm festivalı həyata keçirmək istəyirik. Festival məktəb, lisey və universitetlər arasında təşkil olunacaq. Ümumilikdə, 40 yeniyetmə iştirak edəcək. Onlara "Sizə dəstək olsaydıq, həyatda nə etmək istərdiniz?" sualı ünvanlayacaq və alacağımız cavaba görə kömək edəcəyik. Bildirsələr ki, helikopter hazırlamaq istəyirik, onlara texniki avadanlıqları təqdim edəcəyik və mühəndisin köməyi ilə dörd ay ərzində arzularını həyata keçirmələri üçün dəstək olacağıq.

Bununla məqsədimiz şagird və tələbəyə arzusunu həyata keçirmək imkanı vermək və özgüvənli olmaqlarına yardım etməkdir. Eləcə də Azərbaycanın əskik tərəflərindən biri film sahəsinə sərmayə qoymaq istəyirik. Film məktəbi yaradaraq 20-25 nəfər seçib, Türkiyədən peşəkar rejissor, ssenarist, operator, səs rejissoru, işıqçı və başqalarını dəvət edərək onlara dərs keçməyi planlaşdırırıq.

İstedadı olan insanları kursa qəbul edəcəyik. Kursu bitirdikdən sonra dörd-beş nəfərə müəyyən məbləğ verərək qısa film çəkmək üçün şərait yaradacağıq. Bununla yanaşı Türkiyə və Azərbaycan sənətçilərini bir araya gətirərək layihə həyata keçirəcəyik.

- Qarabağla, Şuşa ilə bağlı layihə etməyi düşünürsünüzmü?

- Qarabağla bağlı layihəmiz var, amma hazırda bu haqda açıqlama vermək istəmirik.

- Azərbaycan filmlərini izləmisinizmi?

- "Zəhər tuluğu" filmini izləmək istəyirdim, amma gedə bilmədim. Xüsusilə qeyd edim ki, Azərbaycanı çox sevən bir insanam. Azərbaycanda film sahəsi yeni-yeni formalaşır. Keçən həftə "Leyli və Məcnun" operasına getdim, çox gözəl bir tamaşa idi. Azərbaycan teatr sənəti yüksək səviyyədədir.

- Siz həm də yazıçısınız, dörd kitabın müəllifisiniz. "Sürgün, İntihal ve İntihar" adlı kitabınız nədən bəhs edir?

- "Sürgün, İntihal ve İntihar" kitabı siyasətə qoşulan ədəbiyyat nümayəndələrimizin fəaliyyəti ilə bağlıdır.

- Yazıçının siyasət sahəsinə qoşulması onun yaradacılıq fəaliyyətinə necə təsir göstərir?

- Siyasət qanunları fərqlidir. Mən bir elm adamının, yazıçının, şairin, topluma faydalı insanların siyasətə qoşulmalarını düzgün hesab etmirəm. Çünki siyasi fəaliyyət onların yaradıcılığına mane olur. Məsələn, elm adamı Mehmet Fuad Köprülü türkologiyanın atasıdır.

O, Türkiyədə Demokratlar Partiyası zamanında xarici işlər naziri olub. Onun siyasi fəaliyyəti yaradıcı mövqeyinə də təsir etdi. Gözdən düşdü və haqqında sual işarələri qaldı. Eləcə də Faruk Nafiz Çamlıbel böyük şairlərimizdən biridir. O da millət vəkili oldu. O zaman etdiyi bir çox hərəkəti mövqeyini zədələdi. Yazıçının siyasətə qoşulması onların yaradıcılıq imicini zədələyir. Kitabımda bu məsələlərə toxunulub, təxminən 6-7 yazar və 5-6 şairin konkret faktlara söykənərək həyatından bəsh edilir. Ümumiyyətlə, ədəbiyyat tarixinə aid kitablar yazıram.

- Azərbaycanda ədəbiyyat sahəsində kimləri tanıyırsınız?

- Tələbəlik illərində Məhəmməd Füzuli, İmadəddin Nəsimi və bir çox klassik yazıçıların əsərlərini oxumuşdum. Mirzə Ələkbər Sabirin şeirlərini çox sevirəm.Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiqin də yaradıcılığını sevirəm. Azərbaycan ədəbiyyatı adlı dərsliyimiz var idi. Hətta onu deyim ki, ali məktəbdə üçüncü sinifdə oxuyarkən Azərbaycan və özbək ədəbiyyatı dərsləri almışdım.

Bəlkə də bəzi insanların qisməti də öz əlləri ilə yazılır. Daxilimdə Azərbaycan ədəbiyyatına qarşı sevgi və səmimiyyət var idi. Çingiz Abdullayevin əsərlərini də çox sevirəm. Onunla dostluq münasibətimiz var. Yazıçı Anar Rzayevi tanımayan yoxdur.

- Gənc yazarlardan kimləri bəyənirsiniz?

- Azərbaycan şeir baxımından çox zəngin ölkədir. Hamı şeir yazır. Gənclərdən Xəyal Rzanın şeirlərini sevirəm, oxuyuram. Azərbaycanın ədəbiyyat sahəsi çox güclüdür. Amma ədəbi əsərləri teatra, mədəniyyət sahəsinə gətirmək lazımdır. Türkiyədə də Azərbaycan dilinin təbliği ilə bağlı bir çox layihələr həyata keçiririk. Məsələn, bir neçə yazıçını Türkiyəyə aparıb, onları tanıtmaq üçün imza günləri keçiririk.

Keçən il martda tədbir keçirdik, orada Çingiz Abdullayev iştirak etdi. Tədbirdə bir neçə tanınmış yazar və şair iştirak etmişdi. Türkiyənin Azərbaycana ən böyük dəstəyi iki sənət sahəsinin bir-birini tanıması, dost olması və bir-biri ilə əlaqə yaratmaq, əsərlərini türk və Azərbaycanda satıla bilən atmosfer yarada bilməkdir.

- Zamanla ortaq türk dili, türk ədəbiyyatı haqqında müzakirələr keçirilir. Ortaq dillə bağlı Yunus Əmrə İnstitutu nə kimi işlər görməyi planlaşdırır?

- Yunus Əmrə İnstitutunun Qazaxıstan və Azərbaycanda nümayəndəliyi var. Qarabağ müharibəsindən sonra bütün türk dünyasının baxışı dəyişdi. Çünki birlik olduğu halda nəyin necə dəyişəcəyini gördülər. Ortaq dil məsələsi 90-cı illərdən müzakirə edilir. Bunun üçün zamana ehtiyacımız var.

Ağıllı hərəkət etdiyimiz halda buna nail olacağıq. Mənim şəxsi qənaətim odur ki, hər kəs şəxsi evində adət-ənənələrini, dilini qorumalıdır. Amma ortaq dil olaraq İstanbul türkcəsinin müzakirəsi davam edir. İstanbul türkçəsi ortaq bir dil ola bilər, amma hər bir xalqın hərfləri də daxil olmaqla əlifbası, kitablar, serial, film, internet vasitəsi ilə daha tez yayılır. Artıq bunlar vasitəsilə bir özbək Türkiyə türkçəsini daha rahat öyrənir.

- Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində fəaliyyət göstərən müəllimlərin sayını açıqlaya bilərsiniz?

- Müəllimlər Türkiyədən gəlirlər, bizimlə çalışan Azərbaycan vətəndaşları da var. İşə test üsulu ilə daxil olurlar. Yəni süzgəcimizdən keçdikdən sonra işə götürürük. Biz öncə Azərbaycan vətəndaşlarının iş ehtiyacını qarşılamaq istəyirik. Altı işçimiz var, biri Türkiyə türkü, digərləri isə Azərbaycan vətəndaşıdır.

- Novruz Bayramı ilə əlaqədər nə kimi tədbirlər nəzərdə tutulub?

- Keçən il pandemiyaya görə, tədbirlər təşkil edə bilmədik. Əvvəl konsertlər təşkil edilirdi, bu il ilk dəfə Azərbaycanda Novruz bayramını qeyd edəcəm. Məhəllələrə gedərək xalqın Novruz bayramını necə qeyd etdiyini və evlərinə gedərək bayramı necə qarşılayacaqlarını görmək istəyirəm.

Türkiyədən də bir qrup gətirib, Novruz bayramını qeyd etmək istəyirik. Novruz bayramı Türkiyədə fərqli qeyd edilir. Biz Novruz bayramını bir gün qeyd edərik. Azərbaycanda isə həftələrlə davam edir, çərşənbələr qeyd olunur. Daha rəngarəng qeyd edirsiniz.

- Qarşıda nə kimi işlər görməyi planlaşdırırsınız?

- Türkiyə və Azərbaycan arasında diplomatik mübasibətin qurulmasının 30 ili tamam olur. Buna uyğun olaraq layihələr keçirməyi istəyirik. Oktyabr ayında “Ədəbiyyat” festivalı keçirmək istəyirik. Festival çərçivəsində Türkiyədən Azərbaycana on yazıçı gələcək. Yazıçılar fərqli universitet və məkanlarda öz əsərlrəini təqdim edəcəklər, imza günləri təşkil olunacaq. Məsələn, Ahmet Ümit ilə Çingiz Abdullayev eyni platformada müzakirə aparacaqlar. Gənc və məşhur şairlərin şeir gecələrini təqdim edəcəyik. İlk dəfə Azərbaycanda ədəbiyyat festivalı qeyd edəcəyik. Festivalın əsas meyarı "Bakıda həyat, Şuşada sənət" olacaq.

- “Ədəbiyyat” festivalı Qarabağda davam edəcəkmi?

- Bəli, festivalının son gününü Şuşada təşkil edəcəyik.


Müəllif: Nərgiz Cavadzadə, Rəqsanə Həsənova

Oxşar xəbərlər