25 Noyabr 2014 14:03
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nağılvari görünsə də, şahın qəzəbinə düçar olan Xamnənin tanınmış insanlarından, kəndxuda Məhəmmədtəqi vəzifəsindən uzaqlaşdırılır, əmlakı müsadirə olunur. Çarəsiz qalan keçmiş kəndxuda həm ailəsini dolandırmaq, həm də başqa cəzalardan xilas olmaq üçün Arazı keçərək Şəkiyə gəlir.

Şəkidə o, hər kəsin hörmət etdiyi, sayılıb-seçilən Axund Ələsgərlə dostlaşır, ardınca isə qohumluq münasibətləri qurur. Belə ki, o, axundun qardaşı qızı Nanə ilə evlənir. Nanənin ailəsi taun xəstəliyindən vəfat etdiyinə görə, Ələsgər onu övladlığa götürmüşdü.

Məhəmmədtəqi evli idi, Xamnədəki arvadından qız övladı var idi. Amma İslam qanunları üçün ikinci evlilik heç də yad bir hadisə deyildi. Gerisini Axundzadənin özündən oxuyaq:

“…Miladi 1812-ci ildə mən həmin zövcədən doğulmuşam. Bu tarixdən iki il sonra Şəki vilayətinin hakimi olan xoylu Cəfərqulu xan vəfat edib. Buna görə də, o vaxta qədər Cəfərqulu xanın himayəsi altında həmin vilayətdə yaşayan iranlı qəriblər vətənə qayıtmaq qərarına gəlmişlər. Mənim atam da onların sırasında arvadı və uşağı ilə bərabər Xamnəyə yola düşmüşdür”.

Beləliklə, Məhəmmədtəqinin iki arvadı da bir evdə yaşamağa başlayır. Lakin bu heç də uzun sürmür. Bu cür yaşayışa dözməyən Nanə xanım Məhəmmədtəqini razı salaraq Fətəli ilə birlikdə əmisinin yanına qayıdır. Bu zaman Ələsgər Qərəcədağın Horand kəndində qərar tutmuşdu. Beləliklə, Fətəli on üç yaşınadək Horandda və Unküt elinin Vəlibəyli obasında yaşayır. Ta ki 1825-ci ildə ailə Gəncəyə köçür, ardınca Rusiya-Qacar müharibəsi nəticəsində Gəncə viran qaldıqdan sonra yenidən Şəkiyə dönürlər. 1832-ci ildə Axund Ələsgər Məkkə səfərinə çıxdığına görə Fətəlini yenidən Gəncəyə gətirərək dini təhsil alması üçün mədrəsəyə qoyur. Burada isə Axundzadə dindar deyil, dinə qarşı çıxacaq bir şəxs kimi yetişir…Bu barədə daha sonra…

***
IMG_9171Yubiley hədiyyəsi

Yolun uzaqlığını nəzərə alıb qatarla Şəkiyə doğru yola çıxırıq. Məqsəd həmin Axund Ələsgərin evinin bir hissəsinin qorunub saxlandığı, indi isə Axundzadənin ev muzeyi kimi fəaliyyət göstərən yerə baş çəkməkdi.

Qarşısında durduğumuz evin arxasından Şəkinin möhtəşəm mənzərəsi görünür. Bələdçimiz Mehparə Ağayevanın dediyinə görə, ev 1800-cü illərdə tikilib, kənarda başqa bir tikili də vardı, qəzalı vəziyyətdə olduğuna görə sökülüb. Deyilənlərə görə, Fətəlinin özü o dağılan evdə dünyaya gəlib. İndiki evdə isə onun uşaqlığı və gənclik illəri keçib.

Ev tavanı alçaq olan iki otaqdan ibarətdir. Evin içərisində Axundzadənin ailəsinə və o dönəmə aid əşyalar qoyulub. Evin kənarında isə 200 illik yubileylə bağlı Axundzadənin həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalı tikilib. Ekspozisiya zalında Axundovun kiçik heykəli, kitablarının keramikadan hazırlanmış təsviri, ailə fotolarının surətləri, həmin dönəmə aid müxtəlif əşyalar var. Bələdçimiz bildirdi ki, Axundzadə burada az yaşadığına görə, onun şəxsi əşyaları Tiflisdəki muzeydədir: “Gördüyünüz patefon onun Tiflisdəki ev muzeyi tərəfindən bizə hədiyyə olunub. Əl ağacı, bel kəməri onun özünə aiddir. Digər eksponatlar isə muzeyi zənginləşdirmək üçündür”.

Ev muzey olaraq 1940-cı ildən fəaliyyətə başlayıb. Azərbaycanda rəsmi ilk ev muzeyi hesab olunur.

IMG_9183Şəfi ilə görüş

Axund Ələsgər inanclı və dönəmin din və dil bilgilərini bilən insan idi. Hələ Axundzadə Xamnəyə qayıdarkən atası onu mollaxanaya qoymuş onun din xadimi kimi yetişməsini istəmişdi. Daha sonra əmisi ona dini təhsil verməyə çalışmış, lakin istədiyi nəticəni ala bilməmişdi. Ona görə də nəhayət onu Gəncədəki mədrəsəyə oxumağa göndərirlər. Burada ruhani kimi yetişməli olan Axundzadə mədrəsənin bir küncündə xəttatlıqla məşğul olan Mirzə Şəfi Vazeh tərəfindən “yoldan çıxarılır”.

“Bir gün həmin möhtərəm şəxs məndən soruşdu:

  • Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?
  • Ruhani olmaq istəyirəm.
  • Demək, riyakar və şarlatan olmaq istəyirsən….Mirzə Fətəli, öz ömrünü bu iyrənc camaatın sıralarında zay etmə. Başqa bir peşə dalınca get.

IMG_9169Amma o, əmisinin onun üçün etdiklərini unuda bilməzdi. Ona görə də Axundzadə soyadını əmisinin dini kimliyinə uyğun olaraq götürür.

Axundzadə 1833-cü ildə Şəkidə ibtidai məktəbə daxil olur, burada rus dilini öyrənir. Bir il sonra Axund Ələsgər onu Tiflisə apararaq Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında şərq dilləri üzrə mütərcim şagirdi vəzifəsinə düzəldir. Bir müddət sonra dil bilgisini artıran Axundzadə mütərcim vəzifəsinə keçir. Beləliklə, o, ömrünün axırına qədər burada yaşayır. Hərbi işlər üzrə mütərcim dərəcəsinə qədər yüksəlir, 1873-cü ildə polkovnik rütbəsi qazanır, əsərlərini burada yazır.

Gəlinciklə oynayan qadın

Axund Ələsgər ömrünün son anlarında Mirzə Fətəlini yanına çağırır. Qızlarını və oğlunu ona əmanət edir. Fətəli ailəni Tiflisə aparır, əmisinin qızı Tubu xanımla evlənir. Tubu xanım bu zaman 14 yaşında idi, deyilənlərə görə gəlinciyi ilə oynayırdı. Bir dəfə işdən evə qəfil gələn Fətəli arvadının gəlinciklərə paltar tikdiyini görür və gülümsəyir. Növbəti gün ona mumdan düzəldilmiş gəlincik gətirir.

Lakin yaxın qohum evliliyi faciələrə səbəb olur. Övladları böyümədən vəfat edir. Bir ildə eyni xəstəlikdən üç uşağı vəfat edir. Beləcə on bir övlad vəfat edir…Yalnız qızı Nisə və oğlu Rəşid həyatda qalır.

IMG_9141Mirzə Fətəli sonralar başqa bir qadınla da evlənir. Nazlı Bəyim adlı bu qadın Cavad xanın nəslindən idi. Cavad xandan sonra acınacaqlı duruma düşən ailə Tiflisdə hökumət qulluğunda işləyən Fətəliyə müraciət edirlər, o da onlara yardım edir. Buna görə də təşəkkür əlaməti olaraq Cavad xanın nəsli ilə qohum olmaq üçün Nazlı Bəyimlə ailə həyatı qurmasını istəyirlər. Fətəli də razılaşır. Bu evlilikdən onun Seyra Bəyim adında bir qızı olur. Qəribədir ki, daim övlad acısı yaşayan Axundzadənin bu qızı da 24 yaşında həyatla vidalaşır…Mirzə Fətəli bu qızını Bəhmən Mirzənin oğlu şahzadə Xanbabaya ərə vermişdi. Bu evlilikdən onların bir qız, bir oğlan övladı olmuşdu.

Seyrə Bəyimin ölümündən sonra Axundzadə ikinci qızı Nisə xanımı Xanbabaya ərə verir…

IMG_9147Rəşidin faciəsi

Axundzadənin oğlu Rəşid Tiflis klassik gimnaziyasını bitirdikdən sonra Brüsselə yollanır. Burada universitetdə yol mühəndisi ixtisasına qəbul olur, lakin atasının vəfatından sonra maddi-mənəvi sarsıntı keçirir, təhsili yarımçıq qalır. Daha sonra təhsilini Peterburqda tamamlayır. 1909-cu ildə keçirdiyi ağır xəstəliyə dözməyərək özünü tapança ilə vuraraq intihar edir.

“Oğlu nevroz xəstəliyinə dözə bilmədiyinə görə özünə qəsd edir. Axundzadənin kötücəsi Yaponiyada yaşayır. 85 illik yubileyində bir dəfə gəlib. O vaxtdan əlaqə yoxdur.” – Mehparə xanım deyir.

Beləliklə, Xamnədən başlayan bu ailənin həyatı faciələr içində keçsə də, Axundzadə şəxsiyyət olaraq Azərbaycanı şərqin faciəsindən çıxararaq ona çağdaş, yeni bir yol təqdim edir…

IMG_9138Tiflisdəki muzey

Axundzadənin əsas xatirə muzeyi Tiflisdə yerləşir. 1982-ci ildə Gürcüstanın azərbaycanlı ziyalılarının bu ölkənin rəhbərliyinə müraciəti əsasında muzey təsis edilib və M.F.Axundovun ev-muzeyi kimi fəaliyyət göstərib. 1996-cı ildə Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə Gürcüstan prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. 2013-cü il may ayının 8-də rəsmi açılış olub…

Dilqəm Əhməd

Foto: Mülkədar Rüstəmov

Yazı “Bakcell”in maliyyə dəstəyi ilə hazırlanıb

IMG_9170IMG_9166IMG_9164IMG_9147IMG_9142IMG_9140IMG_9131IMG_9128IMG_9125IMG_9121IMG_9120IMG_9119IMG_9118IMG_9107


Müəllif:

Oxşar xəbərlər