11 May 2022 10:45
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 12 kinematoqrafçısı Avropa Film Akademiyasının üzvü seçilib.

Akademiya 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb. Hazırda akademiyanın 4200 üzvü var. Bu üzvlük kinoda fəaliyyət göstərən bir çox sahələrə aiddir: prodüser, rejissor, ssenarist, operator, səs rejissoru, kino tənqidçisi, festival direktoru, aktyor və aktrisa.

Film Akademiyasına üzvlük və Azərbaycan kinosuna qazandıracağı dividentlərlə bağlı Teleqraf.com-un suallarını 12 kinematoqrafçıdan biri - əməkdar incəsənət xadimi, kinoperator, rejissor Rafiq Quliyev cavablandırıb.

“Kinomuzu ən azı Qırğızıstan, Qazaxıstan səviyyəsinə çatdırmalıyıq”

- Rafiq bəy, akademiyanın üzvlüyünə qəbul olunmağınız münasibəti ilə sizi təbrik edirik. Öncə onu soruşaq ki, bu, Mədəniyyət Nazirliyinin, yoxsa şəxsi təşəbbüsünüzlə reallaşıb?

- İndiyə kimi sözügedən akademiyada dünya dövlətlərinin, MDB-nin bir çox ölkələrindən olan sənət adamları iştirak edir, üzv kimi fəaliyyət göstərirdi. Təbii ki, Avropa Film Akademiyasının bu ölkələrlə əlaqələri güclüdür və bu ölkələrin sənət adamları, prodüser mərkəzləri film istehsalı ilə bağlı rahatlıqla Avropa Film Fondlarına müraciət edə bilirlər. Bir sözlə, onlara qapılar açıqdır.

Bizdə bu baxımdan həmişə məhdudiyyətlər olub. Əlbəttə, Azərbaycan “Avroimaj”ın ("Euvroimage" - Dəstək Fondu-red.) üzvü deyil. Ona görə filmlərimiz ölkə xaricinə çıxa, xaricdə öz tamaşaçısını tapa bilmir.

Təbii ki, əmtəə, pul dövriyyəsi problemi var. Belə deyək, dövriyyə işləmirdi. Unutmayaq ki, kino həm də biznesdir. Bütün bunları normallaşdırmaq üçün təbii ki, fərqli Avropa qurumlarında iştirakımız mütləq və zəruridi. Bu baxımdan ilk addım kimi Avropa qurumlarında Azərbaycan sənətçilərinin filmlərinin iştirakı, Azərbaycan sənətini, onun timsalında Azərbaycan kinosunu tanıtmaq, ən azı Qırğızıstan, Qazaxıstan səviyyəsinə çatdırmaq vacibdir. Bu bizim imkanlarımızı genişləndirəcək.

Mədəniyyət Nazirliyi tərəfindən ilk addım kimi məhz bu təklif olundu və Avropa Film Akademiyası ilə danışıqlar aparıldı. Keçən ilki danışıqların nəticəsi kimi bizim aparıcı sənət adamları akademiyaya üzv qəbul olundular.

Elə sənət adamları ki, onların bioqrafiyası, filmoqrafiyası, filmlərinin sayı, əcnəbi festivallarda uğurları, nominasiyalar üzrə qalibiyyətləri və sair kimi amillər Avropa Film Akademiyasının meyarlarına cavab verməli idi. Çünki akademiyanın müəyyən qəbul şərtləri var.

- Rafiq müəllim, şərtlər və tələblər nədən ibarətdir?

- Akademiyada iki seksiya üzrə şərtlər var: 36 yaşa kimi və 36-dan yaşdan yuxarı.

Yaradıcı insan kimi filmlərin ən yüksək festivallarda iştirak etməli, üzvlüyə təqdim etdiyi nominasiyalar üzrə qalib olmalı, bir sıra ölkələrdə filmlərini nümayiş etdirməli və sair. Yaradıcılığı bu meyarlara cavab verən sənət adamlarının bir neçəsini bizim nazirliyin kino şöbəsi onlara təqdim etdi. Təsdiq olunanların siyahısı bizə göndərildi.

- Güman ki, Mədəniyyət Nazirliyinin akademiyaya təqdim etdiyi namizəd siyahısında daha çox kino xadimlərinin adı olub. Bu barədə məlumatınız varmı?

- Onu deyə bilmərəm. Ola bilsin, daha çox adamın adı göndərilib, amma qəbul şərtlərə uyğun gerçəkləşib.

Sizə deyim ki, 20 gün əvvəl belə bir təsdiqin olacağı gözlənilirdi. Kimlərin adı təsdiq olunacaqdısa, akademiya tərəfindən onlara müraciət olunmuşdu. Sadəcə şərtləri bu idi ki, yalnız rəsmi məktub alandan sonra bu məqamı qabartmaqla özünüzü və bizim qurumun adını reklam edə bilərsiniz. Ona görə hər kəs gözləyirdi.

- Öncə Avropa Film Akademiyasına üzvlüyü qəbul edilən 11 nəfərin adı açıqlandı, bir gün sonra siyahıya rejissor Elçin Musaoğlu da əlavə olundu.

- Bu barədə məlumatım yox idi. Çox gözəl, Elçin bəyi və digər həmkarlarımı da təbrik edir, hamıya uğurlar arzulayıram. Bütün hallarda bu, fərdi dəyər olmaqla Azərbaycan kinosuna verilən qiymətdir.

- Rafiq bəy, bu, Azərbaycan kinosuna və kinematoqrafçılarına nə verəcək?

- Qapılar açılır. Əcnəbi tamaşaçılarla ünsiyyət üçün yeni şərait yaradılır. Həm Azərbaycan kinosuna, həm Azərbaycan sənətçilərinə əcnəbi tamaşaçı ilə ünsiyyət yaratmaq şansı verilir, onları tanıtdırır. Eyni zamanda bu, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün növbəti imkandır.

“Üzvlük haqqını ödəmək isə hər kəsin fərdi işidir”

- Akademiyanın illik üzvlük haqqı 225 avrodur. Hər halda təşəbbüs Mədəniyyət Nazirliyindən irəli sürülsə də, bu məbləğin ödənilməsi fərdi olacaq...

- Bəli, mən fərdi ödəcəyəm. Əslinə qalsa dünya kinosunda çalışan sənətçilərin maliyyə problemləri o qədər gözəçarpan olmadığına görə onlar üçün 225 böyük məbləğ deyil.

Qeyd edim ki, 36 yaşa qədər olan sənətçilər 100 avro, 36 yaşdan yuxarı sənətçilər isə 225 avro ödəməlidir.

36 yaşa qədər olan sənətçilər üçün qəbul meyarları da yüngülləşdirilmiş formadadır. Bu, başa düşüləndir. Üzvlük haqqını ödəmək isə hər kəsin fərdi işidir.

“Statusa cavab verən sənətçinin dəyəri daha yüksək olur”

- Razılaşaq ki, Azərbaycan reallığında bu, elə də kiçik məbləğ hesab olunmur...

- Elədir. Biz əgər gələcəyə yönəlik addımlar atırıqsa, onda bir çox məsələlərə qanunvericilik səviyyəsində diqqət yetirilməlidir. Azərbaycan kinosunun inkişaf proqramı ilə bağlı obyektiv amillərə diqqət yetirilməli və bəzi məsələlər qanunvericilik səviyyəsində həll olunmalıdır. Bu, həm də sənət adamlarının qonorarları ilə bağlıdır. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyində, kino icitmaiyyəti ilə bir neçə dəfə görüşlər olub, sənətçilər öz arzularını bildiriblər.

Adətən bir "planka" qoyulurdu: rejissor, operator və digərləri təyin olunmuş məbləğdə qonorar almalıdır. Və sənətçilər arasında fərq qoyulmurdu. Bax bu ona görədir. Statusa cavab verən sənətçinin dəyəri daha yüksək olur. “Direktor of fotoqraf” ilə kameraman arasında fərq olduğu kimi.

Yaxud əgər sən Gildiya üzvüsənsə, arxanda Gildiyanın vəkilləri dayanır və onlar sənin müəllif hüquqlarını qoruyurlar. Bizim üçün bu arzuolunan yüksəklikdir. Çalışacağıq ki, addım-addım o səviyyəni də, o mərhələni də dəf edək.

“Özlərini təsvir rejissoru kimi qeyd edirlər, absurddur...”

- Gildiyadan söhbət düşmüşkən, soruşmaq istəyirəm. Bir neçə il bundan öncə Operatorlar Gildiyası yaratmışdınız. Onun taleyi necə oldu?

- Onun taleyi yaxşı olmadı. Mən başa düşdüm ki, o gildiyanı yaratmağın vaxtı gəlib çatmayıb. Hələ sənətçilərimiz özünə dəyər verə, öz hüquqlarını qoruya bilmir. Biri digərinin mənafeyini başa düşmür, sənətin və sənətkarın mənafeyini ayağa verir. Ona görə geri çəkildim və ancaq fərdi yaradıcılığımla məşğul olmağa başladım.

Ümumiyyətlə çalışıram nəticəsi olmayacaq işə baş qoşmayım. Filmlərdə də belədir... Nəticəsi ürəyimcə olmayacaq filmdən imtina edirəm. Beş-altı belə filmim olub. Niyə? Çünki çəkdiyin filmləri tamaşaçı görməlidir. Təkcə Biləcəridən bu yanda göstərilməli deyil, həm də dünya festivallarında iştirak etməlidir.

Filmlərimin əksəriyyəti müxtəlif festivallarda iştirak edib, fərdi nominasiyalar üzrə yetərincə mükafatlar alıb. İstər rejissor, istər operator kimi... Çünki peşəkar qapını açıb otağa girməmiş otaqdan necə çıxacağı barədə fikirləşir. Səviyyə yoxdursa, sən ona vaxt itirməli deyilsən. Gildiya məsələsində də bu cür davrandım. Başa düşəndə ki, nəticə olmayacaq, vaxt sərf etməmək qərarına gəldim. Gildiya tək adamın deyil, komanda işidir.

Məni narahat edən bir məsələni də qeyd etmək istəyirəm. İndi kim film çəkirsə, özünü titrlərdə təsvir rejissoru kimi təqdim edir. Bu, düzgün fikir deyil. Birincisi, təsvir rejissoru yox, görüntü rejissoru... Əgər həmin şəxs bədii filmə rejissorla, rəssamla birgə quruluş versə, təsvirin müəllifinə çevrilə bilər. Sənədli filmlərdə də gənc operatorlar özlərini təsvir rejissoru kimi qeyd edirlər. Bu, absurdur.

Və yaxud deyirlər ki, Mədəniyyət və İncəsənət Universitetində ixtisasın adı təsvir rejissoruna dəyişdirilsin. Universiteti bitirən tələbəyə təsvir rejissoru statusunu vermək olmaz. Ən yaxşı halda kameraman və videoqraf olmalıdır. Təsvir rejissoru o zaman olur ki, o, konkret, bitkin kompozisiya üzərində rejissor yozumunun ifadəsinə işləyir və yozumun sərrastlığını təsvir, görüntü vasitəsilə qabardır. Texnologiyalardan istifadə edərək ən ifadəli formalar üzərində işləyir. Təsvir, görüntü rejissoru bu deməkdir.

- Kino terminləri zaman-zaman gündəmə gəlir. Bu pərakəndəliyi necə aradan qaldırmaq olar?

- Bu, ancaq qanunvericilik səviyyəsində həll olunmalıdır. Kino haqqında qanunu işləyərkən bütün bunlar sənəddə öz əksini tapmalı və birdəfəlik təsbit olunmalıdır ki, pərakəndəliyə yol verilməsin.O nun icraatı güman ki, bundan sonra Azərbaycan Respublikası Kino Agentliyinə veriləcək.


Müəllif: Nərmin Muradova