24 May 2022 09:05
1 856
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müharibədə iştirak etmiş qazilərin bəziləri ilə görüşüb danışmışam. Onlar müharibədən çox danışmağı sevmirlər. Müharibədən orada iştirak etməyən, amma onun barəsində əsər yazmağı, film çəkməyi düşünənlər çox danışır. Biz danışırıq...”

Bu sözləri əməkdar artist Sənubər İsgəndərli Teleqraf.com-un suallarını cavablandırarkən deyib.

Maraqla qarşılanan “Müharibənin qadın üzü yoxdur” video-tamaşasından söz açan aktrisanın fikrincə, müharibəni döyüşsüz, amma elə səhnələrlə göstərmək mümkündür ki, onu bütünlüklə hiss edə bilərsən.

- Bu tamaşa 4.4 Qısa Tamaşalar Festivalına təqdim edilmək üçün hazırlanmışdı. Rejissoru Emil Əskərovdur. Mövzu hər birimizin ürəyinə, canına yaxındır. Hamımızın içindən keçən bir mövzudur – müharibə.

Festivalın qaydalarına əsasən, iştirakçılar tamaşalarını video-formatda təqdim etməli idi. Gənc rejissor Emil Əsgərov Nobel mükafatçısı, beloruslu araşdırmaçı-yazıçı Svetlana Alekseyeviçin “Müharibənin qadın üzü yoxdur” əsəri əsasında hazırlayıb. Emil tamaşa barədə fikirlərini mənə danışdı, mən də onunla razılaşdım. Əsər də məni tutdu.

İndi çox deyirlər ki, müharibəyə həsr olunan filmlər çəkilmir. Yaxud niyə çəkilmir? Elə bilirik ki, az yazırıq, az danışırıq, az müraciət edirik. Bizə belə gəlir. Amma nə qədər az müraciət etsək də, o, hamımızın ürəyindədir.

Tamaşada oynadığım qadın müharibədən danışır. Biri var müharibəni yaşamaq, biri də var onun haqqında danışmaq. Bunlar fərqli nüanslardır. O hisləri, o həyəcanı heç nəylə ötürmək, heç bir sözlə ifadə etmək olmaz. Ona görə çox danışmaq istəyirik. Düşünürük ki, danışdığımız bir saat ərzində o hissin bəlkə bir dəqiqəsini ötürə bilərik. Bu səbəbdən bacardığımız qədər danışmağa çalışırıq. İçimiz susmur. Ruhumuz susmur...

Əminəm, bu rol hansısa aktrisaya təklif olunsaydı, məmnuniyyətlə oynayardı. Eyni ilə də mən. Çünki mənim üçün onun festivalda nümayişinin heç bir önəmi yox idi. Yəni siz də bilirsiniz ki, mənim festivallarda iştirak edən vaxtım deyil. Bundan sonra nəyi təsdiq etməliyəm? 37 ildir səhnədəyəm... Sadəcə həqiqətən mən danışmaq istəyirdim. Bizim səngərimiz səhnədir, sözdür.

- Bu, İkinci Qarabağ Müharibəsi ilə bağlı ilk işiniz idi?

- Əvvəllər də bu mövzularda tamaşalar oynamışam. Qələbədən sonra, bəli, bu ilk işim idi. Müraciətlər almamışdım. Olsaydı böyük məmnuniyyətlə... Bilirsiniz ki, bizim sənət asılı sənətdir. Bizə gərək rol təklif olunsun. Təklif alsam, yenə böyük məmnuniyyətlə razılaşaram.

Bu yaxınlarda “Köhnə çamadanlar” adında bir filmə baxdım. Mənə çox təsir etdi. Böyük əmək sərf olunub. Aktrisalarımız da ağrını-acını böyük sənətkarlıqla göstəriblər. Onlara halal olsun.

- Azərbaycan kinematoqrafiyasında kişilər həmişə öndə olub, qadınlar arxa fonda qalıb. “Köhnə çamadanlar” filmində qəhrəmanların qadınlar olması, sizin də oynadığınız tamaşada müharibənin qadın üzünün nümayişi daha çox diqqətə layiqdir. Bu baxımdan müharibədə qadınlar mövzusunda fikirlərinizi bilmək istəyirəm.

- Təbii ki, ön cəbhəyə kişilərimiz gedib. Amma azmı qadınlarımız əsir düşdü? Qadınlarımızın əzabı heç də kişilərdən az olmadı. Ümumiyyətlə, müharibədə xalqımızın çox əzab-əziyyətlə üzləşdi. Bu, bəzilərinin bədənində, bəzilərinin ürəyində yara açdı. Bir sözlə, müharibə əzabı heç kəsdən yan keçmədi. Qadınlarımız da öz yerində.

Bu mənada mənim üçün xoş oldu ki, tamaşa məhz qadınların baxış bucağını ifadə etdi. Və bu işdə mənim də əməyim var.

Vacib deyil, müharibədən bəhs edən bütün filmlərdə böyük döyüş səhnələri nümayiş olunsun. Müharibəni döyüşsüz, amma elə səhnələrlə göstərmək mümkündür ki, bütünlüklə onu hiss etdirə biləsən. Dünya kinematoqrafiyasında bununla bağlı nümunələr çoxdur. “Pianoçu”, “Şindlerin siyahısı”... Orada döyüş səhnələri yoxdur, amma o qədər acılı səhnələr var ki, insanın iliyinə işləyir.

Onsuz da müharibəni tam miqyası ilə əks etdirmək mümkün deyil. O hisləri, həyəcanı sözə təsvirə çevirmək çətindir. Amma gənc nəsillər üçün bunlar qalmalıdır.

Siz yəqin diqqət etdiniz, mən tamaşada emosiyasız danışıram. Donmuş simamla... Mənə elə gəlir ki, emosiyalarla tamaşa qurulsaydı, bu qədər təsiri olmayacaqdı. Və bunu da rejissor düzgün seçmişdi.

İşdən böyük zövq aldım. Onu da deyim ki, tamaşada Akademik Dram Teatrının rəhbəri Azər Paşa müəllimin də əməyi var.

- Yeri gəlmişkən, Akademik Milli Dram Teatrında 44 günlük vətən müahribəsinə həsr olunan “Zəfər yolu” tamaşası hazırlanır. Siz həmin tamaşada çıxış edirsinizmi?

- Bəli, teatrımızda “Zəfər yolu” tamaşası hazırlanır. Sadəcə, tamaşada oynamadığıma görə daha ətraflı məlumat verə bilməyəcəm. Yeni yazılmış əsərdir.

Azər Paşa müəllimin quruluşunda böyük heyətlə hazırlanan tamaşa mayın 28-də təqdim ediləcək. Mən də sizin kimi tamaşaçı olacam.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər