“Azərbaycanfilm” kinostudiyasının nəzdində Ekspert Şurasının yaradılması və həmin şuranın sədri olmağımla bağlı xəbəri bir az öncə eşitdim. Sevinirəm, eyni zamanda bu, böyük məsuliyyətdir.
Bu sözləri əməkdar incəsənət xadimi Ayaz Salayev Teleqraf.com-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan kinosu mədəniyyətimizin bir hissəsidir: “Məsuliyyətimi dərk edirəm. Çalışacam fəaliyyətimizi bu baxımdan quraq, təkcə müsabiqələr deyil, həmçinin çəkilən filmlər də nəzarətimiz altında olsun”.
Ayaz Salayev Ekspert Şurasının digər üzvlərinə də diqqət çəkib: “Ekspert Şurasında təmsil olunanların hər biri gözəl, yaradıcı şəxsiyyətlərdir. Şadam ki, bu cür insanlarla işləyəcəm. O ki qaldı şuranın iş mexanizminə, bu barədə bir aydan sonra daha ətraflı danışa bilərik”.
Qeyd edək ki, bu gün “Azərbaycanfilm” kinostudiyası nəzdində Ekspert Şurası yaradılıb. Məqsəd dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin, digər audiovizual əsərlərin istehsalı, ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini həyata keçirməkdir.
Beş nəfərdən ibarət Şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə tapşırılıb. Şuranın üzvləri Xalq artisti Mehriban Zəki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar incəsənət xadimi Əli Əmirli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünas Nadir Bədəlov, ssenarist İsmayıl İmandır. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.