İstanbulda “Suriya həqiqətində Orta Şərq türkmənləri” mövzusunda toplantı keçirilib. APA-nın Türkiyə bürosunun verdiyi məlumata görə, Türk Dünyası Araşdırmaları Vəqfi Süleymaniyyə kürsüsünün təşkil etdiyi toplantıda çıxış edən Milliyyətçi Hərəkat Partiyasınıdan olan millət vəkili Məhmət Şandır bölgədə türk mənşəli etnik kimliklərin etnik təmizləməyə məruz qoyulduğuna diqqəti cəlb edib:
”Əgər biz Orta Şərq regionundakı türk etnik kimliyini qoruyub saxlaya bilməsək, Türkiyənin növbəti 15 ilə ərazi bütövlüyünü qoruya bilmədən girəcəyi təhlükəsini yaşayacağıq. Türkiyə, Suriya və İraqdakı etnik mənşəli üsyanların hədəfi Türkiyənin unitar strukturunu pozmaqdır”.
MHP millət vəkili Türkiyədəki digər siyasi qüvvələri və QHT-ləri Orta Şərq bölgəsində türk kimliyinin qorunub-saxlanmasında əməkdaşlığa çağırıb.
Toplantının sonunda natiq dinləyicilərin suallarını cavablandırıb.
Qeyd edək ki, Süleymaniyyə kürsüsü 1989-cu ildə Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı, professor Turan Yazqan tərəfindən yaradılıb. Kürsü hər həftənin şənbə günü toplantlar keçirib, gündəmdəki məsələləri müzakirə edir.