Mingəçevir Teatrında yaşanan qalmaqalla bağlı Teleqraf.com-un suallarını teatrın baş rejissoru Vüsal Mehrəliyev cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Vüsal bəy, sosial şəbəkələrdə sizinlə Mingəçevir Teatrının direktoru arasında qalmaqal yaşandığı, teatrda mövcud olan “Ölü canlar”a etiraz etdiyiniz iddia olunur.
- Bu məsələ fesybukda bir az şişildilib. Mənim teatrdakı "ölü canlar"la bağlı etirazım yeni deyil, yeddi ay bundan qabaq teatrın rəhbərliyinə, nazirliyə müraciət etmişəm ki, bu məsələ həll olunsun. Məsələnin indi belə qabardılmasının səbəbini bilmirəm. Yenə deyirəm, mən bura təyin olunanda “Ölü canlar” məsələnin həll olunmasını istəmişəm.
- Və məsələ indiyə qədər həll olunmayıb...
- O vaxtdan məsələnin həlli yollarını axtarırlar. Bu gün də konkret göstəriş verildi ki, problem həll olunmalıdır.
- Gəlin aydınlıq gətirək, "ölü canlar" kimlərdir? Bir neçə ay öncə aktrisa Ella Yaqubova saytımıza müsahibəsində teatrın direktoru tərəfindən işdən ədalətsizliklə çıxarıldığını və teatrda “ölü canlar”ın, yəni işləməyən işçilərin olduğunu bildirmişdi.
- Mən Ella xanımı işə qaytardım. Hazırda o, teatrda çalışır. Bilirsiniz, bu ifadə mən teatra dəvət olunmamışdan öncə yaranmışdı və mediada da hallanırdı. Hazırda teatrda 12-13 nəfər yerində olmayan adam var.
Mən nə işə adam götürürəm, nə də işdən çıxarıram. Mənim əlimdə belə bir səlahiyyət yoxdur.
Durum belədir ki, hazırda həmin şəxslər aktyor ştatında olub özləri rekvizit, kostyum, dekorasiya sexində işləyirlər. Mən də istəyirəm ki, o adamlar öz ixtisasları, peşələriylə bağlı ştatda çalışsınlar.
- O sahələr üzrə ştat yoxdurmu ki, belə bir hal yaranıb?
- Ştat var. Həmin adamlar öz ştatlarına keçsələr, biz lazımlı aktyor, rejissorları ştata dəvət edə bilərik.
- Ştata işçiləri kim götürüb?
- Direktor. Bu mənə və indiki direktora qədər baş vermiş haldır. Dünən teatrın direktorunu da, məni də Mədəniyyət Nazirliyinə dəvət etmişdilər.
- Nazirlik son olaraq nə dedi?
- Nazirlik bu məsələnin mediaya necə sızması barədə maraqlandı. Məlumatsız olduğumu dedim. Bildirdim ki, bu məsələ mediada çoxdan hallanır. Son qərar o oldu ki, həmin ştatlar təmizlənəcək və hərəni qaytarıb öz yerinə qoyacaqlar.
- Sizin maaş azlığından teatrda yaşadığınıza dair də fikirlər səsləndi. Bu həqiqətdirmi?
- Mən Mingəçevir şəhərində kirayədə qalıram. Bir evdən digər evə köçən müddətdə bir gün məcburən öz istəyimlə teatrda qaldım. Mingəçevir balaca şəhərdir və bunu hamı bildi. Hazırda bundan piar kimi istifadə edirlər. Mən baş rejissor kimi 430 manat maaş və bir neçə aydır ki, Prezident mükafatı alıram. Teatr rəhbərliyi mənə kirayə ev tutub.
- Yəni bu sizi qane edir?
- Heç vaxt qane etməyib. Amma birtəhər dolanırıq. Sənətlə məşğul oluruq.
- Sənətlə məşğul olmaq üçün yaradıcı mühit olmalıdır. Hadisələr onu göstərir ki, siz də yorulmusunuz, mübarizə apara bilmirsiniz.
- Mən mübarizə aparmaq yox, sadəcə yaradıcılıqla məşğul olmaq istəyirəm. Mübarizə aparmağa nə vaxtım, nə həvəsim, nə də hövsələm var. Nazirlikdə də bunu bildirdim. Mən yalnız və yalnız tamaşa hazırlamaq istəyirəm və mənə başqa heç nə lazım deyil.